Vergiler.az

Kayman adaları vergi limanı statusundan əl çəkir

 

Kayman adalarında fəaliyyət göstərən «Cayman Finance» maliyyə agentliyinin baş direktoru Cud Skott bu adaların ərazisini vergi limanı hesab edən bir sıra təşkilatların suallarını cavablandırmağa çalışmışdır. «US Public Interest Research Group» təşkilatı və ABŞ-ın Vergitutma və İqtisadi Siyasət İnstitutu bu yurisdiksiyanı məmurların sistemli şəkildə maliyyə sənədlərinin tərtib olunmasını ləngitdiklərinə və vergi məlumatlarını gizlətməyə  şərait yaratdıqlarına görə  kəskin tənqid edirlər.

C.Skott vurğulamışdır ki, Kayman dünyada tətbiq edilən iyirmidən artıq maliyyə standartını, eləcə də FATCA qaydalarını və OECD-nin hesabatlılığın vahid standartlarını qəbul etmişdir. «Biz OECD və ya «Transparency International» kimi təşkilatların sənədlərində bir yerdə də olsun vergi limanının tərifinə rast gəlmirik. Əslində, bizim sistem məqsədyönlü olaraq ikiqat vergitutmanın qarşısının alınması barədə müqavilələri və ya şirkətlərə korporativ vergiləri mənsub olduqları yurisdiksiyalarda azaltmaq məqsədilə vergi bazasını başqa ölkələrə köçürməyə imkan yaradan oxşar stimulverici alətləri dəstəkləmir», - C.Skott demişdir. Onun sözlərinə görə, Kayman adalarında qəbul edilmiş qanun və qaydalar onun ölkəsini vergi limanları ilə bağlı problemlərin həlli zamanı güclü beynəlxalq tərəfdaşa çevirir.