Vergiler.az

Qeyri-neft məhsullarının ixracı 22 faizdən çox artıb

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin «İxrac icmalı»nın nüvbəti buraxılışı təqdim edilib. İcmala əsasən, bu ilin 11 ayıərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon ABŞ dolları həcmində olub və bu əməliyyatlarda 1824 subyekt iştirak edib.

«Azexport.az» portalının rəhbəri Zaur Qardaşovun sözlərinə görə, ölkədə istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinin artırılması, iqtisadi strukturunun diversifikasiyası istiqamətində mühüm addımlar atılır: «Azərbaycan Prezidentinin 18 yanvar 2016-cı il tarixli sərəncamı qeyri-neft sektorunda istehsal olunan məhsulların ixracının stimullaşdırılması üçün vacib sənəddir. Sərəncamda Nazirlər Kabinetinə xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınması, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən məbləği və ödənilmə mexanizmi haqqında layihə hazırlamaq tapşırılıb. İqtisadiyyat Nazirliyi isə potensial ixrac bazarları ölkələrində logistika mərkəzlərinin yaradılması və ixracyönümlü istehsal üçün kredit güzəştlərinə müvafiq dəyişikliklər edilməsi ilə bağlı təkliflər verməlidir».

Bildirilib ki, ixrac potensialının stimullaşdırılmasında əsas məsələ rəqabətqabiliyyətli məhsul istehsalının üzərinə düşür.Bu baxımdan, Azərbaycanda sahibkarların səmərəli işləməsi üçün dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. İxracı stimullaşdırmaq üçün dünya bazarında həmin məhsullara tələbin öyrənilməsi, marketinq fəaliyyətinin qurulması, məhsulların tanınması üçün şirkət nümayəndələrinin beynəlxalq sərgilərdə iştirakı, beynəlxalq sertifikatların alınması, həmçinin xarici bazarlara ixrac edilən məhsulların daşınmasında sərf olunan nəqliyyat xərc­lərinə dövlət tərəfindən güzəştlərin tətbiqi və s. vacib şərtlərdir.

2017-ci ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixracın həcmi 1 milyard 387 milyon ABŞ dolları həcmində olub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 22 faizdən çoxdur. İxrac əməliyyatlarında 1824 subyekt iştirak edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2017-ci ilin 11 ayı ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib (498 milyon dollar həcmində), Türkiyəyə 264 milyon, İsveçrəyə 133 milyon, Gürcüstana 120 milyon və İtaliyaya 52 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2017-ci ilin 11 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci yerdə olub (140,2 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri qızıl (116,4 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (105 milyon ABŞ dolları) tutub. 11 ay ərzində meyvə-tərəvəz ixracı 453 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 109 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 88 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 74 milyon, kimya sənayesi məhsullarının ixracı 72 milyon, pambıq ixracı 45 milyon, elektrik enerjisi ixracı 41 milyon, şəkər ixracı 39 milyon, çay ixracı 9 milyon ABŞ dolları təşkil edib.

2017-ci ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 168 milyon ABŞ dolları dəyərində olub və 442 subyekt tərəfindən 168 milyon ABŞ dolları məbləğində ixrac əməliyyatları həyata keçirilib. Noyabr ayı üzrə ixrac olunan əsas mallar xurma, qabığı təmizlənmiş meşə fındığı, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), alma, xiyar və kornişonlar, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, tomat, aşqarlanmamış alüminiumdan qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, ağ şəkər, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, daş kömür qatranının yüksək temperaturlu qovulmanın digər yağları və məhsulları, kimyəvi toxuculuq materiallarından böyük tutumlu elastik keçid konteynerləri, dəmirdən və ya aşqarlanmamış poladdan isti yayılmış digər burulmuş çubuqlar və s. olub. Noyabr ayında xurmanın ixracının dəyəri 39,7 milyon ABŞ dolları, qızılın ixracının dəyəri 17,9 milyon ABŞ dolları və qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 16,1 milyon ABŞ dolları təşkil edib. Noyabr ayında qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və İtaliya təmsil olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 2 dəfə, pambığın ixracı 2,3 dəfə, çayın ixracı 65 faiz, meyvə-tərəvəzin ixracı  35 faiz, kimya sənayesi məhsullarının ixracı 35 faiz artıb.

F. İKRAMQIZI