Vergiler.az

Kibercinayətkarlığa qarşı mübarizə gücləndirilir

 

Dekabrın 15-də Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi arasında anlaşma memorandumu imzalanıb.

Memorandum Azərbaycanın bank sektorunda kibertəhlükəsizlik, kibercinayətkarlıq hallarının qarşısının alınması, informasiya texnologiyaları təhlükəsizliyinin təmin edilməsi və maliyyə sektorunun əməkdaşlarının bu sahədə bilik səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsi məqsədi daşıyır.

Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov bildirib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş fəaliyyət planına əsasən, agentlik tərəfindən informasiya texnologiyalarının təhlükəsizliyi sahəsində MBNP-yə texniki dəstəyin göstərilməsi, daxili informasiya təhlükəsizliyi siyasətinin (qaydalarının) formalaşdırılması, eləcə də E-poçt təhlükəsizliyin təmin edilməsi, bank hesabları ilə əməliyyatlarda trafikin qorunması və CSRF (Cross-Site Request Foregery) təhlükəsizliyi, proqram təminatında kənar resurslardan hazır kodların çağırılması və kənar kodların istifadəsinin yaratdığı təhlükələrin aradan qaldırılması və s. üzrə təlimlərin keçirilməsi istiqamətində əməkdaşlıq nəzərdə tutulur. Qeyd olunub ki, sadalanan istiqamətlər üzrə birgə əməkdaşlıq sayəsində maliyyə bazarlarının iştirakçıları yarana biləcək təhlükələrdən daim mühafizə olunacaq, bunun da nəticəsində vətəndaşlar təhlükəsiz maliyyə xidmətlərindən faydalana biləcəklər.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəis müavini Azər Əhədovun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlıq çox faydalı olacaq. Qarşılıqlı əməkdaşlıq çərçivəsində səyləri birləşdirməklə və bu sahədə uzun illər ərzində əldə edilən təcrübəni bölüşməklə qlobal və regional kibertəhdidlərlə mübarizədə daha böyük uğurlar əldə etmək mümkün olacaqdır. Memorandum çərçivəsində MBNP və onun nəzarət subyektləri xüsusi interaktiv xidmət portalına qoşulmaqla informasiya təhlükəsizliyi sahəsində müvafiq istiqamətlər üzrə tələb olunan vacib məlumatları əldə edəcək, təhlükələr barədə xəbərdar olunacaq, informasiya təhlükəsizliyi kitabxanası və «İnformasiya təhlükəsizliyi» jurnalının xidmətlərindən yararlana biləcəklər.

Bundan əlavə, agentlik tərəfindən digər dövlət orqanlarına göstərilən təhlükəsiz İnternet, DNS, Hosting, E-poçt, həmçinin istifadəçilərin təhlükəsizliyi üçün antivirus həlləri kimi xidmətlər MBNP və onun nəzarət strukturlarına təklif ediləcək.