Vergiler.az

«Mobil hökumət» konsepsiyası hazırlanır

 

Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş «Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi»ndə 2017-2018-ci illərdə dövlət sektoru daxilində, eləcə də dövlət sektoru ilə əlaqələr zamanı yazışmaların tamamilə elektronlaşdırılması və kağız daşıyıcılardan istifadənin aradan qaldırılması nəzərdə tutulur.

Yol xəritəsində bildirilir ki, «Elektron hökumət» portalındakı xidmətlərə «ASAN xidmət» standartlarının tətbiqi nəzərdən keçiriləcək, dövlət xidmətlərinin göstərilməsinin təsirləri və rentabelliliyinin artırılması istiqamətində addımlar təhlil olunacaq, onların inkişaf etdirilməsi zamanı səmərəlilik məsələsinə xüsusi diqqət ayrılacaq. Dövlət xidmətlərinin göstərilməsinin qiymətləndirilməsi üçün metodologiyanın hazırlanması nəzərdən keçiriləcək və hazırlanacağı təqdirdə, bu metodologiyada xidmətlərin həm müştərilərin, həm də dövlət qurumlarının iş prosesi üçün yaratdığı inzibati yük nəzərə alınacaq.

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada Strateji Yol Xəritəsində 2017-2018-ci illərdə hazırlanması nəzərdə tutulan «mobil hökumət» konsepsiyası ilə bağlı məsələ müzakirə edilib.Mövzunu şərh edən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, «mobil hökumət» dövlət xidmətlərinin daha effektiv formada çatdırılması üçün geniş imkanlar yaradır.Hazırda ölkədə mobil tətbiqi olan dövlət qurumlarının və mobil formata keçirilmiş xidmətlərin sayı çox azdır.Hazırlanacaq konsepsiya bu sahədə görüləcək işlərin planlaşdırılması, inteqrasiyanın və vahid standartların müəyyən edilməsi, resurslardan effektiv istifadə olunması üçün mühüm sənəddir.

«Mobil hökumət» konsepsiyası Strateji Yol Xəritəsində nəzərdə tutulan fəaliyyət növlərindən biri kimi «ASAN xidmət» tərəfindən yaradılmağa başlanılıb və artıq ilkin versiyası üzərində bir neçə dövlət qurumları ilə müzakirələr həyata keçirilib. İndiki məqamda daha çox vətəndaş cəmiyyəti nümayəndələrinə, ekspertlərə bununla bağlı məlumatın verilməsi, eyni zamanda hökumət blokunun yaradılması məsələləri öz əksini tapıb.

FƏXRİYYƏ