Vergiler.az

«Şəffaf vergi partnyorluğu» layihəsi uğurla davam etdirilir

 

Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» sərəncamında vergi sahəsində həyata keçirilməsi planlaşdırılan tədbirlərin əsas istiqamətlərindən biri də vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidinin və keyfiyyətinin artırılmasıdır. Vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin daha şəffaf qurulması və yüksək səviyyəyə çatdırılması, nümunəvi vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığının sadələşdirilməsi bu istiqamətin başlıca hədəflərindəndir.

Vergi ödəyicisi və vergi orqanı arasında qarşılıqlı etimad və əməkdaşlığa söykənən münasibətlərin formalaşması vergilərin məcburi yığımından könüllü yığımına keçidin əsas şərtlərindəndir. Könüllü əməletmə səviyyəsinin artırılması isə vergi ödəyicilərinə geniş spektrli xidmətlərin göstərilməsi, vergilərin hesablanması və ödənilməsi sisteminin sadələşdirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında əlaqələrin daha da təkmilləşdirilməsindən asılıdır. Vergilər Nazirliyi könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir. Hazırda nazirlik tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 64-ə çatdırılıb, vergi orqanlarına göndərilən bəyannamələrin 90%-dən çoxu elektron formada təqdim olunur. Vergi bəyannamələrinin könüllü təqdim edilməsi göstəriciləri,vergi növlərindən asılı olaraq, 80-90 faiz arasında dəyişir.

Vergilər Nazirliyi tərəfindən könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin partnyorluq müstəvisində təşkil olunmasıdır. Ötən ilin sonundan «Şəffaf vergi partnyorluğu» layihəsinə başlanılması tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində yeni bir yanaşma olmuşdur. Bu, ilk növbədə, intizamlı vergi ödəyiciləri ilə işin aparılmasını nəzərdə tutan bir sistemdir. Vergi öhdəliklərini vaxtında yerinə yetirən ödəyicilərə xüsusi münasibətin göstərilməsi beynəlxalq praktikada geniş yayılmışdır. Vergi öhdəliklərini yerinə yetirməyən, problemli ödəyicilərdən fərqli olaraq, intizamlı vergi ödəyicilərinə xidmətlər sürətli və fərdi qaydada həyata keçirilir.

Partnyor vergi ödəyicilərinin seçimi «Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri ilə işlərin təşkili Qaydaları»na uyğun aparılır. Partnyor ödəyici statusu almaq üçün vergi ödəyicisi:

· vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə təqdim etməli;

· vergiləri tam həcmdə və vaxtında ödəməli;

· fəaliyyət göstərdiyi iqtisadi fəaliyyət sahəsinə uyğun olaraq işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin sayını və onlar üzrə müəyyən olunan əmək haqlarını düzgün bəyan etməli;

· mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına əsasən aparmalı;

· gücləndirilmiş elektron imzaya sahib olmalı və yazışmaların elektron şəkildə aparılmasına üstünlük verməli;

· saxta sənədlər (o cümlədən ciddi hesabat sənədləri) qəbul və təqdim etməməli (əmtəəsiz əməliyyatlar aparmamalı);

· son 3 il ərzində iqtisadi sahədə cinayətin törədilməsinə görə barəsində cinayət təqibi aparılmamalıdır (bəraətverici əsaslarla icraatına xitam verilmiş cinayət işləri istisna olmaqla).

«Şəffaf vergi partnyoru» statusu almaq üçün vergi ödəyicisinin müraciəti və ya onun qeydiyyatda olduğu vergi orqanının qərarı əsasında namizədlər müəyyən edilir, onların yuxarıda qeyd olunan meyarlara uyğunluğu araşdırıldıqdan sonra vergi orqanı tərəfindən müsbət rəy verildiyi halda, Vergilər Nazirliyinin müvafiq strukturu tərəfindən bu məlumat bir daha araşdırılır və yekun olaraq vergi ödəyicisinə «Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə» unikal koda malik olması barədə bildiriş təqdim olunur.

2017-ci ilin əvvəlindən partnyor ödəyici statusunun alınması üçün vergi orqanları tərəfindən seçilən və ya vergi orqanlarına müraciət edən 841 vergi ödəyicisi barədə məlumatlar «Şəffaf vergi partnyoru» ekranına daxil edilmiş və meyarlara uyğun olduğu müəyyən edilən 480 (o cümlədən Bakı şəhəri üzrə 221) vergi ödəyicisinə «Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə» bildirişlər təqdim olunmuşdur.

Vergi orqanları tərəfindən şəffaf vergi partnyorlarına «Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə» bildirişlərin təqdimat mərasimləri keçirilmişdir. Yanvar-noyabr aylarında partnyor ödəyicilərə  telefon vasitəsilə 4131 məlumatlandırma xidməti göstərilmiş, 6889 maarifləndirici bildiriş təqdim edilmiş, 326 ünvanlı xidmət göstərilmişdir.

Hazırda respublika üzrə 51 xidmət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə partnyor vergi ödəyicilərinə xidmətlərin göstərilməsinə dair xüsusi masa ayrılmış, reklam lövhəsi yerləşdirilmiş, partnyor vergi ödəyicilərinin növbədənkənar qəbulu üçün növbə terminalının proqram təminatında sürətli keçid üçün «Yaşıl dəhliz» adında seçim imkanı yaradılmışdır. Bu  ilin 11 ayı ərzində 438 partnyor vergi ödəyicisinə müvafiq xidmətlər göstərilmişdir.

Çağrı Mərkəzinə zəng etdikdə partnyor vergi ödəyiciləri səsli menyuda yaradılan xüsusi xətdən istifadə edirlər. Sürətli xidmətlərin göstərilməsi məqsədilə səsli menyuda dəyişiklik edilərək partnyor ödəyicilər üçün ayrıca xətt (4-cü düymə) yaradılmışdır.

Partnyor vergi ödəyicilərinə bir sıra ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlər də təqdim edilir. Vergilər Nazirliyinin internet saytının AKTUAL bölməsində şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün fərdi və sürətli xidmətlərin göstərilməsi prinsipini əks etdirən «Yaşıl dəhliz» alt bölməsi yaradılmış və burada layihə barədə müxtəlif məlumatlar yerləşdirilmiş, o cümlədən partnyor vergi ödəyicilərinin adları qeyd olunmuşdur.