Vergiler.az

2018-ci il üçün makroiqtisadi proqnozlar

 

Azərbaycanda ortamüddətli makroiqtisadi siyasətin başlıca prio­riteti makroiqtisadi sabitliyi möhkəmləndirmək və dayanıqlı iqtisadi artıma nail olmaqdır. Bunun reallaşdırılması isə rasional əlaqələn­dirilmiş makroiqtisadi çərçivə və proqnozları effektiv idarə edən pul siyasəti rejimi vasitəsilə mümkündür.

 

Pul siyasətinin əsas istiqamətləri

Mərkəzi Bankın 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunur ki, bu sahədə başlıca hədəf makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi olacaqdır. 2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım və gözləntilərin effektiv idarə olunması üçün baza şərti olacaqdır. Mərkəzi Bank, mandatına uyğun olaraq, özünün stabilizasiya xarakterli balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin edilməsinə zəruri dəstək verəcək, hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcəkdir. Bu məqsədlə növbəti ildə və ortamüddətli dövrdə yeni makroiqtisadi və maliyyə sabitliyi platformasının formalaşdırılmasını təmin edən radikal islahatlar həyata keçiriləcəkdir.

 

Makroiqtisadi proqnozlar

nəzərə alınacaq

Sənədə əsasən, makroiqtisadi sabitlik çərçivəsinin dayanıqlığının gücləndirilməsi 2018-ci ildə Mərkəzi Bankın pul siyasətinin başlıca məqsədini təşkil edəcək, inflyasiya gözləntilərinin azaldılmasına yönəldilmiş siyasət davam etdiriləcəkdir. Mərkəzi Bank 2018-ci ildə də özünün pul siyasəti hədəflərini makroiqtisadi proqnozlar nəzərə alınmaqla formalaşdırmışdır.

Müxtəlif ssenarilər üzrə aparılan simulyasiyalara görə, Azərbaycanın başlıca makroiqtisadi göstəriciləri üzrə 2017-ci ildə başlamış pozitiv dinamikanın növbəti ildə də davam edəcəyi gözlənilir. Hökumətin son proqnozlarına əsasən, 2018-ci ildə real artım tempi ümumi ÜDM üzrə 1,5%, qeyri-neft sektoru üzrə isə 2,9% təşkil edəcək. Dövlət tələbi iqtisadi artımın əsas amillərindən biri olaraq qalacaqdır. 2018-ci ildə dövlət büdcəsi xərclərinin əsasən investisiya xərcləri hesabına artırılacağı nəzərdə tutulur ki, bu da qeyri-neft sektorunda artımı dəstəkləyəcəkdir.

Pul təklifinin həcmi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcəkdir. Bununla belə, ödənişlərin fasiləsizliyini təmin etmək, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəmək bundan sonra da diqqətdə saxlanacaqdır.

Beləliklə, Mərkəzi Bank, hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə almaqla, sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək, 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq.

 

Ortamüddətli dövrə

nəzər salanda...

Ortamüddətli dövrdə qarşıda duran başlıca vəzifə makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi, bu əsasda sürətli və inklüziv iqtisadi artıma nail olunmasıdır. Ortamüddətli dövrdə makroiqtisadi siyasət, ilk növbədə, makroiqtisadi sabitliyin başlıca göstəricisi olan aşağı inflyasiyaya yönəldiləcəkdir. Aşağı və proqnozlaşdırıla bilən inflyasiya qeyri-müəyyənlikləri aradan qaldırır, ev təsərrüfatlarına, müəssisələrə yığım və investisiyalara dair qərarları daha uzun planlaşdırma horizontunda qəbul etməyə imkan verir.

Qəbul edilmiş «Pul bazarının inkişafı proqramı»na uyğun olaraq, bu sahənin inkişaf etdirilməsi üzrə mütəşəkkil təminatsız banklararası kredit bazarının yaradılması, qiymətli kağızlar bazarının dərinləşdirilməsi və banklararası REPO bazarının formalaşdırılması, banklararası pul bazarının inkişafına xidmət edən infrastruktur elementlərinin inkişafı kimi istiqamətlər nəzərdə tutulur. Dövlət qiymətli kağızlar bazarının dərinləşdirilməsi ölkədə adekvat gəlirlilik əyrisinin və bu əsasda bençmark faiz dərəcələrinin formalaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

 

Nağdsız ödənişlərin əhatəsi

genişləndiriləcək

Pul siyasətinin transmissiya effektinin gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsində rolunu nəzərə alaraq, Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair Mərkəzi Bank tərəfindən hazırlanmış dövlət proqramının qəbul edilərək reallaşması yaradılmış müasir ödəniş infrastrukturundan istifadəni əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Mərkəzi Bank son dövrlərdə sürətlə populyarlaşan blokçeyn texnologiyalarının tətbiqi üzrə beynəlxalq prosesləri də izləyir və bu texnologiyalar əsasında maliyyə sektorunda müştəri-bank münasibətlərində rəqəmsal identifikasiya sisteminin yaradılmasını nəzərdə tutan pilot layihə həyata keçiriləcəkdir.

Maliyyə Sabitliyi Şurasının qəbul etdiyi «2017-ci il və ortamüddətli dövr üçün makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi üzrə Tədbirlər Planı»na uyğun olaraq, fiskal qaydaların qəbulu orta və uzun müddətli dövrdə fiskal siyasətin dayanıqlığının təmin edilməsində mühüm rol oynayacaqdır. Ortamüddətli dövrdə fiskal konsolidasiyanın davam etdirilməsi və kəsirsiz büdcəyə nail olunması, stimullaşdırıcı vergi siyasətinə keçid, dövlət xərclərinin iqtisadi artımı və şaxələnməni dəstəkləyən istiqamətlərə fokuslaşması makroiqtisadi sabitliyin qorunmasında və iqtisadi artımın sürətləndirilməsində mühüm rol oynayacaqdır.

Ortamüddətli xərc çərçivəsinin tətbiqinə keçid, iri dövlət şirkətlərində maliyyə intizamının gücləndirilməsi və korporativ idarəetmə standartlarının tətbiqi işləri də davam etdiriləcəkdir.

Ölkədə yeni struktur-institusional islahatların dərinləşdirilməsi, biznes-investisiya mühitinin daha da yaxşılaşdırılması makroiqtisadi sabitliyin və qeyri-neft sektorunda özəl tələbə söykənən inklüziv dayanıqlı artıma nail olmağın mühüm amilləri olacaqdır. Struktur-institusional islahatlar yerli istehsalın artaraq məcmu tələbə daha çevik reaksiya verməsinə şərait yaradacaqdır. Bu da iqtisadiyyatın dərin şaxələnməsinə, idxaldan asılılığın azalmasına və qiymətlərin ortamüddətli dövrdə sabitliyinə xidmət edəcəkdir.

 

Problem yarada biləcək amillər...

Bir sıra xarici və daxili amillər makroiqtisadi sabitlik hədəflərinə nail olmağa problemlər yarada bilər. Bura, ilk növbədə, neftin dünya qiymətinin proqnozlaşdırılan səviyyədən nəzərəçarpan şəkildə aşağı olması və tərəfdaş ölkələrdə iqtisadi aktivliyin azalması nəticəsində tədiyyə balansı göstəricilərinin pisləşməsi aiddir. Dünya üzrə ərzağın qiymətlərində bahalaşmanın davam etməsi əlavə inflyasiyaya səbəb ola bilər. Yüksək və qeyri-simmetrik inflyasiya və məzənnə gözləntiləri, habelə fiskal kəsirin formalaşması makroiqtisadi sabitliyə təsir edə bilər. Maliyyə vasitəçiliyinin bərpa olunmaması və izafi likvidliyin akkumulyasiyasının davam etməsi, ümidsiz borclar probleminin dərinləşməsi, sektorda vəziyyətin mürəkkəbləşməsi, habelə iri dövlət şirkətlərinin maliyyə vəziyyəti ilə bağlı risklər də makroiqtisadi sabitlik və iqtisadi artım üçün təhdidlər yarada bilər.

Qeyd olunan risklər Azərbaycan hökumətinin və Mərkəzi Bankın diqqət mərkəzindədir və onların idarə olunması üçün makroiqtisadi manevr potensialı mövcuddur. Növbəti ildə də Maliyyə Sabitliyi Şurası makroiqtisadi siyasət qərarlarının sıx koordinasiyasını təmin edəcəkdir.

Hazırladı: A. NƏBİYEVA