Vergiler.az

«Özəlləşdirmə portalı» investorlara geniş imkanlar yaradır

 

Prezident İlham Əliyevin «Dövlət əmlakının özəlləşdirilmə­si­nin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» imzaladığı fər­mana əsasən, ölkədə bu sahəyə yeni yanaşmalar tətbiq edilir, özəlləşdirmə prosesi sürətləndirilir, potensial investorların cəlb olunması ilə bağlı işlər davam etdirilir. Bu tədbirlərdən biri də «Özəlləşdirmə portalının» (privatization.az) istifa­də­yə verilməsidir.

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilmişdir ki, Azərbaycanda özəlləşdirilməyə çıxarılmış dövlət əmlakı, o cümlədən səhmdar cəmiyyətləri, iri müəssisələr, kiçik dövlət müəssisələri, qeyri-yaşayış və torpaq sahələri, avadanlıqlar və nəqliyyat vasitələri barədə müfəssəl məlumatlar bu portalda yerləşdirilir. Portal Azərbaycanda özəlləşdirmə prosesində iştirak etmək istəyən bütün investorlar üçün biznes portfelinə uyğun olaraq daşınmaz əmlak seçimi ilə bağlı geniş imkanlar yaradır: burada həm özəlləşdirilməyə çıxarılan əmlaklar barədə məlumatı əldə etmək, hərracları canlı izləmək, habelə prosesə onlayn qatılaraq özəlləşmədə iştirak etmək mümkündür.

Portalda özəlləşmə prosesini əhatə edən investisiya müsabiqələri, hərraclar barədə məlumatlar operativ şəkildə yenilənir.Ziyarətçilər investisiya müsabiqələri bölməsinə daxil olmaqla müsabiqə vasitəsilə özəlləşəcək açıq səhmdar cəmiyyətlərinin siyahısı ilə tanış ola bilirlər.Saytda müsabiqəyə çıxarılan müəssisələr sənaye, aqrar, inşaat, xidmət, səhiyyə, telekommunikasiya, nəqliyyat sahələri üzrə müxtəlif kateqoriyalara bölünüb.Burada həmin əmlaklar barəsində məlumatlar, onların fəaliyyət istiqaməti, bazardakı perspektivləri, mövqeyi kimi informasiyalar yer alıb.Həmçinin müəssisələrin foto-şəkilləri, əsas istehsal sahələri və onların qısa xarakteristikası, o cümlədən investisiya qoyuluşunda üstün cəhətlər, müəssisənin imkanları, bazarda mövcud olan rəqiblər haqqında ətraflı məlumatlar yerləşdirilib.Aydın məsələdir ki, əmlaklarla əvvəlcədən tanışlıq investora öncədən fəaliyyətini planlaşdırmağa, bazarı ətraflı təhlil etməyə, mövcud riskləri analiz etməyə imkan verir.İnvestorlar, iş adamları hərraca çıxarılacaq dövlət əmlakları barədə hər həftə yenilənən məlumatlar əldə edə bilərlər.Həmin əmlaklar hərracın keçirilməsindən bir ay öncə portalda yerləşdirilir.

Hərraclar vasitəsilə əmlakını özəlləşdirmək istəyən iş adamları privatization.az saytına daxil olmaqla elektron qaydada sifariş vermək, hərraclarda onlayn iştirak etmək imkanına malikdirlər.Portalda fəaliyyət göstərən «onlayn məsləhət pəncərəsi»nin məqsədi isə özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılmasıdır.

FƏXRİYYƏ