Vergiler.az

«Bir pəncərə» prinsipinin tətbiqinin 10 ili tamam olur

 

Prezident İlham Əliyevin  sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mğhitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə imzaladığı 2007-ci il 25 oktyabr tarixli sərəncam, eləcə də  2007-ci il 28 dekabr tarixli «Sahibkarlıq fəaliyyəti subyektlərinin Dövlət qeydiyyatının «bir pəncərə» prinsipinə uyğun təşkili iləəlaqədar ölkə başzısının bəzi fərmanlarına dəyişikliklər vəəlavələr edilməsi barədə» fərmanla Azərbaycanda sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə qeydiyyatının tətbiqi üçün hüquqi baza və mexanizmlər müəyyənləşdi. Vergilər Nazirliyi sahibkarlıq fəaliyyəti subyektlərinin vahid Dövlət qeydiyyatı orqanı müəyyən edildi. Bundan əlavə, Nazirlər Kabinetinin qərarı ilə Ədliyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Mğdafiəsi nazirliklərinə, Dövlət Sosial Mğdafiə Fondu və Dövlət Statistika Komitəsinə birlikdə «bir pəncərə» prinsipi üzrə sahibkarlıq fəaliyyəti subyektləri üçün vahid kodun qəbulunun təmin olunması tapşırıldı.

 

 

Yeni sistem nəyi dəyişdi?

«Bir pəncərə» sisteminin tətbiqində məqsəd kommersiya qurumlarının dövlət qeydiyyatı prosesində iştirak edən dövlət qurumları arasında asan məlumat mübadiləsinin təmin edilməsini həyata keçirmək idi. Layihə «Elektron hökumət» quruculuğu yolunda əsas elementlərdən biri idi.

Vergilər Nazirliyi dövlət başçısının qarşıya qoyduğu tapşırıqların icrası məq­sədilə həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də dövlət qeydiyyatının texniki təminatı sahəsində mühüm addımlar atdı.2008-ci il yanvarın 15-də nazirlik tərəfindən «bir pəncərə» ilə bağlı təqdimatın keçirilməsi ilə bu layihəyə start verildi.Yeni layihəyə əsasən, hüquqi şəxsin bir müraciəti əsasında dövlət qurumlarından Vergilər Nazirliyi vasitəsilə lazımi arayışlar və digər məlumatlar toplanaraq tez bir zamanda kommersiya qurumlarının qeydiyyatına şərait yaradıldı.Müqayisə üçün qeyd edək ki, «bir pəncərə» prinsipi tətbiq olunmazdan əvvəl hüquqi şəxsin qeydiyyatı üçün iki aya yaxın vaxt lazım idi.Sahibkar fəaliyyətə başlamaq üçün 13 prosedurdan keçməli, müxtəlif strukturlara eyni tipli sənədləri təqdim etməli idi.

Dövlət qeydiyyatının «bir pəncərə» prinsipi ilə elektron qaydada həyata keçirilməsi bu sahədə köklü dəyişikliklərə səbəb oldu, sahibkarların işini əhəmiyyətli dərəcədə asanlaşdırdı, bürokratik maneələri aradan qaldırdı. Biznesə başlamaq üçün qeydiyyat prosedurlarının sayı 6-dək, tələb olunan vaxt 8 günədək, o cümlədən qeydiyyat üçün lazım olan vaxt 3 günədək, təqdim olunan sənədlərin sayı isə 5 dəfə azaldıldı. «Bir pəncərə» sisteminin tətbiqinədək müxtəlif dövlət qurumları tərəfindən aparılan çoxpilləli qeydiyyat prosesində 500-dən artıq dövlət qulluqçusu iştirak edirdisə, hazırda bu, cəmi 85 əməkdaş tərəfindən yerinə yetirilir.

 

Əldə olunan nəticələr

Sahibkarlıq subyektlərinin qeydiyyatında həyata keçirilən yeni mütərəqqi islahatlar nəticəsində onların qeydiyyatının dinamikasında müsbət dəyişikliklər müşahidə olunub, hər il sahibkarlıq subyektlərinin sayında artım qeydə alınıb.2010-cu ildə 4296, 2011-ci ildə 5137, 2012-ci ildə 5417, 2013-cü ildə 7879, 2014-cü ildə 9130, 2015-ci ildə 6266, 2016-cı il isə 6700 hüquqi şəxs qeydiyyata alınıb. 2017-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə 134.566 vergi ödəyicisi qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28.961 vergi ödəyicisi və ya 27,4% çoxdur. Qeydiyyata alınanlardan 9864-ü hüquqi, 124.702-i fiziki şəxslərdir.Hüquqi şəxslərin qeydiyyatında artım 48% təşkil edir.Ümumilikdə isə son 10 ilə yaxın müddət ərzində ölkə üzrə qeydiy­yata alınmış hüquqi şəxslərin sayı 110 mindən artıq olub. Hüquqi şəxslərin  2008-ci ildə 93,7%-i, 2009-cu ildə 93,5%-i, 2010-cu ildə 91,7%-i, 2011-ci ildə 91,5%-i, 2012-ci ildə 92,9%-i, 2013-cü ildə 93,6%-i, 2014-cü ildə 92,2%-i, 2015-ci ildə 93,1%-i, 2016-cı ildə 96%-i, bu ilin 11 ayı ərzində isə 97,3%-i məhdud məsuliyyətli cəmiyyət (MMC) təşkilati-hüquqi formasında yaradılıb.

Biznes sahəsində aparılan islahatların növbəti mərhələsi kimi e-qeydiyyat sisteminin tətbiqi sahibkarlığın inkişafında yeni mərhələ açıb.Azərbaycanda yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı 2012-ci ildən tətbiq olunur.Bu gün ölkəmizdə kommersiya qurumlarının, o cümlədən xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialının dövlət qeydiyyatı iki gün, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı dərhal, adi elektron dövlət qeydiyyatı zamanı isə bir gün ərzində aparılır.Vergi Məcəlləsinə edilmiş dəyişiklik nəticəsində 2017-ci ildən başlayaraq, fərdi sahibkarların da vergi uçotuna alınması bir gün ərzində həyata keçirilir.

Təkcə cari ilin əvvəlindən 5785 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin qeydiyyatı elektron qaydada aparılıb. Hüquqi şəxslərin elektron qeydiyyatının xüsusi çəkisi son bir ildə 55,1%-dən 69,3%-dək artıb.

Azərbaycanda biznesin qeydiyyatı prosedurlarının asanlaşması xarici investorların da ölkəmizdə fəaliyyətini stimullaşdırıb.Xarici investisiyalı müəssisələrin qeydiyyatında nəzərəçarpan dinamika özünü göstərir. Hüquqi şəxslərin dövlət qeydiyyatının «bir pəncərə» prinsipi ilə qeydiyyata alındığı on il ərzində dövlət qeydiyyatına alınmış 36.254 hüquqi şəxsdən 5470-i xarici investisiyalı müəssisədir ki, bu da cəmi qeydiyyata alınan müəssisələrin 15,1%-ni təşkil edir. Son 11 ay ərzində qeydiyyata alınmış 558  xarici investisiyalı müəssisədən 147-si (26,3%) Türkiyə Respublikasının, 81-i (14,5%) İran İslam Respublikasının, 52-si (9,3%) Pakistan İslam Respublikasının, 39-u (7%) Rusiya Federasiyasının, 29-u (5,2%) Hindistanın, 25-i (4,5%) Ukraynanın, 25-i (4,5%) Gürcüstanın, 160-ı isə (29%) digər ölkələrin investorlarıdır.

 

Vergilər Nazirliyinin Çağrı Mərkəzi

Vergi qanunvericiliyinin təkmilləşdirilməsi üzrə strateji planın əsas prioritetlərinə vaxt itkisinə yol vermədən biznesin bir mənbədən qeydiyyata alınması, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, sosial və digər icbari ödənişlər barədə məlumat almaq imkanının yaradılması, vergi qanunvericiliyinin pozulması halları barədə müraciətlərin qəbul edilməsi daxil idi. Bu məqsədlə 2003-cü ildə nazirliyin «195» Çağrı Mərkəzi istifadəyə verildi.Mərkəz ilk dövrlər Bakı şəhərini əhatə etsə də, 2006-cı ilin may ayından onun əhatə dairəsi genişləndirilərək respublikanın bütün regionlarından sual və müraciətlərin qəbul edilməsini həyata keçirdi.

Çağrı Mərkəzi dövlət-vətəndaş münasibətlərinin müasir müstəvidə qurulmasında ən yaxşı platformalardan biri kimi qəbul olundu.Dövlət başçısının imzaladığı 11 avqust 2010-cu il tarixli sərəncamla təsdiq edilmiş «Elektron Azərbaycan» Dövlət Proqramında sahibkarlıq fəaliyyəti sahəsində digər tədbirlərlə yanaşı, universal Çağrı Mərkəzinin yaradılması barədə hökumətə tapşırıqlar verildi. Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli sərəncamı ilə universal Çağrı Mərkəzi layihəsinə 2015-ci ilin fevral ayından Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu da inteqrasiya edildi və 195 nömrəsi vasitəsilə xidmətlər göstərilməyə başlandı. 2011-ci ildə Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri İnstitutu tərəfindən keçirilmiş auditin nəticəsinə əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzinə Standartlaşma üzrə Avropa Komissiyası tərəfindən keyfiyyət sertifikatı təqdim olundu.

 

 «ASAN imza»

«Bir pəncərə»nin ardınca vergi ödəyiciləri üçün digər səmərəli tədbirlərə də start verildi. 2009-cu ildə vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə yeni Strateji Planın icrasına başlanıldı, ƏDV depozit hesabının tətbiqi  biznesin səmərəliliyinin yaxşılaşmasına imkan yaratdı. 2010-cu ildə «Elektron hökumət»in tətbiqi prosesinin əsaslı surətdə genişləndirilməsi,  elektron vergi hesab-fakturalarının tətbiqi ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirildi.

2011-ci ildə Vergilər Nazirliyi elektron xidmətlərin çeşidini genişləndirərək fiziki şəxslərin elektron qeydiyyatına start verdi.2012-ci ildə isə biznesin qeydiyyata alınması sahəsində irəliyə doğru ciddi addım atıldı - hüquqi şəxslərin elektron qeydiyyatına başlanıldı.2013-cü ilin may ayının 2-də təqdimatı keçirilən Vergilər Nazirliyinin elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzinin istifadəyə verilməsi ilə sahibkarlıq sahəsində ən uğurlu layihələrdən biri - «mobil hökumətin» açarı hesab edilən «ASAN imza»nın tətbiqinə start verildi.Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) ilə sıx inteqrasiya olunmaqla bütün mövcud kompüter əməliyyat sistemlərini və mobil qurğuları dəstəkləyən Mərkəz elektron imzaların Avropa ölkələri ilə qarşılıqlı tanınmasına imkan verdi.Bu, həm də Azərbaycan sahibkarlarının digər ölkə vətəndaşları ilə birgə şirkət qurmalarına və müqavilələrin elektron formada internet üzərindən imzalanmasına şərait yaratdı.Artıq Azərbaycanın «ASAN imza»sı beynəlxalq miqyasda da tanınır. 2014-cü ildə Avropa Parlamentində «Azərbaycanda innovasiyalar və mobil identifikasiya: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü» adlı konfransında Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi ilə Estoniya Sertifikat Mərkəzi arasında saziş imzalandı. Bununla da «ASAN imza» layihəsi Azərbaycan və Avropa İttifaqı arasında daha effektli əlaqələrin qurulmasına imkan yaratdı.

Onu da qeyd etmək yerinə düşər ki, 2014-cü ildən yerli vergi ödənişləri sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan bələdiyyələrində elektron vergi ödənişlərinin tətbiqi ilə bağlı pilot layihə həyata keçirilir.

 

E-xidmətlər üzrə

öndə gedən dövlət qurumu 

Bu gün Vergilər Nazirliyi mərkəzi icra hakimiyyəti orqanları arasında ən çox elektron xidmət göstərən dövlət orqanı kimi fəaliyyət göstərir.Qeydiyyat sahəsində bir çox xidmətləri, o cümlədən ilkin qeydiyyatı tam elektronlaşdıran nazirlik tərəfindən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan xidmət kanalları yaradılıb, yeni layihələr tətbiq edilməklə elektron xidmətlər genişləndirilib. Nazirliyin rəsmi internet səhifəsində ayrıca «Elektron xidmətlər» bölməsi yaradılıb,  göstərilən bütün elektron xidmətlər, onların inzibati reqlamentləri, istifadə təlimatları, o cümlədən videotəlimatlar burada yerləşdirilib. E-xidmətlərin sayəsində vətəndaşlar əlavə vaxt itkisindən və xərclərdən azad olunublar.

Qeydiyyatla bağlı inzibati reqlamentlər, ərizə formaları və onların doldurulma qaydaları, təşkilati-hüquqi formasından asılı olaraq kommersiya qurumlarının nizamnamə, qərar formaları və s. hazırlanıb, hər kəsin istifadə etməsi üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.Sahibkarların kommersiya hüquqi şəxs yaratmaq üçün hazırladıqları hüquqi sənədlərin qeydiyyat orqanına gəlmədən yoxlanılması üçün saytda idarənin hüquqşünaslarının elektron ünvanları yerləşdirilib.Bundan başqa, vergi əməkdaşları iş günü ərzində xidməti telefon və elektron poçt vasitəsilə müraciət etmiş şəxsləri maraqlandıran bütün suallara ətraflı cavab verirlər.

 

Qarşıda duran əsas hədəflər

Azərbaycan Prezidentinin «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında» 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələri çərçivəsində Vergilər Nazirliyi üzrə nəzərdə tutulmuş layihələrdən biri də yerli investisiyalı kommersiya hüquqi şəxslərin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi və məlumat dəyişikliyi prosedurunun sadələşdirilməsi üzrə layihənin tətbiqidir. Layihə üzrə zəruri işlər yerinə yetirilməkdədir.Diqqət mərkəzində saxlanılan məsələlərdən biri dövlət qeydiyyatı sahəsində işlərin daim təkmilləşdirilməsi, vergi ödəyicilərinin işinin daha da asanlaşdırılmasıdır. Dövlət başçısının «Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» fərmanının icrası məqsədilə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanun layihəsi hazırlanıb. Hazırda kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı yalnız yerli investisiyalı hüquqi şəxslər üçün mümkündür.«Rəqəmsal Ticarət Qovşağı» ilə bağlı layihənin tətbiqi isə xarici investisiyalı hüquqi şəxslərin də onlayn qeydiyyatının aparılmasına imkan verir.Bu addım kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının tamamilə elektron qaydada aparılmasına şərait yaradacaq. Nəzərə alsaq ki, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı elektron qaydada 1 gün, kağız daşıyıcıda isə 2 gün ərzində həyata keçirilir, bu layihə reallaşandan - qeydiyyat tam elektronlaşandan sonra qeydiyyat prosesinin müddətinin daha da azalmasına nail olunacaqdır. Bu isə beynəlxalq hesabatlarda və reytinq sıralamalarında Azərbaycanın mövqeyinin daha da irəliləməsinə təkan verəcək.

 

Vergi islahatları ilə bağlı Azərbaycanın

beynəlxalq hesabatlarda mövqeyi

«Bir pəncərə» sisteminin tətbiqi yerli və əcnəbi sahibkarlarla yanaşı, beynəlxalq ictimaiyyətin də müsbət reaksiyası ilə qarşılandı.Prosedurun şəffaflığı və operativliyi Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər mötəbər təşkilatlar tərəfindən yüksək qiymətləndirildi və Azərbaycanın iqtisadi reytinqinə müsbət təsir göstərdi.Beynəlxalq Maliyyə Korporasiyası «bir pəncərə» prinsipi ilə qeydiyyatın aparılmasını mütərəqqi dünya təcrübəsi kimi qiymətləndirdi, bunun Azərbaycanda tətbiqinin biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş mühüm addım olduğunu bəyan etdi. Dünya Bankının «Doing Business-2009» hesabatında Azərbaycan ən islahatçı ölkə kimi tanındı, ölkəmizdə müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi sayəsində vergi inzibatçılığının təkmilləşdirilməsi, biznesin fəaliyyətinin yaxşılaşmasına təkan verən mütərəqqi islahatların aparılması nüfuzlu beynəlxalq təşkilatların növbəti hesabatlarında da yüksək qiymətləndirildi. «Standard & Poor’s», «Moody’s Investors Servises», «Fitch» və s. kimi beynəlxalq reytinq agentlikləri Azərbaycanda biznesə başlama prosedurlarının sadələşdirildiyini, vergilərin ödənişi sahəsində elektron xidmətlərin genişləndiyini qeyd etdilər.

Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən «Doing Business-2018» hesabatında Azərbaycan biznesin qeydiyyatı ilə bağlı ən yaxşı islahatçı ölkələrdən biri kimi qiymətləndirilib. Hesabatdakı indekslərdən ikisi: «Biznesə başlama» (Starting business) və «Vergilərin ödənilməsi» (Paying taxes) birbaşa vergi məsələlərinə aiddir. Azərbaycan «Biznesə başlama» indeksi üzrə üzrə 18-ci yerdə, «Vergilərin ödənilməsi» üzrə indeksi üzrə 35-ci yerdə qərarlaşıb.«Biznesə başlama» reytinqi sahibkarın biznesə başlaması üçün təcrübədə tələb olunan inzibati prosedurların sayını, sərf olunan vaxt və xərclərin miqdarını, həmçinin ödənilmiş minimum kapitalın həcmini ifadə edir.Bu il hesabatda əlavə prosedur olaraq işçilərlə bağlanmış əmək müqavilələri qeyd edilib ki, bu prosedur da ölkəmizdə elektronlaşdırılıb.Biznesə başlamaq istəyən hər bir vətəndaşın elektron imzadan istifadə etməklə işçisi ilə bağladığı əmək müqaviləsini «Elektron hökumət» portalı üzərindən rəsmiləşdirmək imkanı var.Ölkəmizdə sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində biznesə başlama prosedurları əsaslı surətdə sadələşdirilib.Fərdi sahibkarların və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı elektron üsulla aparılır.Fiziki şəxslərin elektron formada dərhal vergi uçotuna alınması təmin edilib, kommersiya hüquqi şəxslərin «e-qeydiyyat» sisteminin tətbiqi dövlət qeydiyyatı ərəfəsində yerinə yetirilməli olan məcburi prosedurlara və ümumilikdə qeydiyyatın aparılmasına sərf edilən müddəti xeyli azaldıb. Vergi Məcəlləsində edilən bir sıra mühüm dəyişikliklərin qüvvəyə minməsi,  o cümlədən vergi partnyorluğu sazişinin tətbiqinə başlanılması ölkədə vergi mühitinin liberallaşmasına müsbət təsir göstərib. «Biznesə başlama» göstəricisi üzrə kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün yerinə yetirilməli olan prosedurların sayı 2-yə endirilib.Bunun üçün sərf edilən müddət 3 gün, tələb olunan məbləğ isə 72 manatdır.Burada onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə 1 gün, onlayn qeydiyyatdan keçmə üzrə isə (VÖEN və ƏDV qeydiyyatı daxil) 2 gün gözləmək lazım gəlir.«Biznesə başlama» göstəricisi xarici investisiya və yeni texnologiyaların axını üçün stimullaşdırıcı təsir göstərən amil kimi dəyərləndirilir.Bu, həmçinin, xarici investisiyalar və yeni texnologiyaların axınına stimullaşdırıcı təsir edən amil kimi dəyərləndirilir və ölkədə əlverişli sərmayə mühitinin təşəkkülünə təkan verir.Azərbaycanın nüfuzlu beynəlxalq hesabatda həmin indeks üzrə 18-ci yerdə olması ölkənin azad biznesə açıq olduğunu nümayiş etdirir ki, bunun da xarici investisiyalar üçün böyük əhəmiyyəti vardır.

Elbrus CƏFƏRLİ