Vergiler.az

Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatı

 

Son günlər kütləvi informasiya vasitələrində ölkə ərazisində göstərilən taksi xidmətlərinə görə 18 faiz dərəcə ilə əlavə dəyər vergisinin (ƏDV) hesablanması ilə bağlı məlumatlar yer alıb. Bununla əlaqədar Vergilər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasında qanuni əsaslarla taksi fəaliyyəti ilə məşğul olan şəxslərin göstərdikləri sərnişindaşıma xidmətləri ƏDV-yə cəlb edilməyən xidmətlərdir və bu xidmətlərin istehlakçısı olan vətəndaşlar taksi xidmətlərinin dəyərini ödəyərkən həmin məbləğə ƏDV daxil edilmir.

2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, yalnız Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin elektron ticarət qaydasında təqdim etdiyi iş və xidmətlərə görə vergi orqanında uçotda olmayan şəxslər tərəfindən ödənişlər həyata keçirilərkən qeyri-rezidentə aparılan ödəmələrdən ƏDV tutulur.

Qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmadan müxtəlif elektron informasiya sistemləri, o cümlədən mobil tətbiqetmələr vasitəsilə ölkə ərazisində minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətini təşkil edən xarici şirkətlərin (UBER, Taxify və s.) elektron ticarət qaydasında göstərdikləri xidmətlər  cari ilin yanvar ayının 1-dən ƏDV-yə cəlb edilir. Respublika ərazisində taksi xidmətlərinin təşkili ilə bağlı həmin xarici şirkətlərin göstərdikləri xidmətlərinin dəyəri ƏDV daxil olmaqla formalaşan dəyərdən ibarət olduğundan, bu xarici şirkətlərə pul köçürülərkən həmin məbləğlərə ƏDV də daxil edilir.

Dövlət vergi orqanlarında qeydiyyata alınaraq ölkə ərazisində qanuni əsaslarla sərnişindaşıma fəaliyyətini həyata keçirən yerli hüquqi və fiziki şəxslərin, habelə xarici şirkətlərin Azərbaycan Respublikasındakı nümayəndəliklərinin göstərdikləri taksi xidmətlərinin müqabilində müştərilər tərəfindən istər nağd qaydada, istərsə də ödəniş kartları vasitəsilə həmin şəxslərə ödənilən xidmət haqlarına görə ƏDV tutulmur.