Vergiler.az

Elektron qaimə-faktura vergidən yayınmanın qarşısını alır, şəffaflığı təmin edir

 

2017-ci ilə qədər sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı qaimə-fakturalar kağız formasında tətbiq olunurdu. Əməliyyatların şəffaflaşdırılması, rəsmiləşmə prosedurunun sadələşdirilməsi, operativliyin təmin edilməsi, inzibatzılıq xərclərinin azaldılması və sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınması məqsədilə ütən il Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edildi.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə elektron qaimə-fakturanın tətbiqinə başlanılması üçün hüquqi baza yaranıb. Nazirlər Kabinetinin  14 mart 2017-ci il tarixli 89 nömrəli qərarına əsasən, «Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları» təsdiq edilib. Həmin Qaydaların 3-cü bəndi ilə elektron qaimə-fakturanın təsdiq edilmiş forma və rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada uçotunun aparılması və tətbiqi Vergilər Nazirliyinə tapşırılıb.

Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim olunmuş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il aprelin 1-dən, digər vergi ödəyiciləri isə 2018-ci il yanvarın 1-dən elektron qaimə-faktura təqdim edirlər.

 

E-qaimə-faktura

necə hazırlanır?

Vergi ödəyiciləri elektron qaimə-fakturaları iki üsulla hazırlaya bilərlər. Birincisi, «Elektron imza»dan istifadə etməklə onlayn rejimdə. Ödəyici bu zaman İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) «Onlayn kargüzarlıq və e-VHF» bölməsini seçərək «Elektron qaimə» altbölməsinə daxil olur və onlayn rejimdə elektron qaimə-fakturanı tərtib edir və digər vergi ödəyicisinə təqdim edir. İkinci üsul oflayn rejimdir: vergi ödəyicisi elektron qaimə-fakturanı tərtib etmək üçün xüsusi proqram təminatını («Elektron Faktura Tərtibatı Proqramı - eFP») İnternet Vergi İdarəsinin «e-Qaimə-faktura» bölməsinin «Lazımlı proqramlar» altbölməsindən öz kompüterinə yükləyir, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını oflayn rejimdə «Asan DOC client» və ya «e-İmzalayıcı» proqramların biri vasitəsilə imzalayır. İstifadəçi paket faylını «Asan DOC» portalı vasitəsilə də imzalaya bilər. Sonda gücləndirilmiş elektron imza vasitəsindən («ASAN imza» və ya «Elektron imza») istifadə etməklə İnternet Vergi İdarəsinin «Onlayn kargüzarlıq və e-VHF» bölməsini seçib «Elektron qaimə» altbölməsinə daxil olur və imzalanmış «adoc» və ya «edoc» tipli faylı «Paket göndər» düyməsi vasitəsilə sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya və nömrələr verilir və qarşı tərəfin elektron qutusuna göndərilir.

 

Maarifləndirmə və təbliğat

Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktorunun müavini Elçin Məmmədov elektron qaimə-fakturanın tətbiqi ilə bağlı vergi ödəyicilərinin hazırlıq səviyyəsini şərh edərək bildirib ki, e-qaimə fakturanın tətbiqinə başlanmazdan əvvəl vergi ödəyicilərinə xidmət strukturları tərəfindən maarifləndirici və məlumatlandırma-izahedici tədbirlər həyata keçirilib, vergi ödəyicilərinə xidmət mərkəzlərində bununla  bağlı yarana biləcək sualların aradan qaldırılmasına zəruri kömək göstərilməsinə başlanıb: «2017-ci ilin yanvar ayından maarifləndirmə işləri çərçivəsində müxtəlif informasiya kanallarının imkanlarından istifadə olunub. Nazirliyin «195-1» Çağrı Mərkəzi və digər xidmət strukturları vasitəsilə ödəyicilərin elektron qutularına məktublar göndərilib. Həmin məktublarda e-qaimə fakturanın tətbiqi ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər, onun tətbiqi və tərtibi qaydalarına dair izahedici məlumatlar, onun ödəyici üçün əhəmiyyəti, e-qaimə-faktura tətbiq olunmadığı halda nəzərdə tutulan məsuliyyət və digər informasiyalar əksini tapıb və sahibkarlara risklərin yaranmaması və onların maliyyə itkilərinə məruz qalmaması üçün qanunvericiliyin tələblərinə əməl etmələri tövsiyə olunub. E-qutulardakı məktubları oxumayan ödəyicilərə SMS-lər göndərilib. Regionlarda keçirilən silsilə görüşlərdə vergi ödəyicilərinə e-qaimə-faktura barədə geniş məlumatlar verilib, onların sualları ətraflı cavablandırılıb».

Qeyd edilib ki, vergi ödəyicilərinin məlumatlandırılması üçün Vergilər Nazirliyinin multimedia resurslarının, o cümlədən taxes.gov.az veb saytının və sosial media resurslarının imkanlarından geniş istifadə edilib: «Böyük auditoriyaya malik «Facebook», «Twitter» sosial şəbəkələrində, «Youtube» hostinqində istifadəçilər arasında mütəmadi olaraq təbliğat işləri aparılıb. Bundan başqa, nazirlik ilə ATV kanalının birgə layihəsi olan «İqtisadi zona» verilişində ödəyicilərin maarifləndirilməsi üçün materiallar verilib. Nazirlik tərəfindən e-qaimə-faktura haqqında praktiki vəsait hazırlanıb və internet saytında yerləşdirilib».

E.Məmmədov elektron qaimə-fakturanın sahibkarlar üçün üstünlüklərini də vurğulayıb: «Sahibkarlar bilməlidirlər ki, elektron qaimə-fakturanın tətbiqi vergi ödəyicilərinin özləri üçün də mühüm əhəmiyyət daşıyır. Ən böyük üstünlük qaimə-fakturaların mətbəələrdə sifariş edilməsi və hazırlanması ilə əlaqədar xərclərin və vaxt itkisinin azaldılmasıdır. Nəticədə mətbəəyə müraciət etmədən, əlavə vaxt itkisinə yol vermədən, birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim etmək mümkündür».

 

Müşahidələr göstərir ki...

Ərazi vergi orqanları ilə iş üzrə departamentin baş direktorunun müavini, Büdcə proqnozlarının icrasına nəzarət idarəsinin direktoru Nəsib İsgəndərovun sözlərinə görə, ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ötən ilin aprel ayının 1-dən mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir: «2017-ci il ərzində 7841 əlavə dəyər vergisi ödəyicisi tərəfindən 4.479.153 elektron qaimə-faktura təqdim olunub. Bu əməliyyatların ümumi dəyəri 23.520,7 milyon manatdan artıqdır. Aparılan təhlillər göstərir ki, ƏDV ödəyiciləri tərəfindən elektron qaimə-fakturaların təqdim edilməsində elə bir ciddi problem ortaya çıxmasa da, cari ilin yanvar ayının 1-dən etibarən e-qaimə-faktura təqdim etməli olan sadələşdirilmiş vergi ödəyiciləri hələ buna alışmayıblar və onların çoxu əvvəlki kimi e-qaimə-faktura təqdim etmədən fəaliyyət göstərirlər ki, bu da ciddi qanun pozuntusudur. Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri də vergilərdən azad olmalarına baxmayaraq, onlar tərəfindən də malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı e-qaimə faktura təqdim edilməlidir. Bölgələrdə fəaliyyət göstərən bəzi istehsalçılar fikirləşə bilər ki, bazara quş əti, yumurta, süd, qatıq çıxarıramsa, e-qaimə-faktura təqdim etməməliyəm. Bu, qətiyyən belə deyil və regionlarda qida, o cümlədən quşçuluq, heyvandarlıq, südçülük məhsullarının istehsalçıları bazara çıxardıqları malların e-qaimə-fakturasını verməlidirlər.

Ailə-kəndli təsərrüfatı ilə məşğul olan şəxslər isə fərdi sahibkar hesab edilmədiyindən, onlardan e-qaimə-faktura tələb olunmur. Həmin sənədlərin təqdim edilməsi fərdi sahibkarlar və hüquqi şəxslərə aiddir. Amma bu sahədə də müvafiq araşdırmaların aparılmasına ehtiyac var, onların arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin olub-olmaması müəyyən edilməlidir. Bu, mürəkkəb prosesdir, həmin şəxslərin fəaliyyəti, dövriyyəsi müəyyənləşdirilməli və bundan sonra vergi ödəyicisi kimi qeydiyyata alınması təmin olunmalıdır».

 

Ödəyicilər dürüst uçot sistemi

qurmağa ciddi yanaşmalıdırlar!

Bəzi vergi ödəyiciləri e-qaimə-fakturanı təqdim etməkdən niyə boyun qaçırırlar? Bəlkə hesab edirlər ki, bu sənədi tərtib etmək prosedurları çətindir, yaxud sənədlərin göndərilməsi rejimi  mürəkkəbdir?

Vergi risklərinin təhlili və nəzarəti departamentinin Bəyannamələr idarəsinin direktoru Vüqar Əliyevin sözlərinə görə, e-qaimə-fakturanı tərtib etmək elə də çətin deyil. Sadəcə, bir çox ödəyicilər hələlik buna diqqətlə yanaşmırlar: «Vergi ödəyicilərinin e-qaimə-faktura təqdim etməməsinin müxtəlif səbəbləri var. Başlıca səbəb bəzi vergi ödəyicilərinin dürüst uçotunun olmaması və mühasibatı düzgün qurmaq istəməmələri ilə bağlıdır: «Ödəyici nə özü sənədi təqdim edir, nə də ondan mal alan şəxslərin e-qaimə-faktura təqdim etməsinə imkan verir. Hər iki tərəf dövriyyələrini gizlətmək üçün buna əl atır. Çünki e-qaimə-faktura sayəsində vergi ödəyicisinin bütün fəaliyyəti, onun gün, ay və il ərzində apardığı hər bir əməliyyat öz əksini tapır».

E-qaimə-fakturanın tətbiqi sahibkarlıq subyektlərində mühasibatın formalaşdırılmasını da zəruri edir. Hazırda bir sıra sadələşdirilmiş vergi ödəyicilərinin mühasibləri yoxdur, vergi bəyannamələrinin tərtib olunmasında onlara özəl vergi məsləhətçiləri kömək edirlər. Amma əslində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir şəxsin mühasibi olmalıdır.

 

E-qaimənin sahibkarlar üçün

böyük üstünlükləri var

V.Əliyevin sözlərinə görə, elektron qaimə-fakturanın tətbiqi ilk növbədə ödəyicilərin özləri  üçün faydalıdır: «E-qaimə-faktura inzibatçılıq xərclərinin aşağı salınmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Elektron qaimə-fakturanın tətbiqi sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşməsi və xərclərin təsdiqedici sənədlərə malik olması deməkdir ki, bu da, şübhəsiz, vergi orqanları ilə yaranan bir çox mübahisələrin qarşısının alınmasına xidmət edir».

Sahibkarların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunması bu sahədə vahid elektron baza formalaşdırır və bu da iş adamları arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə kömək edir.

 

Cəza tədbirləri ilə üzləşməmək

üçün qanuna əməl etmək lazımdır

Elektron qaimə-fakturaya etinasız yanaşan sahibkarlar bununla sanksiyalara məruz qalmayacaqlarını düşünməməlidirlər. Çünki qanunla müəyyən edilmiş öhdəliklərə riayət olunmadığına görə elektron qaimənin tətbiqindən yayınan sahibkarlar üçün çox ciddi  cəza mexanizmi mövcuddur. Yəni səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsindən ən azı biri olmadıqda alıcı təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi  miqdarında maliyyə sanksiyası ilə üzləşəcək. Lakin vergi orqanının məqsədi ödəyicilərə cərimə və sanksiyalar tətbiq etmək yox, sahibkarların və dövlətin iqtisadi maraqlarının qorunması, düzgün və şəffaf fəaliyyətin təmin olunmasıdır.

Vergi orqanı əməkdaşları ödəyiciləri yeni tətbiq olunan qaydalara riayət etməyə çağırır, onları qanunla müəyyən edilmiş öhdəlikləri yerinə yetirməyə dəvət edir. Vergi orqanlarının apardığı məlumatlandırma və maarifləndirmə işlərinin məqsədi də vergi ödəyicilərini dürüst uçot və düzgün mühasibat qurmağa təşviq etməkdir. 

Elbrus CƏFƏRLİ