Vergiler.az

Mühasiblərə texnologiyanın son yenilikləri təqdim edilib

 

Dekabrın 24-də Azərbaycan Sahibkarlar Konfederasiyasının binasında «Vergi uçotu və mühasibat uçotu sahəsində yeni tətbiqlər» mövzusunda seminar keçirilmişdir. Milli Mühasiblər Forumunun təşkil etdiyi tədbirdə 100-ə yaxın təşkilatdan, o cümlədən  Energetika, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, SOCAR, «Azərsun Holding», «Azəravtoyol» ASC, «Nestle Azərbaycan», «Azərbaycan Hava Yolları» QSC və s. kimi iri şirkətlərin mühasibləri və mütəxəssisləri iştirak etmişlər.           

Milli Mühasiblər Forumunun sədri Ruslan Atakişiyevin və Fondun Təşkilat Komitəsinin üzvü, Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımovun giriş nitqlərindən sonra söz təlimçilərə verilmişdir.  «Professional mühasib» jurnalının baş redaktoru Mehdi Babayev «Elektron qaimə-fakturaların tətbiqi və vergi orqanı tərəfindən göndərilən uyğunsuzluq məktubları», «SM konsaltinq» şirkətinin direktoru Emin Səttarov «Sadələşdirilmiş vergi bəyannamələrinin doldurulması qaydaları», İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezdenti Radil Fətullayev «Sadələşdirilmiş (mənfəət) vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin doldurulması qaydaları» barədə təqdimatla çıxış etmişlər. Sonra SOCAR-ın mühasibi Kəmaləddin Quliyevin «Kredit almaq məqsədilə müəssisənin maliyyə təhlilinin aparılması» mövzusunda məruzəsi dinlənilmişdir.

Qeyd edək ki, Milli Mühasiblər Forumunun təşkilatçıları Vergilər Nazirliyi, Auditorlar Palatası, Sahibkarlar Konfederasıyası, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi, Gənc Mühasiblər Birliyi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzidir.