Vergiler.az

İnvestisiya təşviqi siyasəti mühüm nəticələr verir

 

Azərbaycanda qeyri-neft məhsullarının istehsalı və ixracının stimullaşdırılması məqsədilə 2018-ci ildə ixracla məşğul olan sahibkarlara investisiya təşviqi sənədinin verilməsinin əhatə dairəsi daha da genişləndiriləcək. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, 2016-cı ilin mart ayından indiyədək sahibkarlar 1,8 milyard manat həcmində 212 investisiya təşviqi sənədi əldə edib. İxrac təşviqi mexanizminin işə düşməsi sayəsində sahibkarların maliyyə imkanları yaxşılaşıb, ixracqabiliyyətli yeni məhsulların istehsalı və çeşidi yüksəlib. Nəticədə xarici ölkələrə qeyri-neft məhsullarının ixracı artıb. Azərbaycan xarici dövlətlərə 1,4 milyard dollara yaxın qeyri-neft məhsulları ixrac edib.

Dövlət bu sahədə əldə olunan müsbət dinamikanı nəzərə alaraq, təşviq vəsaiti ilə təmin olunan sahibkarlara öz dəstəyini davam etdirəcək. Cari ildə investisiyaların və ixracın təşviqi üzrə institusional çərçivənin ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi, təşviq sənədinin verilmə müddətinin azaldılması və prosedurların daha da asanlaşdırılması, ixracatçılara dövlət dəstəyinin artırılması üçün yeni səmərəli mexanizmlərin yaradılması nəzərdə tutulur. Xarici ölkələrə ixrac edilən qeyri-neft məhsullarına ödənilən təşviq vəsaitinin məbləğinin artırılması da gözlənilir.

İnvestisiya təşviqi sənədi əldə etmiş sahibkarların 70%-dən çoxu regionlarda fəaliyyət göstərən subyektlərdir.

Hazırda ixrac təşviqi vəsaiti, əsasən, qida məhsullarına və bəzi sənaye mallarına görə ödənilir. Təşviq vəsaitinin məbləği Azərbaycan ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq müəyyən edilir. Sahibkara ixrac olunan qeyri-neft mallarının məbləğinin təxminən 10-20%-i nisbətində vəsait ödənilir. Həmçinin, qeyri-neft məhsulları ixrac edən sahibkarlara malın gömrük bəyannamələrində göstərilən dəyərinin 3%-i dövlət vəsaiti hesabına onlara ödənilir ki, bu da onların xərclərinin azalmasına səbəb olur. Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydalara əsasən, artıq Naftalan mazı, təbii dəridən geyim əşyaları və digər məmulatlar, ipək parçalar, əllə toxunmuş xalçalar, pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları, üstü təbii dəridən olan ayaqqabılar da ixrac təşviqi şamil olunan malların siyahısına daxil edilib. Bu, qeyri-neft sənayesinin istehsalı və ixracı ilə məşğul olan sahibkarları həvəsləndirmək məqsədi daşıyır.

İnvestisiya təşviqi ilə bağlı yürüdülən siyasətə əsasən, sahibkarlar müxtəlif güzəştlər, vergi-gömrük güzəştləri ilə də əhatə olunublar. Sahibkarların gəlirinin, o cümlədən hüquqi şəxslərin əldə etdikləri mənfəətin 50%-i 7 il müddətinə vergidən azad olunub. Bundan başqa, hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq əmlaka görə 7 il müddətinə əmlak vergisi, mülkiyyətlərində olan torpaq sahələrinə görə isə 7 il müddətinə torpaq vergisi ödəməkdən azad ediliblər. «Gömrük tarifi haqqında» Qanuna əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə 7 il müddətinə gömrük rüsumlarından azad edilirlər. Sənaye texnoparklarının infras­trukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı da 7 il ərzində gömrük rüsumlarından azad olunub. Ötən dövr ərzində həyata keçirilmiş bu siyasət qeyri-neft məhsullarının istehsalının 30%-ə yaxın artmasına səbəb olub. Proqnozlara görə, həmin müddət ərzində vergi və gömrük güzəştləri ilə əhatə olunan sahibkarların istehsal etdiyi məhsulların həcmi ən azı 2 dəfə artacaq, eyni zamanda ölkədə on minlərlə əlavə iş yeri yaradılacaq.