Vergiler.az

Güzəştli kreditlərin böyük hissəsi regionların payına düşür

 

Sahibkarlığın inkişafına dövlət dəstəyini həyata keçirən Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditləri hesabına ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq sub­yektlərinin investisiya layihələri maliyyələşdirilir. Fondun vəsaitlərindən ətlik və südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq komplekslərinin, logistika və «yaşıl market» mərkəzlərinin, aqroparkların, müasir tələblərə cavab verən meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin, iri fermer təsərrüfatlarının, qarışıq yem istehsalı mü­əssisələrinin, müasir istixana komp­lekslərinin, intensiv bağçılıq və ya tingçilik təsərrüfatlarının, müasir çörək istehsalı müəssisələrinin, digər sənaye müəssisələrinin yaradılması və kiçik sahibkarlığın inkişafı məqsədləri üçün istifadə edilir.

İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar SKMF tərəfindən «Elektron idarəetmə sistemi» hazırlanaraq sahibkarların istifadəsinə verilmişdir. Bu sistem sahibkarların elektron müraciətlərinə müvəkkil kredit təşkilatları tərəfindən baxılaraq daha tez münasibət bildirmələrinə və rəsmi cavab vermələrinə şərait yaradır, layihələrin maliyyələşməsi prosesinə operativ nəzarət imkanlarını artırır, sənəd dövriyyəsinin daha sürətli və təhlükəsiz həyata keçirilməsini təmin edir. Bunlardan əlavə, sistem sahibkarların investisiya tələbatını müəyyənləşdirməyə, layihələrin maliyyələşdirilməsi prosesinin daha da optimallaşdırılmasına və onların güzəştli kreditlərə çıxış imkanının asanlaşmasına kömək edir.

Fond tərəfindən sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədilə  regionlarda və Bakı şəhərinin qəsəbələrində mütəmadi olaraq işgüzar forumlar keçirilir, sahibkarlara güzəştli kreditlərdən istifadə mexanizmi izah olunur, investisiya layihələrinin hazırlanmasına və təqdim olunmasına dair treninq və tədbir keçirilən inzibati rayonun iqtisadi potensialına uyğun olaraq maliyyələşdirilməsi nəzərdə tutulan investisiya layihələri təqdim edilir. Sahibkarlarla müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələrinin işgüzar münasibətlər qurması və kreditin alınması ilə bağlı məsələlər müzakirə edilir, onların təklifləri öyrənilir, prioritet sahələr üzrə hazırlanmış nümunəvi investisiya layihələri və güzəştli kreditlər təqdim olunur.

Ötən il 1953 sahibkarlıq subyektinin ümumi dəyəri 635,6 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 146 milyon manat həcmində güzəştli kredit verilib və bu, ölkədə 6600-dək yeni iş yerinin açılmasına imkan yaradıb. Kreditlərin 65%-i regionların, 35%-i isə Bakı şəhərinin və qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6%-i aqrar sektorun, 32,4%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. 2017-ci ildə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən 60 müəssisə istifadəyə verilib, 40 müəssisə üzrə tikinti-quraşdırma işləri davam etdirilir. 

AYTƏN