Vergiler.az

Yeni ilin ilk hərracı keçirilib

 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən yanvarın 9-da keçirilən növbəti hərracda ümumilikdə 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 4-ü kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi özəlləşdirilib.

Özəlləşdirmə prosesində kəmiyyət, obyektlərin əldəolunma prosedurunun sadələşdirilməsi, elektron hərracın geniş tətbiqi ilə hərraclarda keyfiyyət göstəricisi təmin olunur. Bütün bu üstünlüklər əmlak almaq istəyən investorların sayını çoxaltmaqla hərracı rəqabətli edir. Yeni ilin ilk hərracı da rəqabətli olub. Misal üçün: Bakının Nərimanov rayonunda yerləşən sahəsi 50 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 15 min manat olduğu halda, ən son 31 min 150 manat təklif edilib.

Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin hamısı paytaxt ərazisindədir. Bakıda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Nərimanov, hər birində 3 olmaqla Səbail, Nəsimi və Suraxanı rayonlarında, qalanları isə müvafiq olaraq Nizami və Xətai rayonlarında yerləşir.