Vergiler.az

«Güzəştli mənzillər» dövrü yaxınlaşır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət gös­tə­rən «MİDA» Məhdud Məsuliyyətli Cəmiyyətinin Mü­şa­hi­də Şurasının iclasında 2017-ci il ərzində qurumun gör­düyü işlərin yekunlarına dair hesabat dinlənilmişdir.

Qeyd olunmuşdur ki, MİDA-nın birinci layihəsi olan və 1843 ailəni mənzil ilə təmin edəcək Yasamal Yaşayış Kompleksinin tikintisində əhəmiyyətli irəliləyiş əldə edilmişdir. 29 yaşayış binasından ibarət olacaq kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəb binasının tikinti-quraşdırma işləri artıq başa çatdırılmış, tamamlama-bəzək işləri davam etdirilməkdədir. Paralel olaraq digər çoxmənzilli yaşayış binalarının hər birinin tikintisi sürətlə davam etdirilir, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri həyata keçirilir. Bununla yanaşı, «Elektron hökumət» portalında yaradılmış «Güzəştli mənzil» sistemində güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatı davam etdirilir. İndiyədək bu sistem vasitəsilə 7500-dən çox vətəndaşın güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənib.

Bildirilmişdir ki, «Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi» ilə müəyyən edilmiş hədəflər rəhbər tutularaq, dövlət büdcəsindən asılılığı minimuma endirmək məqsədilə özəl investisiya şirkətləri ilə səmərəli əməkdaşlığın qurulmasına nail olunmuşdur. Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması ilə bağlı il ərzində keçirilmiş 3 investisiya müsabiqəsi nəticəsində təşkil edilmiş dövlət-özəl tərəfdaşlığı çərçivəsində 18 milyon manata yaxın özəl sərmayə cəlb olunmuşdur. Bu vəsait 3 yaşayış binasının tikintisinə, ərazidə telekommunikasiya infrastrukturunun yaradılmasına, habelə ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarə olunmasına yönləndiriləcək.

2017-ci ilin daha bir önəmli nailiyyəti Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksinin tikintisinin başlanmasıdır. Ötən il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu Kompleksin ilk 7 mərtəbəli binasının təməli qoyulmuşdur. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə reallaşdırılacaq layihə çərçivəsində 3002 mənzilin inşa olunub istifadəyə verilməsi nəzərdə tutulur.

İclas çərçivəsində «MİDA» MMC-nin 2018-ci il üçün perspektiv inkişaf strategiyası müzakirə edilmiş, qurumun Daxili audit şöbəsinin hesabatı dinlənilmiş, habelə «Güzəştli mənzil» elektron sisteminin səmərəliliyinin artırılması və yeni satış modulunun istifadəyə verilməsi məqsədilə müvafiq təlimatlar və digər aidiyyəti sənədlər təsdiq olunmuşdur.