Vergiler.az

Çin xarici şirkətlərə vergi güzəştləri təklif edib

 

«New York Times» nəşrinin məlumatına əsasən, Vergi Məcəlləsində dəyişiklik olunduqdan sonra Çin Xalq Respublikasının hökuməti ABŞ şirkətlərini bu ölkəni tərk etməkdən daşındırmaq üçün xarici şirkətləri müvəqqəti olaraq vergilərdən azad etmək planı barədə açıqlama vermişdir.  Lakin burada ciddi qeyd-şərtlər də vardır: xarici şirkətlər vergi güzəştlərindən faydalanmaq üçün Çin hökumətinin stimullaşdırdığı dəmir yolu, dağ-mədən sənayesi, texnologiya və kənd təsərrüfatı kimi sektorlara investisiya qoymalıdır. Qanun artıq bu il yanvarın 1-dən qüvvəyə minmişdir. Maliyyə Nazirliyinin açıqlamasında qeyd edilmişdir ki, bu addımın atılması xarici investisiyaların artımına və keyfiyyətinin yüksəlməsinə təkan verməli, xarici investorları Çində sərmayə  qoymağa həvəsləndirməlidir.

Qeyd edək ki, dünyanın hər tərəfindən olan şirkətlərin Çində geniş fəaliyyət göstərməsinə, yüksək ixtisaslı işçi qüvvəsini ölkəyə cəlb etməsinə, burada müasir infrastruktur yaratmağa böyük töhfələr verməsinə baxmayaraq, həmin şirkətlərdən yüksək vergi tutulur. 25 faizlik standart korporativ vergi dərəcəsindən əlavə, şirkətlər məcburi sosial sığorta və digər ödənişlər etməlidirlər ki, bu da dünyanın bir çox ölkələri ilə müqayisədə Çində vergi yükünün daha ağır olmasına gətirib çıxarır.