Vergiler.az

İkitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

 

Dekabrın 22-də vergilər naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzeni qəbul edib

 Görüş zamanı son illər ölkəmizdə bütün sahələrdə əldə olunmuş uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş iqtisadi siyasətin dayandığını qeyd edən vergilər naziri Mikayıl Cabbarov ölkəmizdə aparılan islahatlar, xarici investorlar üçün yaradılmış şərait, əlverişli biznes mühiti və mövcud vergi siyasəti barədə qonağa ətraflı məlumat verib. Bildirilib ki, hər iki ölkə son illərdə böyük regional layihələrin həyata keçirilməsində birgə əməkdaşlıq edir, Bakı-Tbilisi-Qars dəmir yolu, «Cənub Qaz Dəhlizi» kimi layihələr qlobal miqyasda böyük əhəmiyyət daşımaqla, Azərbaycan və Gürcüstanın iqtisadiyyatına böyük dividendlər gətirir. M.Cabbarov ölkələrimizin vergi xidmətləri arasında əməkdaşlığın və təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib.

Mamuka Baxtadze ölkələrimiz arasında iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq, Gürcüstan iqtisadiyyatı, qonşu ölkədə aparılan  islahatlar və həyata keçirilən iqtisadi siyasət barədə məlumat verib, Azərbaycanın onlar üçün vacib tərəfdaş və əsas investor olduğunu vurğulayıb. Gürcüstanlı nazir Azərbaycan iqtisadiyyatının strukturunun təkmilləşdirilməsini, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin və ixrac imkanlarının artırılması istiqamətində hökumətin atdığı addımları yüksək dəyərləndirdiyini, ölkə Prezidenti ilə görüşü zamanı dövlət rəhbərliyinin iqtisadi yeniliklərlə bağlı qətiyyətli mövqeyinin və iradəsinin şahidi olduğunu qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.Tərəflər vergilər sahəsində qarşılıqlı dəstək və operativ məlumat mübadiləsi barədə fikir mübadiləsi aparıb, Azərbaycan nümayəndə heyətinin vergilər sahəsində təcrübə mübadiləsi məqsədilə Gürcüstana səfər etməsi barədə razılıq əldə olunub.