Vergiler.az

Robot kuryer sınaqdan keçirilib

 

İtaliyanın «e-nova» şirkəti tərəfindən hazırlanmış ikitəkərli «YAPE» dron-kuryerinin ilk sınaqları keçirilib. Qurğunun bu yaxınlarda təşkil ediləcək «CES» sərgisində təqdim olunması planlaşdırılır.

«YAPE» şəhərin küçələrində avtonom hərəkət etmək üçün GPS, videokameralar və məsafəölçən lazerlərdən istifadə edir. Kuryer, həmçinin, müxtəlif parametrləri, xüsusilə işıqforların işini və nəqliyyat axınını izləmək üçün naqilsiz üsulla bütün şəhər üzrə yerləşdirilmiş tənzimləyicilərə qoşulur.

İstifadəçilər dronu mobil proqramın köməyi ilə çağıra biləcəklər. Qurğu sifarişçinin olduğu yerə çatdıqda sifarişçi xüsusi qapaqlı bölməyə 70 kiloqrama qədər yük yerləşdirə və proqramda lazımi təyinat nöqtəsini daxil edə bilər. «YAPE» bir yükləmədə 80 kilometrə qədər məsafə qət etməyə imkan verən elektromotorlar və batareya bloku ilə təchiz olunub. Qurğu saatda 6-20 km sürətlə əsasən səki və velosiped yolları üzrə hərəkət edir.

Dron təyinat nöqtəsinə çatdıqda onu qəbul edən şəxs yük bölməsini aça biləcək. Bunun üçün həmin şəxs «YAPE» sistemində öncədən qeydiyyatdan keçməli və sifətin tanınması funksiyasından istifadə etməlidir.