Vergiler.az

Uşaqların xoşbəxt gələcəyi naminə...

 

Cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması və gücləndirilməsi, xüsusilə gənc nəslin gələcəyin vergi ödəyicisi kimi yetişdirilməsi, vergi ödəməyin dövlət yolunda şərəf işi olduğuna inandırılması mühüm ictimai əhəmiyyət daşıyır. Əhali arasında vergi mədəniyyətinin səviyyəsinin yüksəldilməsi məqsədilə Vergilər Nazirliyinin istifadə etdiyi rəngarəng üsul və vasitələrdən biri də sosial şəbəkələrdir. Nazirlik özünün «Facebook» səhifəsini populyarlaşdırmaq üçün davamlı olaraq bir sıra təşviqedici tədbirlər keçirir. Ənənəvi olaraq hər il keçirilən tədbirlərdən biri də «Uşaqların gələcəyi naminə» mövzusunda foto müsabiqəsidir. Müsabiqənin şərtlərinə əsasən,  yaradıcı foto çəkməyə marağı olanlar mövzu ilə əlaqədar «anı dayandırmağa» müvəffəq olmalı idilər və fotonun hazırlanmasında qrafik kompüter proqramlarından («Photoshop» kimi) istifadə etmək olmazdı.

Gözlənildiyi kimi, mübarizə gərgin keçdi və ciddi seçimdən sonra qaliblər mükafatlandırıldı. 1-ci yeri tutan iştirakçıya  «Samsung A3 A310» smartfonu, 2- ci yeri tutana - «Samsung Galaxy Tab», 3-cü və 4-cü yerləri tutanlara isə həvəsləndirici hədiyyələr təqdim olundu.

 

Söz qaliblərindir:

 

Taleh Valehov (1-ci yer): «Uşaqlar cəmiyyətimizin yaraşığıdır və onların həyatının müxtəlif anlarını kadrda əbədiləşdirmək insanda böyük zövq yaradır. İndiyədək uşaqlarla bağlı müxtəlif vəziyyətlərdə kadrlar çəkmişdim. Müsabiqədə yer tutan şəkildə isə başına çəmən çiçəklərindən çələng hörülmüş və buna ürəkdən sevinən balaca qızcığaz təsvir olunub. Uşaqları sevincli, daim  üzləri təbəssümlü görmək ən böyük arzumdur».

 

Tural Hüseynov (2-ci yer): Mənim təqdim etdiyim fotoda sökülmüş evlərin dağıntıları arasında oyuncağı ilə oynayan balaca körpə təsvir edilib. Bu şəkildə onu deməyə çalışmışam ki, gələcək dəyişən dünyanın içindəki körpələrindir. Təsirli foto olduğundan, yüksək səs toplaya bildim və 2-ci yeri tutdum».

 

Ceyhun Babayev (3-cü yer): «Mən peşəkar fotoqraf deyiləm. Ancaq müsabiqədə iştirak etmək mənim üçün çox maraqlı oldu. Sevinirəm ki, yer tuta bildim».

 

Tural İbrahimov (4-cü yer): Uşaqlar sözlə ifadə olunmayacaq qədər müqəddəs, dəyəri ölçüyə gəlməyəcək qədər qiymətli varlıqlardır. Mən müsabiqə təşkilatçılarına bu mövzunu seçdiklərinə, uşaqlarımızın xoşbəxt gələcəyi naminə daha bir addım atdıqlarına görə minnətdarlığımı bildirirəm».

 

Famil Mahmudbəyli (xüsusi mükafat): «Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişmələri, onlarla bağlı sosial problemlərin həlli baxımından dövlət səviyyəsində ciddi addımlar atılır. Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə edilsə də, təəssüf ki, onların bir qisminin - qaçqın və məcburi köçkün uşaqlarının illərdən bəri doğma torpaqlarda, öz ev-eşiklərində azad, sərbəst yaşamaq hüququnu təmin etmək hələ mümkün olmayıb. Mənim qəhrəmanım Qarabağ müharibəsinin əziyyətlərini görən fiziki qüsurlu Nihatdır. Məqsədim o idi ki, yarışda bu şəklə yer qazandırmaqla balaca qəhrəmanıma, kiçik də olsa, bir həyat stimulu verim və mükafatımı ona bağışlayım».

FƏXRİYYƏ