Vergiler.az

İnvestorlar Azərbaycana 3,6 mlrd. dollar bonus ödəyəcəklər

 

«Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında» düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş üzrə 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard ABŞ dolları məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur. Bonus məbləğinin 1-ci hissəsinin - 450 milyon ABŞ dolları və ya 774 milyon manatının 2018-ci il yanvarın 31-də ödənilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Milli Məclis tərəfindən oktyabrın 31-də ratifikasiya olunub. «Yeni Əsrin Müqaviləsi» üzrə AÇG neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Müqavilədə SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb, Azərbaycana çatacaq mənfəət neftinin nisbəti isə 75 faiz təşkil edəcək. SOCAR-ın «AzAÇG» şirkəti podratçı kimi müqavilənin icrasında iştirak edəcək. 

«Əsrin müqaviləsi» çərçivəsində indiyədək yataqdan 436 milyon ton neft hasil edilib və hesablamalara əsasən, yataqda hələ təxminən 500 milyon ton neft ehtiyatı var.