Vergiler.az

Sadələşdirilmiş vergi

 

Bank hesablarından pul vəsaitlərinin nağd qaydada çıxarılması zamanı 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması sadələşdirilmiş verginin ödəyicilərinə aid edilirmi?

 

Vergi Məcəlləsinin 150.3-3-cü maddəsinin müddəalarına əsasən, hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru bu Məcəllənin 220.12-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergini hesablamağa, vəsaiti alan şəxsin bank hesabından tutmağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar. Bu maddədə göstərilmişdir ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Qeyd olunanlara əsasən:

Bank hesablarından pul vəsaitlərinin nağd qaydada çıxarılması zamanı 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vergi orqanında uçotda olan hüquqi şəxslərə və fərdi sahibkarlara, o cümlədən sadələşdirilmiş verginin ödəyicisi olan şəxslərə  aid edilir.