Vergiler.az

Azərbaycanın vergi sistemi 2017-ci ildə...

 

Ötən il ölkədə əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi yükünün azaldılması, çevik vergi inzibatçılığının yaradıl­ma­sı, vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləş­dirilməsi  və elektron xidmətlərin genişləndiril­məsi kimi prio­ritetləri əhatə edən mühüm islahatlarla yadda qaldı. 2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş  Vergi Məcəllə­sinə əlavə və dəyişikliklər sahibkarlıq sahəsində yeni, müa­sir çağırışlara uyğun fəaliyyət meyarlarının tətbiqinə ge­niş imkanlar azdı.

 

Vergi sistemində aparılan

mühüm dəyişikliklər

Ötən il vergi sahəsində həyata keçirilən islahatlar çərçivəsində vergi yükü aşağı salındı, bir sıra fəaliyyət sahələrinə vergi güzəştləri tətbiq olundu. Vergi yükünün azaldılması məqsədilə kənd təsərrü­fatı məhsullarının pərakəndə ticarət fəaliyyətində ƏDV-nin ticarət əlavəsindən hesablanması mexanizmi tətbiq olundu. Ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək aktivlərin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edildi. İcbari tibbi sığorta və səhiyyə xidmətləri göstərən qurumların gəlirləri müddətsiz olaraq mənfəət vergisindən, buğdanın idxalı və satışı, unun və çörəyin istehsalı və satışı, quş ətinin satışı isə 3 il müddətinə ƏDV-dən azad olundu. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlər müəyyən edildi.

Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması müddəti 45 gündən 20 günə endirildi. Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri də elektron qaimə-fakturanın tətbiqidir. ƏDV ödəyiciləri üçün bu il aprelin 1-dən elektron qaimə-fakturanın tətbiqinə başlanıldı. 

2017-ci ildə vergi sistemində ilk dəfə fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi şəklində müəyyən edilməsini nəzərdə tutan qaydalar qüvvəyə mindi. Mühüm yeniliklərdən biri də ticarət festivalları  zamanı satılan mallar, göstərilən xidmətlər üçün tutulan ƏDV-nin qaytarılması ilə bağlı idi. Bu siyasətə uyğun olaraq, il ərzində iki dəfə Bakı Ticarət (Shopping) festifalı keçirildi.

 

Strateji yol xəritələri

üzrə görülmüş işlər

2017-ci ildə «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri»nə uyğun olaraq, Vergilər Nazirliyi qarşısında qoyulmuş tapşırıqların icrası davam etdirildi. 5 istiqamət üzrə əsas icraçı, 9 Strateji Yol Xəritəsində 34 istiqamətdə digər icraçı qismində müəyyən edilən nazirlik tərəfindən müvafiq Tədbirlər Planı hazırlandı, yol xəritələrində göstərilən hədəflərin icrası ilə bağlı məsul şəxslər təyin olundu. Tədbirlər Planında əsas istiqamətlər büdcə-fiskal siyasətin həyata keçirilməsi və ortamüddətli xərclər çərçivəsinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafında stimullaşdırıcı vasitələrin tətbiqi, biznesin asanlaşdırılması, yoxlamaların təkmilləşdirilməsi,  beynəlxalq reytinqlərdə mövqelərin yaxşılaşdırılması, səmərəli vergi sisteminin təşviq edilməsi, xarici investisiya strategiyasının həyata keçirilməsi, statistika infrastrukturunun təkmilləşdirilməsi ilə bağlıdır.

Vergilər Nazirliyinin əsas icraçı olduğu istiqamətlərin hər bir altqrupu üzrə nəzərdə tutulan konkret hədəflər də müəyyən olunub. Vergi ilə bağlı strateji hədəflər kiçik və orta sahibkarlığın fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, sahibkarlıq sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılması, daxili bazardakı ticarət üzrə uçot göstəriciləri ilə bağlı tənzimləmə sisteminin hüquqi əsaslarının təkmilləşdirilməsi və digər istiqamətlərdən ibarətdir.

 

«Şəffaf vergi

partnyorluğu» layihəsi

Keçən il vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin daha şəffaf qurulması və yüksək səviyyəyə çatdırılması, nümunəvi vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığının sadələşdirilməsi ilə də əlamətdar oldu. Vergilər Nazirliyinin internet saytında şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün «Yaşıl dəhliz» alt bölməsi yaradıldı və layihə barədə müxtəlif məlumatlar yerləşdirildi.

İl ərzində partnyor ödəyici statusunun alınması üçün vergi orqanları tərəfindən seçilən və ya vergi orqanlarına müraciət edən 841 vergi ödəyicisi barədə məlumatlar «Şəffaf vergi partnyoru» ekranına daxil edildi və meyarlara uyğunluğu müəyyənləşdirilən 480 (o cümlədən Bakı şəhəri üzrə 221) vergi ödəyicisinə «Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə» bildirişlər təqdim olundu. Vergi orqanları tərəfindən şəffaf vergi partnyorlarına «Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə» bildirişlərin təqdimat mərasimləri keçirildi.

Bununla yanaşı, 438 partnyor vergi ödəyicisinə ötən ilin yanvar-noyabr ayları ərzində müvafiq xidmətlər göstərildi. Bu kateqoriyaya aid olan ödəyicilərə bir sıra ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlər də təqdim edildi.

 

Rəqəmsal Ticarət Qovşağı

2017-ci ildə Azərbaycanda elektron ticarətin innovativ platforması olan və e-kommersiya sahəsində dövlət-özəl sektor əməkdaşlığı üçün ən yaxşı model hesab edilən  Rəqəmsal Ticarət Qovşağının (RTQ) yaradılması və fəaliyyətinin genişləndirilməsi istiqamətində zəruri addımlar atıldı. Qovşağın yaradılmasında iştirakçı dövlət orqanlarından biri olan Vergilər Nazirliyi tərəfindən ötən dövr ərzində xarici ölkələrlə elektron imza, o cümlədən «ASAN imza» sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirildi. Elektron imza, o cümlədən «ASAN imza» vasitəsilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin formalarının sadələşdirilməsi və xarici ölkə ərazilərində də elektron qaydada təsdiq edilməsi imkanının yaradılması ilə bağlı hüquqi-texniki məsələlər həll edilməkdədir. İkiqat vergitutmanın aradan qaldırılması haqqında saziş formalarının sadələşdirilməsi, xarici rezidentlərin elektron qaydada müraciət etməsi, bütün gəlir növləri üzrə güzəştlərin əvvəlcədən tətbiq edilməsi, formanın təsdiqinin gəlir ödəyən şəxsə birbaşa onlayn göndərilməsi imkanının yaradılması bu istiqamətdə ən mühüm tədbirlərdəndir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən «ASAN imza» sertifikatının verilməsi nəzərdə tutulur. Xarici ölkələrlə elektron imza, o cümlədən «ASAN imza» sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində intensiv işlər aparılır. Nazirliyin «ASAN imza» üzrə Sertifikat Xidmət Mərkəzi tərəfindən elektron imzası olan şəxslərin Azərbaycanda elektron qeydiyyatının, yəni biznesə başlamanın elektronlaşması imkanının yaradılması ilə bağlı qanun layihəsi hazırlandı və hökumətə təqdim olundu. Layihəyə əsasən, gücləndirilmiş imzaların diplomatik nümayəndəliklər tərəfindən ölkədən kənarda verilməsi texniki cəhətdən təmin olunacaq, bununla da qeyri-rezident öz ölkəsində həmin sistem vasitəsilə elektron qeydiyyatdan keçərək Azərbaycanda müəssisə yarada biləcək. E-sertifikatın alınması təchizatçıdan sıfır faiz dərəcəsi ilə ƏDV tutulmasına, podratçı və subpodratçı şirkətlər tərəfindən sertifikatın alınması prosesinin elektronlaşdırılması vergi ödəyicilərinin vaxt və inzibati xərclərinin əhəmiyyətli şəkildə azalmasına gətirib çıxaracaq. Bu faktorlar biznesin təşviqinə, biznes tərəfdaşları arasında sənədlərin elektron formada tərtibi və imzalanmasına, xarici investorlar üzrə vergi və inzibati xərclərin azalmasına imkan verəcək.

 

Yeni Tvinninq layihəsi

Ötən il vergi sistemində ən əlamətdar hadisələrdən biri Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilən «Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək» adlı yeni Tvinninq layihəsinə start verilməsi idi. Mart ayından icrasına başlanılan layihənin ümumi məqsədi Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə, ümumilikdə əhaliyə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasıdır. Qarşıya xidmətlərə olan tələbatın müəyyən edilməsi, idarə olunması, davamlı inkişafın həyata keçirilməsi üçün Avropa İttifaqının qabaqcıl təcrübələrinin tətbiq edilməsi kimi vəzifələr qoyulmuşdu. Avropa İttifaqı ilə birgə 27 ay ərzində icra olunacaq layihə çərçivəsində vergi orqanı əməkdaşının Avropanın tətbiq etdiyi və yeni xidmət kanalları barədə məlumatlandırılması, təlimlərə cəlb olunması nəzərdə tutulub. Layihənin icrasından 4 komponent üzrə 5 mütləq nəticənin əldə olunması gözlənilir. Bunlara aiddir:

· vergi ödəyicilərinə xidmət prosesləri üzrə davamlı İnkişaf Proqramının reallaşdırılması;

· xidmətlərə olan tələbatın müəyyənləşdirilməsi və idarə edilməsi;

· xidmət kanallarının (xidmət mərkəzləri, Çağrı Mərkəzi, internet səhifəsi, mobil vasitələr, sosial media və s.) səmərəliliyinin artırılması;

· xidmət standartlarının qabaqcıl Avropa meyarlarına uyğunlaşdırılması;

· bütün kanallarda xidmətlərin təminatı və keyfiyyətinin yüksəldilməsi.

Layihənin icrası sayəsində ölkəmizdə vergi ödəyicilərinə göstərilən xidmətlərin ən müasir texnoloji səviyyədə həyata keçirilməsinin təmin olunacağı gözlənilir.

 

Vergi islahatları beynəlxalq

hesabatlarda...

Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi sayəsində vergi inzibatçılığının təkmilləşdirilməsi, biznesin fəaliyyətinin yaxşılaşmasına səbəb olan islahatların aparılması nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirildi. «Standard & Poor’s», «Moody’s Investors Services», «Fitch» və s. kimi beynəlxalq reytinq agentlikləri öz hesabatlarında Azərbaycanda biznesə başlama prosedurlarının sadələşdirildiyini, vergilərin ödənişi sahəsində elektron xidmətlərin genişləndiyini qeyd etdilər. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən «Doing Business 2018» hesabatında Azərbaycan biznesin qeydiyyatı ilə bağlı ən yaxşı islahatçı ölkələrdən biri kimi qiymətləndirildi. Hesabatda respublikamızın «Biznesə başlama» (Starting business) və «Vergilərin ödənilməsi» (Paying taxes) indeksləri üzrə mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb ki, bu da sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı sahəsində həyata keçirilmiş tədbirlərin, biznes fəaliyyəti üzrə prosedurların sadələşdirilməsinin mühüm nəticəsidir. 

E.CƏFƏRLİ