Vergiler.az

Kiçik və orta sahibkarlıq üçün yeni yol xəritəsi

 

Azərbaycan Prezidentinin kiçik və orta sahibkar­lıq sahəsində idarəetmənin daha da təkmilləşdi­ril­məsi haqqında imzaladığı fərmana əsasən, Ki­çik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.

Agentlik kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə xidmətlər göstərəcək, dövlət orqanlarının bu sahədə xidmətlərini əlaqələndirəcək və tənzimlənməni həyata keçirəcək. İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə fəaliyyət göstərəcək yeni agentliyin görəcəyi işləri şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Namiq Şalbuzov bildirib ki, qurum kiçik və orta biznesin fəaliyyətində səmərəliliyin artırılması, koordinasiyanın güclənməsi, birgə layihələrin həyata keçirilməsi baxımından xeyli faydalı olacaq: «Bəzi KOS subyektləri fəaliyyətə qanunvericiliyin tələblərindən, biznes risklərindən, mövcud sektordakı vəziyyətdən xəbərsiz başlayırlar ki, bu da bəzən onların uğursuzluqla üzləşmələrinə səbəb olur. KOS sub­yektlərinin məsləhət xidmətlərinə marağının az ol­masının səbəblərindən biri onların bu barədə məlumatsızlığı, digəri isə biznes məsləhət xidmətlərinə çıxışın mürəkkəbliyidir. Azərbaycanda hazırda müxtəlif dövlət orqanları öz səlahiyyətləri çərçivəsində KOS subyektlərinə müxtəlif xidmətlər (o cümlədən məsləhət xidməti, satış və digər istiqamətlər üzrə dəstək) göstərirlər. Beynəlxalq təcrübəyə əsasən, KOS subyektlərinə belə xidmətlərin vahid mərkəzdən həyata keçirilməsi onların həmin xidmətlərdən daha səmərəli istifadəsinə və inkişafına əlverişli imkan yaradır».

Onun sözlərinə görə,  agentlik müxtəlif biznes assosiasiyaları ilə birlikdə bu sektora aid müəssisələrin problemlərinin mütəmadi təhlilini aparacaq, nəticələri müvafiq qurumlara çatdıracaq və problemlərin həlli yollarını axtaracaq. Bundan başqa, müvafiq dövlət qurumları və təhsil müəssisələri ilə əməkdaşlıq qurulacaq və tətbiqi elmlərin inkişafına xüsusi diqqət yetiriləcək. Agentliyin tərkibində təlim, məsləhət, informasiya, biznes inkubatoru, innovasiya mərkəzi, maliyyə sahəsində xidmətləri bir məkanda təklif edən «Kiçik və orta sahibkarlıq evi» yaradılacaq. Yeni qurumun fəaliyyəti «ASAN xidmət» mərkəzləri, habelə İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək.

Strateji yol xəritələrinə görə, 2020-ci ildə KOS-un ÜDM-də payı 15 faizə, məşğulluqda payı 20 faizə, qeyri-neft ixracındakı payı isə 10 faizə çatdırılmalıdır. N.Şalbuzovun fikrincə, KOS-un İnkişafı Agentliyi bu sahədə əsas rol oynayacaq. Agentlik vasitəsilə KOS-lara eyni zamanda bir neçə istiqamətdə xidmətlərin göstərilməsi planlaşdırılır ki, bunun nəticəsində idarəetmənin təkmilləşdiriləcəyi, paralelliyin aradan qaldırılacağı, bu sahəyə aid müəssisələrin fəaliyyətinin səmərəliliyinin artırılacağı gözlənilir.

 

Əsas hədəflər

İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elçin İbrahimov bildirib ki, Azərbaycanda KOS-un inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabət qabiliyyətinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın sürətlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. KOS-un inkişafı ilə əlaqədar Strateji Yol Xəritəsində müəyyənləşdirilən məqsədlərə nail olmaq və müvafiq imkanlardan maksimum istifadə etmək istiqamətində hədəflər müəyyənləşdirilib.

2017-ci ildə KOS sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq lisenziya sistemi təkmilləşdirilib, lisenziyaların və icazələrin elektron qaydada verilməsinə şərait yaradan «Lisenziyalar və icazələr» portalı istifadəyə verilib. Bununla yanaşı, aidiyyəti qurumlardan daxil olan təkliflər əsasında lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin «Lisenziyalar və icazələr» portalı vasitəsilə həyata keçirilməsi üçün son müddətlər, «İnformasiya sistemlərinin «Lisenziyalar və icazələr» portalına inteqrasiyası üçün texniki tələblər», portala inteqrasiya edilməli informasiya sistemlərinin siyahısı və s. ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərar layihələri hazırlanıb.

Qarşıdakı ildə əsas fəaliyyət Azərbaycanda KOS subyektlərinə münasibətdə qanunvericilik bazasının təkmilləşdirilərək maliyyə və vergi siyasətinin stimullaşdırıcı təsirinin gücləndirilməsi, maliyyə resurslarına əlçatanlığın artırılması, texniki və informasiya bazasının gücləndirilməsi və ərazi üzrə optimal yerləşdirilməsi, daxili bazarın qorunması, bazar infrastrukturlarının inkişaf etdirilməsi, zəruri sənədlərin alınmasında «bir pəncərə» prinsipinin tətbiqi, bu sahəni təmsil edən subyektlər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi və s. kimi istiqamətlərə yönəldiləcəkdir.

 

KOS və vergi islahatları

Kiçik və orta sahibkarlığın inkişafı vergi islahatlarının da başlıca istiqamətlərindəın biridir. «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri»ndə KOS-un fəaliyyətinin stimullaşdırılması məqsədilə Vergilər Nazirliyi qarşısında bir sıra mühüm vəzifələr qoyulub. Strateji Yol Xəritəsinə əsasən, səmərəli vergi sistemi ilə KOS-un fəaliyyətinin yaxşılaşdırılması, biznes mühitinin və tənzimləyici bazanın, eləcə də lisenziyalaşdırma mexanizmlərinin təkmilləşdirilməsi, yoxlamaların optimallaşdırılması və risk dərəcəsi əsasında aparılması nəzərdə tutulub.

Vergilər Nazirliyi 2017-ci ildə KOS fəaliyyətinin stimullaşdırılmasını nəzərdə tutan bir sıra tədbirlər həyata keçirib, qanunvericiliyə müvafiq dəyişikliklər edilib, səmərəli vergi rejimi təmin olunub. Yoxlamaların optimallaşdırılması və risk dərəcəsi əsasında aparılması üzrə «KOS» kateqoriyasına aid olan vergi ödəyicilərinin elektron informasiya sistemlərində fərqləndirilməsi üçün «iri, orta və kiçik sahibkar meyarları» nəzərə alınmaqla «KOS» abbreviaturasının strukturu və elektron informasiya sistemlərində əks etdirilməsi ilə bağlı layihə hazırlanıb.

Strateji Yol Xəritəsinə uyğun olaraq, səmərəli vergi sisteminin tətbiqi və KOS sahəsində stimullaşdırıcı vergi islahatlarının davamı ilə bağlı İllik Plana əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatının asanlaşdırılması, xarici investisiyalı müəssisələrin elektron qeydiyyatı ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi, yeni qeydiyyatdan keçən vergi ödəyicilərinin fəaliyyət istiqamətləri üzrə məlumatlandırma mexanizmlərinin işlənib hazırlanması nəzərdə tutulur. Vergi ödəyicilərinə xidmət sahəsində tərtib olunmuş planlar beynəlxalq standartlara uyğun elektron xidmətlərin göstərilməsini və əhatə dairəsinin genişləndirilməsini, vergi bəyannamələrinin internet vergi idarəsi vasitəsilə təqdim edilməsi imkanının yaradılmasını, avtomatlaşdırılmış məlumat bazası əsasında bəyannamələrin vergi orqanı tərəfindən hazırlanmasını əhatə edir.  KOS sahəsində stimullaşdırıcı vergi islahatları 2018-2020-ci illərdə də davam etdiriləcək. 

Elbrus CƏFƏRLİ