Vergiler.az

Dünya iqtisadiyyatının sensasiyası

 

2017-ci ilin ən yaddaqalan hadisələrindən biri kriptovalyutaların, xüsusilə də bitkoinin dəyərinin artması, müxtəlif ölkələrdə müxtəlif şirkətlərin, dövlət strukturlarının bu valyutaya fərqli münasibəti oldu. Mövzunu «TuranBank» ASC-nin İnformasiya Texnologiyaları Departamentinin baş direktoru Bəxtiyar Məmmədov şərh edir.

Əvvəlcə bitkoinin tarixçəsinə qısaca nəzər salaq. Bitkoin valyutası 2008-ci ildə yaradılmış, ilk bitkoin tranzaksiyası isə 2009-cu il yanvarın 12-də Satoşi Nakamoto adlı şəxs və ya qrup tərəfindən həyata keçirilmişdir. O, bitkoinin ilk istifadəçilərindən olan Harold Tomas Finn adlı amerikalı proqramçıya 10 bitkoin göndərmişdi. Satoşi Nakamoto ləqəbinin kimə aid olması, onun şəxs, ya da qrup olması hələ də bəlli deyil. Harold Tomas Finn isə o zaman Amerika Birləşmiş Ştatlarında PGP şirkətinin aparıcı proqramçılarından idi, kriptoqrafiyaya marağı onu bitkoinin ilk istifadəçilərindən olmağa sövq etmişdi. İlk real valyuta müqabilində bitkoin alınması da 2009-cu ildə baş verdi: birinci dəfə 5.02 dollar qarşılığında 5050 bitkoin satılmışdı. Bitkoin vasitəsilə ilk mal alışı isə 2010-cu ildə həyata keçirildi: amerikalı Laslo Haneç 10.000 bitkoinə iki ədəd pizza almışdı. O, iki pizza üçün 25 dollar əvəzinə 10 min bitkoin ödəmişdi. Əgər həmin bitkoinləri saxlasaydı, indi 100 milyon dolların sahibi idi...

Heç kimin ağlına gəlməzdi ki, qısa müddətdə bitkoin astronomik dəyər qazanacaq və 2013-cü ildə 1000 dolları keçəcək. 2017-ci ildə isə maksimal dəyər qeydə alınacaq: 20.000 dollara yaxınlaşacaq. Ötən il bitkoinin dəyərinin sürətlə qalxması dünyada kriptovalyutalara marağı hədsiz dərəcədə artırdı. Aparıcı dövlətlər, dünya səviyyəsində tanınmış analitiklər bitkoini təhlil etməyə başladılar. Müxtəlif dövlətlər bu valyuta ilə bağlı qanunvericilik normaları müəyyən etdilər.

Kriptovalyutanın tanınması barədə qanun ilk dəfə 1 aprel 2017-ci ildə Yaponiyada qəbul edildi. Bunun ardınca bir neçə yapon şirkəti bitkoin vasitəsilə ödənişlərin qəbul edildiyini açıqladı. 2017-ci ilin aprel ayında Rusiyada maliyyə nazirinin müavini 2018-ci ildə kriptovalyutanın leqallaşdırıla biləcəyini açıqlasa da, Mərkəzi Bankın məsul şəxsləri bunun əleyhinə olduqlarını bildirdilər. Lakin Rusiya Prezidentinin məsləhətçisi Sergey Qlaznev kriptovalyutalardan Rusiyaya qarşı qoyulmuş sanksiyalar baryerini aşmaqda istifadə edilə bilən bir alət olduğunu qeyd etdi. Buna baxmayaraq, 2017-ci il ərzində Rusiyada kriptovalyutalarla bağlı qanun layihəsinin hazırlanması başa çatdırılmadı. Ukrayna deputatları keçən ilin oktyabrında Ali Radaya kriptovalyutalarla bağlı qanun layihəsi təqdim etdilər. Belarus hökuməti isə dekabrın 22-də kriptovalyutanın leqal hesab edilməsi ilə bağlı qanun qəbul etdi.

2017-ci il  sentyabrın 13-də ABŞ-ın «JP Morqan» bankının baş direktoru, dünya iqtisadiyyatında kifayət qədər tanınmış iqtisadçı Ceyms Deymon bütün əməkdaşlarına kriptovalyuta ticarətini qadağan etdiyini və bu valyutaların hər birində maliyyə piramidasının əlamətlərini gördüyünü bildirdi. Daha sonra isə Çin ölkədə olan bütün kriptovalyuta birjalarının fəaliyyətinin dayandırılmasına qərar verdi. Cənubi Koreya hökumətinin açıqlamasında keçən il 1300 faizdən artıq dəyər qazanmış virtual valyuta ilə aparılan alğı-satqı əməliyyatlarının azaldılması üçün tədbirlər görülməsinin zəruriliyi vurğulanmışdı. Məhdudlaşdırıcı normalara kriptovalyuta ilə anonim hesabların açılmasının qadağan edilməsi və hökumətə rəqəmsal valyuta birjalarını bağlamaq hüququnun verilməsi də daxildir. Hökumətin bu addımından sonra bitkoinin kursu dərhal 10 faizdən çox azaldı.

Amerika Birləşmiş Ştatlarında kriptovalyutalarla hesablaşmalar məsələsində məhkəmələr, nazirliklər, digər təşkilatlar buna virtual pul, yaxud hər hansı əmlak kimi yanaşırlar. 2014-cü ildə Milli Gəlirlər Departamenti kriptovalyutalardan vergi tutulması normalarını müəyyən etmiş və bu valyutalara dəyəri olan bir əmlak kimi yanaşmışdır. Avropa Məhkəməsi 2015-ci ildə bitkoin tranzaksiyaları üçün ƏDV-nin tətbiq edilməməsi barədə qərar çıxarmışdır, məhkəmə ƏDV-nin yalnız mal alışı və xidmətlərin göstərilməsi zamanı tətbiq edilməli olduğunu açıqlamışdır. Azərbaycanda isə kriptovalyutalardan istifadəni tənzimləyən hər hansı qanunvericilik normaları hələlik müəyyən edilməmişdir. 

...Dünyada bir çox tanınmış analitikləri düşündürən suallardan biri də bitkoinin gələcəyidir. Bu barədə qəti hökm vermək çətindir. Bitkoin milyon dollarlara qədər dəyər də qazana bilər, sıfıradək enə də bilər. Onun dəyərinin necə dəyişəcəyini, tətbiq sferasının genişlənəcəyini, ya da daralacağını, inkişaf edəcəyini, yaxud tənəzzülə uğrayacağını yalnız zaman müəyyən edəcək.

Hazırladı: F. İKRAMQIZI