Vergiler.az

«ABAD»ın əhatə dairəsi genişlənir

 

Son illərdə ölkəmizdə kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında Azərbaycan Prezidenti tərəfindən irəli sürülən və 2016-cı il sentyabrın 23-də yaradılan publik hüquqi şəxs - «ABAD» (Ailə Biznesinə Asan Dəstək) layihəsinin xüsusi yeri var.

 İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, «ABAD» yeni sosial innovasiya konsepsiyasıdır və məqsədi kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, regionların və kənd təsərrüfatının inkişafına dəstək verməkdir. Qeyri-kommersiya və sosialyönümlü qurum olan «ABAD» yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının «ideyadan rəflərə» daşınmasına kömək edir, istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarə olunmasını həyata keçirir, yığılan gəlirin ailələrə köçürülməsini təmin edir. Ailələr öz bizneslərini qurmaq üçün ictimai və özəl qurumlarla birbaşa qarşılıqlı əlaqə saxlamırlar. Bu funksiya «ABAD» tərəfindən həyata keçirilir. «ABAD» - ailələr üçün bacarıqların inkişaf etdirilməsi təlimləri təşkil edir, «vahid pəncərə» prinsipindən istifadə edərək ailə məhsullarını sertifikatlaşdırır. Layihənin mütəxəssisləri ailələrə bazaryönümlü qablaşdırma həlləri və məhsulların dizaynı ilə bağlı kömək göstərirlər, supermarket şəbəkəsində ailə məhsullarının satışını, habelə onların daşınması və saxlanmasını idarə edirlər. Layihənin icrası KOS-un inkişafı ilə bağlı investisiya mühitinin yaxşılaşdırılması baxımından çox vacibdir. Sahibkarların üzləşdiyi problemlərin həlli baxımından da belə bir qurumun yaradılmasına ehtiyac var idi. Çünki «ABAD» həm kiçik və orta müəssisələrin maliyyə resurslarının genişləndirilməsinə, həm də bazarlara çıxış imkanlarının artırılmasına şərait yaradır.

Məlum məsələdir ki, ölkədə ciddi iqtisadi inkişafı genişləndirmək üçün sahibkarlara maksimum əlverişli şərait yaradılmalıdır. Ümumi iqtisadi artımda əsas payı kiçik və orta ölçülü sahibkarlar verdiyi üçün həlledici rolu da məhz xırda sahibkarlıq fəaliyyəti təşkil edir. Bunu inkişaf etmiş ölkələrin real iqtisadi vəziyyətlərindən, habelə təcrübələrindən əyani şəkildə görmək mümkündür. Həmin ölkələrdə dövlət büdcəsinin gəlirlərinin çox hissəsi məhz kiçik və orta sahibkarlar tərəfindən təmin olunur. Ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunu artırmaq sahəsində əlavə imkanlar yaratmaq məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində «ABAD» publik hüquqi şəxsin yaradılması da çox böyük əhəmiyyətə malikdir. Bu qurumların birgə fəaliyyəti nəticəsində tezliklə ölkənin bütün ərazilərində kompleks inkişaf özünü göstərəcək, regionlarda KOS-un iqtisadiyyatdakı rolu artacaq.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov «ABAD» publik hüquqi şəxsi tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələrinin həyata keçirildiyini qeyd edərək bildirib ki, bu günə kimi ölkənin 17 regionundan olan 178 ailə, fərdi və kiçik sahibkarlıq subyektinə dəstək göstərilib və bu tədbirlər indi də davam etdirilir.

FƏXRİYYƏ