Vergiler.az

Nağdsız ödəniş imkanları genişləndirilir

 

Mərkəzi Bank (MB) nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə banklarla birgə Banklararası Kart Mərkəzi üzərindən keçən əməliyyatlar üzrə interçeync xidmət haqqının sıfır dərəcəsində təyin olunması barədə razılıq əldə edib. Aparılan əməliyyatların xidmət haqlarının tətbiq edilməməsi ilə emal olunması məqsədilə Banklar­arası Kart Mərkəzi səviyyəsində yeni Merchant Category Code (MCC kod) təyin edilib. Bu qərar nağdsız aparılan əməliyyatlar üzrə hesablaşmalarda effektivliyin artırılması, xidmət haqlarının bazar tələblərinə uyğun çevik tənzimlənməsinin təşkili, nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından əhəmiyyətli hesab olunur.  

MB-nin məlumatına görə, ölkədə nağdsız əməliyyatların həcminin genişləndirilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası və «ASAN xidmət» mərkəzləri ilə birgə tədbirlər keçirilməkdədir. «Hökumət ödəniş portalı» (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması üçün «ASAN xidmət» mərkəzlərində POS-terminallar quraşdırılaraq vətəndaşların istifadəsinə verilib və onların vasitəsilə kütləvi xidmətlərin və büdcə ödənişlərinin nağdsız formada ödənilməsi mümkündür.

Hazırda MB ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi tədbirlərini davam etdirir. Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəflərə çatmaq üçün hazırlanmış müvafiq Dövlət Proqramının strateji məqsədi iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan tranzaksiyaların əhəmiyyətli dərəcədə genişlənməsi, bununla da nağd ödənişlərin miqyasının minimuma endirilməsi, eləcə də bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi, nağd pul tədavülü ilə bağlı yaranan tranzaksiya xərclərinin azaldılmasıdır. Proqram çərçivəsində rəqəmsal iqtisadiyyata keçidlə bağlı infrastrukturun gücləndirilməsi, effektiv tənzimləmə metodlarının tətbiqi, ödəniş sistemlərinin texniki inkişafı, mobil operatorlara rəqəmsal ödəniş fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi, milli ödəniş sistemi və bank hesabları arasında inteqrasiyanın artırılması, avtomatlaşdırılmış kommunal xərc ödənişlərinin genişləndirilməsi nəzərdə tutulur.

Əsas prioritetlər sırasında sahibkarlıq subyektləri tərəfindən aparılan maliyyə əməliyyatlarının tamamilə nağdsızlaşdırılması, rəqəmsal ödənişlər üçün komisyon haqların ödənişində güzəştlərin müəyyənləşdirilməsi də yer alıb. Bu hədəflərə nail olmaq üçün internet və mobil bank sistemlərində elektron imzanın əhatə dairəsinin 2020-ci ildə 80-100% səviyyəsinə çatdırılması, POS-terminallar vasitəsilə həyata keçirilən əməliyyatların məbləğinin 400 milyon manatdan 2,7 milyard manatadək artırılması, nağdsız qaydada həyata keçirilən kart əməliyyatlarının xüsusi çəkisinin 2020-ci ilədək 30%-ə, 2025-ci ilədək 50%-ə, 2025-ci ildən sonra isə 80%-ə çatdırılması nəzərdə tutulub.

ELBRUS