Vergiler.az

Britaniyada maliyyə sektoru on ilin vergi rekordunu vurub

 

Son maliyyə ili ərzində Böyük Britaniyanın maliyyə sektoru büdcəyə 72,1 milyard funt sterlinq (163,8 milyard manat) vergi ödəmişdir ki, bu da əvvəlki illə müqayisədə 1 faiz çoxdur. Beləliklə, bu sahə dövlət xəzinəsinə vergi ödəməkdə 10 ilin rekordunu vurmuşdur.

«PwC»  konsaltinq şirkətinin hazırladığı hesabatda qeyd edilmişdir ki, bütün vergi daxilolmalarının tərkibində maliyyə sektorunun payı 11 faiz təşkil edir - təkcə məşğulluq üzrə vergi dövlət xəzinəsinə 31,4 milyard funt sterlinq (71,3 milyard manat) vəsait gətirmişdir.

«Breksitin yaxınlaşması ilə Britaniya iqtisadiyyatında maliyyə xidmətlərinin necə mühüm yer tutduğunu demək artıqdır, - London Şurasının korporativ siyasət departamentinin rəhbəri Ketrin MakGinnes demişdir. - Şirkətlərin öz bizneslərini Britaniya ərazisindən kənara çıxaracaqları halda, vergi sisteminin bundan hansı zərərlər görəcəyini indidən təsəvvür etmək çətindir. Lakin mövcud rəqəmlər göstərir ki, Breksit barədə danışıqlar çərçivəsində maliyyə sektorunun aktual tələblərinin yerinə yetirilməsi nə dərəcədə həyati əhəmiyyət daşıyır».

«PwC» şirkətinin araşdırmasında göstərilmişdir ki, maliyyə xidmətləri ilə məşğul olan şirkətlərin ödədikləri korporativ verginin məbləği 8,4 milyard funt sterlinqdən (19 milyard manat) 11,6 milyard funt sterlinqə (26,4 milyard manat) çatmışdır.