Vergiler.az

Əldə olunan uğurların əsas şərti xalq-iqtidar birliyidir

 

İclasda giriş nitqi ilə çıxış edən dövlətimizin başçısı bildirib ki, 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə verib: «Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Belə bir mənzərə ilə üzləşərək əlbəttə ki, dünya ictimaiyyəti narahatlıq hissi keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq, bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir».

Dövlətimizin başçısı qeyd edib ki, ötən il iqtisadi sahədə çox böyük uğurlar əldə olunub: «Mən bu tezisi elə ilin əvvəlində bəyan etmişəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ili olmalıdır. Belə də oldu və bunu mötəbər beynəlxalq maliyyə qurumları da, mötəbər təşkilatlar da təsdiqləyir və qeyd edir. Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da böyük nəticədir, böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarıbdır».

Ötən il ölkədə ümumi daxili məhsulun artdığına diqqət çəkən Prezident İlham Əliyev bunu iqtisadi inkişafın mühüm elementi kimi qeyd edib. «Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. Bizim valyuta ehtiyatlarımız artıb. Keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilmişdir. O layihələr böyük pul tələb edir. Buna baxmayaraq, 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında öncül yerlərdən birini tutur. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir».

Dövlətimizin başçısı qeyd edib ki, 2017-ci ildə ixrac 19 faiz artıb, qeyri-neft ixracı isə 24 faiz yüksəlib: «İdxal isə təqribən cəmi 1 faiz artmışdır və bu da təbiidir. Çünki, ilk növbədə, Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Beləliklə, idxalın sabit səviyyədə qalması hesab edirəm ki, çox böyük nəticəmizdir. Ticarət balansımızın müsbət saldosu isə 6,2 milyard dollardır. İqtisadiyyatçılar yaxşı bilirlər ki, bu, çox gözəl göstəricidir. Əminəm ki, bu il və bundan sonrakı illərdə bizim saldomuz həmişə müsbət olacaq. Hesab edirəm ki, fərq daha da böyük olacaq və beləliklə, makroiqtisadi vəziyyətimizin yaxşılaşdırılması, manatın məzənnəsinin sabit səviyyədə saxlanması üçün bu, çox mühüm amillərdən biridir».

Regionların inkişafının daim diqqət mərkəzində olduğunu bildirən Azərbaycan Prezidenti 2017-ci ildə ölkədə 221 min yeni iş yeri açıldığını və onların 177 mininin daimi iş yeri olduğunu vurğulayıb: «Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir. Onu da qeyd etməliyəm ki, keçən il 47 min iş yeri bağlanmışdır. Bu da təbii prosesdir. Ancaq, eyni zamanda, biz ciddi təhlil aparmalıyıq, görməliyik ki, hansı səbəblər üzündən 47 min iş yeri bağlanmışdır. Ancaq bununla belə 177 min daimi iş yerinin açılması, 47 min iş yerinin bağlanması yenə də burada da müsbət saldonu təmin edir və beləliklə, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması üçün yaxşı imkanlar yaradır. Qeyd etməliyəm ki, ilin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir».

Regionlarda infrastruktur layihələrinin icrası üçün böyük vəsait ayrıldığını, elektrik təchizatının yaxşılaşdığını deyən dövlət başçısı ölkənin 93 faizinin qazlaşdırıldığını, 2018-ci ildə dövlət büdcəsində qazlaşdırma üçün əlavə vəsait nəzərdə tutulduğunu xatırladıb. Eyni zamanda, 2017-ci ildə 1300 kilometr avtomobil yolunun salındığını, 500-dən çox kənddə yeni yolların inşa edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, sosial infrastrukturla bağlı çox ciddi addımlar atılıb - 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. İki Olimpiya İdman Kompleksi istifadəyə verilib.

Məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində olduğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, bu baxımdan 2017-ci il də əlamətdar olub: 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilib: «Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq. Eyni zamanda, 2017-ci ildə Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb».

2017-ci ildə energetika sahəsində tarixi hadisələr baş verdiyini diqqətə çatdıran dövlətimizin başçısı «Azəri-Çıraq-Günəşli» yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılmasının əhəmiyyətinə toxunaraq bildirib ki, bu saziş imkan verəcək ki, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulsun: «Burada söhbət on milyardlarla dollardan gedir. Əlbəttə ki, bu investisiyalar iqtisadiyyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yeni yerli müəssisələrin yaradılması nəzərdə tutulur. Əlbəttə, neft hasilatının sabit saxlanması imkan verəcək ki, biz öz iqtisadi inkişafımızı planlaşdıraq və tədricən bundan sonra da neftdən asılılığı azaldaq. Son iki il ərzində biz buna demək olar ki, böyük dərəcədə nail olmuşuq. «Azəri-Çıraq-Günəşli» kontraktının müddətinin uzadılması bizə sərmayədən başqa digər önəmli dividendlər gətirir. İlk növbədə, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə qalacaq. Deyə bilərəm ki, bu da gənc, müstəqil ölkə üçün xarici investorlarla neft sahəsində əldə edilmiş ən gözəl nəticədir. Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR layihənin operatoru kimi bu işdə digər tərəfdaşlarla birlikdə iştirak edəcək və kontraktın uzadılmasına görə, baxmayaraq ki, xarici investorlar on milyardlarla dollar sərmayə qoyacaqlar, ondan əlavə 3,6 milyard dollar səkkiz il ərzində bərabər hissələrlə bizə bonus kimi veriləcəkdir».

Azərbaycan Prezidenti qeyd edib ki, ötən il Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilib: «İlin əvvəlində üçüncü dəfə «Cənub Qaz Dəhlizi»nin Məşvərət Şurasının toplantısı Azərbaycanda keçirilmişdir. Bütün lazımi məsələlər müzakirə olundu və il ərzində layihənin icrası təmin edilmişdir.

Son məlumata görə, «Şahdəniz-2» layihəsinin icrası 99 faizə çatıbdır, demək olar ki, yekunlaşıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir.

Bu, artıq onu göstərir ki, Cənub Qaz Dəhlizi reallaşıb. TAP layihəsinə gəldikdə isə, orada da işlər demək olar ki, qrafik üzrə gedir. Bilirsiniz ki, TAP layihəsində Azərbaycan əsas paya malik deyil. Bizim orada 20 faiz payımız var, amma biz iştirak edirik. Mənə verilən məlumata görə, o layihənin icrası 60-62 faiz səviyyəsindədir».

2017-ci ildə nəqliyyat sahəsində önəmli addımların atıldığını, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının mühüm hadisə olduğunu deyən dövlətimizin başçısı bu layihənin əhəmiyyətinə diqqət çəkib: «Bu yol Bakıdan başlanır. Təsadüfi deyil ki, təntənəli açılış mərasimi Azərbaycanda keçirilmişdir. Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib. Bilirsiniz ki, Azərbaycan bu yolun icrasında ən böyük maliyyə yükünü öz üzərinə götürmüşdür. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir».

Çıxışında Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinə də toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın prinsipial mövqeyi ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq dəstək qazanan mövqedir: «Onlardan biri Dağlıq Qarabağda separatçı rejim tərəfindən keçirilmiş qanunsuz «referendum»un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar «referendum»un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır. Bilirsiniz ki, ilin sonunda Avropa İttifaqının «Şərq tərəfdaşlığı» Zirvəsində qəbul edilmiş Bəyannamədə də «Şərq tərəfdaşlığı»na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənmişdir. Bu, işğalçı Ermənistana növbəti zərbə olmuşdur. Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar. O da həqiqətdir ki, hazırda Avropanın özü separatizmdən əziyyət çəkir və görür ki, separatizm nədir. Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilmişdir. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılmışdır. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma tətbiq olunmalıdır. Biz həmişə bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir».

Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycanda «İslam Həmrəyliyi İli» kimi də yadda qaldığını vurğulayıb: «Bu qərar bir daha onu göstərir ki, biz öz tarixi, dini köklərimizə bağlıyıq. Nəinki ölkə ərazisində İslam həmrəyliyi təmin edilir, bütövlükdə bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Biz istəyirik ki, bu tendensiyalar bölgəmizdə və dünyada daha da güclənsin. İl ərzində həm Azərbaycanda, həm də xaricdə keçirilmiş bir çox tədbirlər göstərir ki, bu qərar - 2017-ci ili «İslam Həmrəyliyi İli» elan etməyimiz İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu. Son önəmli tədbir - dekabrın axırında Bakıda beynəlxalq konfransın keçirilməsi və bu konfransda dünya liderlərinin təbrik məktubları, yüksək səviyyəli qonaqların iştirakı bir daha göstərir ki, Azərbaycan dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəz­olunmaz ölkəyə çevrilir».

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev rəhbərlik etdikləri sahələrdə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə dövlət başçısına hesabat xarakterli məlumat veriblər.

İclasda yekun nitqi söyləyən Prezident İlham Əliyev 2018-ci ildə makroiqtisadi vəziyyətin və sabitliyin təmin olunması üçün qarşıya qoyulmuş tədbirlərin davam etdirilməsinin vacibliyinə toxunub. Qeyd edib ki, makroiqtisadi sabitlik hər bir ölkə üçün önəmli amildir: «Əminəm ki, bu müsbət meyillər 2018-ci ildə daha da güclənəcək. Manatın məzənnəsi sabitdir. Qeyd etdiyim kimi, 6,2 milyard dollar müsbət saldomuz makroiqtisadi sabitlik üçün çox önəmli amildir. Biz çalışmalıyıq ki, Neft Fondunun gəlirlərini artıraq. Ümumiyyətlə, bizim valyuta ehtiyatlarımız, Dövlət Neft Fondunun valyuta ehtiyatları ildən-ilə artır. Əlbəttə, bu, bizə imkan verəcək ki, ölkə qarşısında duran önəmli layihələr üçün vəsait ayıraq və ölkəmizin iqtisadi dayanıqlılığını təmin edək».

Dövlətimizin başçısı cari ildə sərmayə qoyuluşlarının artımı, qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması, sosial infrastruktur layihələrinin icrası, kənd təsərrüfatının və turizmin inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəyini bildirib.

Çıxışının sonunda Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edib.