Vergiler.az

İnkişaf etməkdə olan ölkələr üçün fəaliyyət planı

 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Forumu inkişaf etməkdə olan ölkələrə kömək üçün vergitutma məqsədi daşıyan maliyyə hesabatlarına aid  informasiyanın avtomatik mübadiləsi üzrə fəaliyyət planını hazırlayıb təsdiq etmişdir. Plana əsasən, inkişaf etməkdə olan ölkələrə Hesabatlılığın Ümumi Standartının (vergi informasiyasının avtomatik mübadiləsi üzrə OECD-nin yeni standartının) tətbiqi ilə bağlı öz potensialının ilkin qiymətləndirilməsini aparmaq təklif edilmişdi. Yeni standart vergi qanunvericiliyinə əməl edilməsi üçün görülən işləri dəstəkləmək məqsədilə ölkələrin xarici vergi ödəyicilərinə aid maliyyə məlumatlarının hər il avtomatik şəkildə ötürülməsini nəzərdə tutur.    

Fəaliyyət planı inkişaf etməkdə olan ölkələrə Qlobal Forumun katibliyindən məsləhət almaq üçün əlaqə saxlamağa imkan yaradır. Onlara digər beynəlxalq təşkilatlarla və üzv ölkələrlə əməkdaşlıq aparmaqda yardım üçün də texniki kömək göstəriləcək.  

Mərhələli yanaşma informasiyanın Yer kürəsinin istənilən guşəsində avtomatik mübadilə edilməsinə şərait yaratmaq üçün nəzərdə tutulmuşdur. 2017-ci ildə 49 yurisdiksiya informasiyanı avtomatik  şəkildə mübadilə etməyə başlamışdır, 53 yurisdiksiya isə 2018-ci ildən mübadiləyə qoşulmağa hazırdır.

Qlobal Forum inkişaf etməkdə olan ölkələrdə öz fəaliyyət planını həyata keçirmək üçün beynəlxalq inkişaf agentliklərini, hökumətləri, vətəndaş cəmiyyəti qurumlarını və digər maraqlı tərəfləri hərtərəfli kömək göstərməyə çağırmışdır.