Vergiler.az

Məktəblilər üçün fərqli bayram hədiyyəsi

 

Vergilər Nazirliyinin valideyn himayəsindən məhrum olan, eləcə də dərslərində yüksək nəticələr əldə edən məktəblilərə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı hədiyyəsi bu il xeyli fərqli oldu: uşaqlar Akademik Milli Dram Teatrında «Rəqs edən pinqvinlər» tamaşasına baxdılar. Tamaşadan sonra «Şaxta baba və «Qar qız»ın şənliyə qatılması uşaqların əhvalına əlavə rəng qatdı, balaca fidanlar doyunca şənləndilər, aldıqları həddiyyələr ürəklərincə oldu.

Tədbirin sonunda vergilər nazirinin müşaviri Elçin Məmmədov uşaqları  qarşıdan gələn əziz bayramlar münasibətilə təbrik edərək bildirdi ki, Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir: «Bu cür şənliklərin təşkilində məqsəd valideyn himayəsindən məhrum olmuş və qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, eləcə də dərslərində yüksək nəticələr əldə edən şagirdlərin təhsilə marağını stimullaşdırmaqdır. Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin maarifləndirilməsinə öz töhfəsini verir və maraqlı tərəflərlə davamlı inkişafa yönələn sosial layihələri dəstəkləyir. Nazirlik gələcəyin vergi ödəyicilərinin hazırlanması üçün  müxtəlif səpkili layihələr həyata keçirir. Hər il 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günündə «Vergilər uşaqların gözü ilə» rəsm və inşa müsabiqəsi, eləcə də şəhər və rayonların orta məktəbləri və uşaq-gənclər yaradıcılıq mərkəzləri ilə birgə müxtəlif tədbirlər təşkil olunur».

Fəxriyyə İKRAMQIZI