Vergiler.az

Vergi ödəyicilərinə xidmət mərkəzləri rahatlığa və operativliyə təminat verir

 

Vergilərin könüllü ödənilməsi sisteminin gücləndirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin forma­laş­dırıl­ması, vergi ödəyicilərinə göstərilən xidmət­lərin genişləndirilməsi və daha əlzatan olması məqsədilə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusilə vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılır.

Hazırda respublikada müasir standartlara cavab verən 57 xidmət mərkəzi uğurla fəaliyyət göstərir. Xidmət mərkəzləri vergi ilə bağlı məsələlərin operativ həlli istiqamətində vergi ödəyicilərinə yardımçı rolunu oynayır. Müasir kompüter və avadanlıqlar, sürətli internet sistemi ilə təchiz edilmiş mərkəzlərin əsas məqsədi həmin regionda fəaliyyət göstərən sahibkarlara müasir standartlara uyğun vergi xidmətləri göstərməkdir.

Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsi ən vacib məsələlərdəndir. Bu istiqamətdə görülən işlər çərçivəsində intizamlı vergi ödəyiciləri üçün «Yaşıl dəhliz» prinsipi əsasında şəffaf vergi partnyorluğu münasibətlərinin qurulması, onlara göstərilən xidmətlərin yüksək səviyyədə təşkili xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, xidmət mərkəzlərində sahibkarlara vergi uçotuna alınmaq, vergi qanunvericiliyinin tətbiqi, vergi bəyannamələrinin tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması kimi xidmətlərin göstərilməsi, müraciət edənlərə büdcəyə olan borclarını öyrənmək və öz şəxsi vərəqələrinə nəzər salmaq imkanı yaradılması xüsusilə sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün böyük imkanlar yaradır. Sabit vergi ödəyicisi kimi qeydiyyatdan keçən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi də xidmət mərkəzlərindən əldə etmək imkanı qazanıblar.

Regionlarda fəaliyyət göstərən  vergi ödəyicilərinə xidmət mərkəzlərində normativ sənədlər və bukletlərdən ibarət məlumat guşəsi yaradılıb ki, bu da sahibkarlıqla məşğul olan şəxslərin daha dolğun məlumatlandırılması işinə mühüm töhfə verir. Bütün xidmətlərin ödənişsiz həyata keçirildiyi mərkəzlərdə müvafiq ərazi vergi orqanı ilə fasiləsiz rabitə üçün telefon xətti və faks quraşdırılıb, vergi sahəsində tələb olunan məlumat bazası ilə təchiz edilmiş kompüterlər vergi ödəyicilərinin ixtiyarına verilib. Eyni zamanda xidmət mərkələrində fiziki şəxslərin qeydiyyatı prosesi həyata keçirilir. Bundan başqa ödəyicilərə vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı telefon vasitəsilə məlumatlar verilir.

Xidmət mərkəzlərinin əməkdaşları sahibkarlara vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat və izahatların verilməsi işinə xüsusi diqqət yetirirlər. Vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və vəzifələri, vergi qanunvericiliyinin tətbiqi məsələləri, vergi bəyannamələrinin təqdim olunma müddətləri, vergi güzəştlərindən istifadə edilməsi  barədə vətəndaşlara ətraflı məlumatlar verilir, ərizə, arayış və digər blankların düzgün tərtib olunması üçün lazımi kömək göstərilir. 

Lakin müşahidələr göstərir ki, vergi ödəyiciləri xidmət mərkəzlərinin imkanlarından maksimum yararlanmırlar və nəticədə öz işlərində müəyyən çətinliklərlə üzləşirlər. Hətta bəzi vergi ödəyiciləri hansı ünvana müraciət edəcəklərini belə, bilmədiklərini deyirlər. Xatırladaq ki, xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayonlar, onların ünvanları, əlaqə nömrələri, hətta hansı avtobuslarla mərkəzlərə gəlmək imkanı haqqında məlumatları Vergilər Nazirliyinin rəsmi internet saytından (http://www.taxes.gov.az/modul.php?name=terminal&cat=3) əldə etmək mümkündür.

 

Xidmət mərkəzlərinin fəaliyyətindən yararlanan vergi ödəyicilərinin təəssüratları:

Sahibkar Mübariz İbrahimov hesab edir ki, regionlardaki xidmət mərkəzlərinin fəaliyyətindən və buradakı özünəxidmət kompüterlərinin fəaliyyətindən yararlanan iş adamları vergi ödənişləri ilə bağlı hər hansı problemlə qarşılaşmırlar: «Çünki bəyannamələrin doldurulması, vergi ödənişi prosedurları zamanı yarana biləcək texniki məsələlər dərhal aradan qaldırılır və ödəyicilər qısa zaman kəsiyində vergi ilə bağlı işlərini həll edə bilirlər. Xidmət mərkəzində  elektron və digər xidmətlərin göstərilməsi üçün lazım olan bütün şərait yaradılıb. Artıq vergi məsələləri ilə bağlı ərazi vergilər idarəsinə, departamentlərə getməyə gərək yoxdur. Burada rahat şəkildə bəyannamə və digər hesabat sənədlərini tərtib edə və lazımi izahatlar ala bilirik. Hər bir vergi ödəyicisinə bu mərkəzlərin xidmətlərindən yararlanmağı tövsiyə edirəm».

Vergi ödəyicisi Həbib Yusifovun sözlərinə görə, xidmət mərkəzlərinin köməyi ilə bütün sənədləşmə işlərini operativ şəkildə həll edə bilir, lazım olan məlumatları əldə etmək imkanı qazanır: «Vergi orqanlarına, əsasən, vergi qanunvericiliyi  və elektron xidmətlərlə bağlı müraciət edirəm. Burada göstərilən xidmətlər işimizi xeyli asanlaşdırır». 

Sahibkar Xanlar Qasımov da xidmət mərkəzlərinin regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyir: «Mərkəzdə sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyən şəxslərə zəruri kömək göstərilir. Bu, öz biznesini qurmaq istəyən hər kəsi sevindirir, fəaliyyətinin genişlənməsinə şərait yaradır».

Rəşad SADIQOV