Vergiler.az

Vergilərdən yayınmaq üçün offşorlardan istifadənin qarşısı alınacaq

 

«PricewaterhouseCoopers» (PwC) konsaltinq şirkətinin proqnozlarına əsasən, vergi ödəməkdən yayınmaq məqsədilə şirkətlərin və fiziki şəxslərin vergi limanlarından istifadə etməsinin yaxın zamanlarda qarşısı alınacaq. Yeni nəşr edilmiş hesabatda qeyd olunmuşdur ki, öz öhdəsinə düşən ədalətli vergiləri ödəməyənlərə qarşı ictimaiyyət daha sərt mövqe tutur. Buna görə də vergi sahəsində şəffaflığın artırılması üçün gələcəkdə biznes daha böyük səylər göstərməli olacaq: «Maliyyə xidmətlərinə etimadsızlığın hökm sürdüyü bir zamanda vergi şəffaflığı brendin qorunması üçün mühüm əhəmiyyət daşıyacaq. Ədalətsiz vergitutma və ya şübhəli vergi limanlarından istifadənin qarşısı alınacaq». 

Şirkətin hesabatında göstərilmişdir ki, qarşıdan vergi şəffaflığının güclənəcəyi dövr gəlir. Artıq bir neçə offşor zona da daxil olmaqla 50-dən çox ölkə Hesabatlılığın Ümumi Standartını (CRS) qəbul etməyə razılıq vermişdir, rezidentlərin aktivləri və gəlirləri barədə informasiya mübadiləsi həyata keçirilir. Auditorların rəyinə əsasən, CRS «maliyyə müəssisələrində vergi məsələlərinə dair hesabatlılıq üçün səmərəli cavabdehlik yaradır». 

Maraqlıdır ki, PwC şirkətinin biznes üçün təklif etdiyi xidmətlərdən biri də vergi planlaşdırmasıdır - şirkətlərə vergi öhdəliklərinin azaldılmasının qanuni yolları barədə məsləhətlərin verilməsi də bu xidmətə daxildir. 2015-ci ildə Açıq Hesablar üzrə Komitə PwC şirkətini «sənaye miqyasında» vergidən yayınma sxemini mükafatlandırmaqda günahlandırmışdı.