Vergiler.az

Azərbaycan xarici ölkələrə qiymətli metallar ixrac edir

 

«AzerGold» QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, ötən ilin aprel-dekabr ayları ərzində həyata keçirilmiş ixrac əməliyyatları üzrə 60 min 552 unsiya qızıl və 86 min 806 unsiya gümüş ixrac edilib, nəticədə ölkə iqtisadiyyatına 121 milyon manatdan çox gəlir daxil olub. Qiymətli metalların dünya bazarında satışının təşkili üçün beynəlxalq affinaj şirkətlərinin tələb etdiyi KYC («Know Your Customer») və təhlil («due diligence») prosedurlarını uğurla keçərək «AzerGold» QSC cari ilin aprel ayında İsveçrənin məşhur «Argor-Heraeus» şirkəti ilə qiymətli metalların saflaşdırılmasına dair müqavilə imzalayıb.

2016-cı ilin iyul ayında fəaliyyətə başlayan «AzerGold» Daşkəsən rayonu ərazisindəki Çovdar filiz emalı sahəsində müxtəlif təyinatlı təmir-tikinti işləri sayəsində yatağın fəaliyyəti bərpa edilib, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib, hasilat işlərinə start verilib. Ərazidə ekoloji tarazlığın qorunması üçün 6 mindən çox ağac və kol əkilib, digər işlər görülüb. Çovdar mədənində işlərin düzgün və səmərəli aparılması, insanların əmək şəraitinin yaxşılaşdırılması üçün bütün lazımi işlər həyata keçirilib və infrastruktur yaradılıb. 2020-ci ildə yatağın yerüstü (oksid) mərhələsinin istismarı başa çatandan sonra 2021-ci ildə hasilata verilməsi planlaşdırılan yeraltı (sulfid) mərhələsinin hasilatına dair texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə beynəlxalq məsləhətçi şirkət ilə əməkdaşlıq edilir.

«AzerGold» QSC-nin strateji hədəfi Azərbaycanda əlvan metal sənayesinin dayanıqlı və davamlı inkişafını təmin etməkdir. Bu məqsədlə Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarının həcminə görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır. Növbəti illərdə metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması planlaşdırılır. Bundan başqa, Balakən rayonu ərazisində yerləşən digər yataqda - Mazımçayda ehtiyatların hesablanması üçün buruq-qazma işləri həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Göydağ-Əlincə filiz qovşağının Ortakənd sahəsində isə kompleks geofiziki tədqiqatlar aparılıb və yaxın gələcəkdə buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması nəzərdə tutulur.

Daşkəsən-Göygöl ərazilərində filizsaxlayan süxurlardan götürülmüş sınaq nümunələri beynəlxalq sertifikatlaşdırılmış laboratoriyada analiz olunur və analizlərin nəticələrinə uyğun kəşfiyyat işlərinin planı hazırlanır. Bu istiqamətdə növbəti illərdə də geoloji tədqiqatlar davam etdiriləcək.

300-ə yaxın insanın daimi işlə təmin olunduğu «AzerGold» QSC-nin sosial məsuliyyət üzrə siyasətinin reallaşdırılması, o cümlədən yerli icmaların ehtiyaclarının öyrənilməsi və ödənilməsi üçün Korporativ Sosial Məsuliyyət Komitəsi yaradılıb. Eyni zamanda, təcrübə mübadiləsinın aparılması və kadr potensialının formalaşdırılması üçün qurum elm və təhsil ocaqları ilə əməkdaşlıq etməkdədir. Qısa müddət ərzində əldə olunan yüksək göstəricilər «AzerGold» QSC-yə qeyri-neft sektorunun ixracında lider mövqeləri qazandırıb.