Vergiler.az

Lisenziya və icazələrin verilməsi elektronlaşdırılır

 

Bakı Biznes Mərkəzində keçiril­ən «Li­sen­ziyalar və icazə­lər» portalının təq­dimat məra­si­mində  İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl bölmənin inkişafının ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayaraq bildirib ki, islahatların tərkib hissəsi olaraq lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı isə 4 dəfə azaldılaraq 86-ya endirilib. İndiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar və yeni verilən lisenziyalar müddətsiz lisenziya ilə əvəz olunub, lisenziyaların verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə aşağı salınıb, lisenziyaların verilməsi üçün tələb olunan müddət azaldılıb, prosedurlar sadələşdirilib: «İqtisadiyyat Nazirliyi tərəfindən 2 noyabr 2015-ci il tarixindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növləri üzrə lisenziyaların «ASAN xidmət» mərkəzləri vasitəsilə verilməsinə başlanılıb və indiyədək 4832 lisenziya təqdim olunub ki, bunun da 2676-sı yeni verilən, 2156-sı isə müddətsiz lisenziya ilə əvəz edilən lisenziyalardır».

Qeyd olunub ki, yeni portal fəaliyyətə başlayandan sonra burada sahibkarlar üçün yaradılan imkanlar sayəsində onların məlumatlandırılması, sahibkarların gələcəkdə portalın çoxsaylı xidmətlərindən istifadə etmək bacarıqlarının artırılması, portalın daha da təkmilləşdirilməsi üçün iş adamlarının rəy və təkliflərinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır: «Sahibkarlar 2018-ci ildən istifadəyə veriləcək portala daxil olmaqla öz fəaliyyət növünə uyğun lisenziya və ya icazə almaq üçün elektron müraciət etməklə lisenziyanı və ya icazəni elektron qaydada ala biləcək, lisenziya və icazə verən orqanlar isə lisenziyaların və icazələrin verilməsi barədə müraciətlərin qəbulunu, hazırlanmasını və cavablandırılmasını elektron qaydada həyata keçirə biləcəklər».

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov son illər dövlət xidmətlərinin göstərilməsi sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyini və bu islahatların vətəndaşların xidmətlərə əlyetərliyinin artmasında əhəmiyyətini vurğulayıb, dünyada Azərbaycan brendi kimi tanınan «ASAN xidmət»in dövlət və özəl xidmətlərin vahid məkandan vətəndaşlara çatdırılması sahəsində uğurlu təcrübə olduğunu qeyd edib.

İqtisadiyyat Nazirliyinin Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi şöbəsinin müdiri İlqar Poladov qeyd edib ki, «Lisenziyalar və icazələr» portalı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya və icazələrin verilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı müraciətlərin qəbulunu, emalını, cavablandırılmasını, lisenziya və icazələrin vahid reyestrinin elektron qaydada aparılmasını, portala inteqrasiya olunacaq informasiya sistemlərindən məlumatların real vaxt rejimində əldə olunmasını təmin edəcəkdir. Lisenziya və icazə verən aidiyyəti orqanların portala qoşulması və informasiya sistemlərinin inteqrasiyası ilə bağlı texniki işlər başa çatdırıldıqdan sonra portal fəaliyyətə başlayacaqdır. 

AYTƏN