Vergiler.az

Yoxlamaların dayandırılmasından sonra ölkədə biznes və investisiya mühiti yaxşılaşıb

 

Prezident İlham Əliyevin imzaladığı fərmanla «Sahibkar­lıq sahəsində aparılan yoxla­ma­ların dayandırılması haq­qın­da» Qa­nu­na dəyişikliklər təsdiq olunub.

Dəyişikliklərə görə, dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi qaydalarına riayət edilməsi, həmçinin qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı sahələrdə yoxlamaların aparılmasına icazə veriləcək. Digər sahələrdə isə (dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar və vergi yoxlamaları istisna olmaqla) yoxlamaların müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb. Dövlət başçısı dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi qaydalarına riayət edilməsi ilə bağlı yoxlamaların aparılması üçün Səhiyyə Nazirliyinə, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamaların həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinə səlahiyyətlərin verilməsini təsdiqləyib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, yoxlama aparılacaq sahələrə yenilərinin əlavə olunması sahibkarlıq sektorunda azad rəqabətin, biznesin asanlığının, səmərəliliyin azalmasına təsir göstərməyəcək, əksinə, sahibkarlar daha dörd il sərbəst və tam münbit şəraitdə fəaliyyət göstərəcəklər: «Son iki ilin təhlilləri göstərir ki, yoxlamalar dayandırıldıqdan sonra ölkədə biznes və investisiya mühiti daha da yaxşılaşıb, sahibkarların fəaliyyətinə maneələr aradan qaldırılıb, kiçik və orta sahibkarlığın fəaliyyəti stimullaşdırılıb, şəffaflıq təmin edilib. Ötən 2 il ərzində 113 yoxlama aparılıb, halbuki əvvəlki illərdə bu rəqəm 100 mindən çox olurdu. Ona görə də sahibkarlar dövlətin verdiyi bu imtiyazlardan geniş şəkildə faydalanmaq imkanı əldə edirlər. Bu siyasətin davam etdirilməsi biznesin və qeyri-neft sektorunun inkişafına təkan verəcək.

Dövlətin iqtisadi maraqları, ərzaq təhlükəsizliyi amili hər şeydən öndə dayandığından, qida mallarının istehsalı və tədarükü ilə əlaqədar nəzarət olduqca vacibdir. Ölkə vətəndaşlarının eti­barlı ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müvafiq qurumun malların keyfiyyətinə nəzarət məqsədilə yoxlama aparması normal haldır. Təcrübə göstərir ki, yoxlamalar dayandırıldığına görə, bir sıra hallarda dərman vasitələrinin, qida mallarının keyfiyyətində problemlər meydana çıxıb, yoxlamaların azaldılmasından sui-istifadə halları olub, bəzi malların keyfiyyəti ilə əlaqədar şikayətlər çoxalıb. Ayrı-ayrı spesifik sahələrdə yoxlamaların aparılmasında məqsəd insanların həyat və sağlamlığının etibarlı qorunması, dərman bazarında təhlükəsizlik qaydalarına riayət edilməsi məqsədilə nəzarətin həyata keçirilməsidir».

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev hesab edir ki, qida məhsullarının təhlükəsizliyi və dərman vasitələrinin keyfiyyət qaydalarına riayət olunmasında sahibkarın marağından daha çox dövlətin və vətəndaşların marağı nəzərə alınmalıdır. Əhalinin sağlam həyat tərzinin qorunub saxlanılması, sağlamlığa mənfi təsir edən hallarla mübarizə davamlı olmalıdır və bu sahədə dövlət tənzimlənməsinə ehtiyac vardır: «Azərbaycanın istehlak bazarına ayrı-ayrı ölkələrdən çoxlu qida məhsulları gətirildiyi səbəbindən, idxalçı şirkətlərə nəzarət artırılmalıdır. İqtisadi sərbəstlikdən sui-istifadə edən yerli sahibkarların keyfiyyətsiz məhsulları bazara çıxarmasına yol verməmək üçün dərman və qida sənayesi sahəsində yoxlamaların aparılması düzgün qərardır».

Qeyd edək ki, ərzaq məhsullarının keyfiyyətinə dövlət nəzarətini həyata keçirəcək Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq. Kənd Təsərrüfatı Nazirliyindən bildirilmişdir ki, agentlik qanunla müəyyən edilmiş qaydada «tarladan süfrəyədək» prinsipi əsasında məhsulun daşındığı risk səviyyəsinə uyğun olaraq, qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini, gigiyenik sertifikatlaşdırma aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini təmin edəcəkdir. Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Qida Təhlükəsizliyi Komissiyası yaradılmışdır. Həm komissiya, həm də agentlik  qida məhsullarının təhlükəsizliyinə dair tənzimləməni həyata keçirəcək. 

ELBRUS