Vergiler.az

Dövlət büdcəsində vergi daxilolmalarının həcmi artacaq

 

Azərbaycan hökuməti tərəfindən hazırlanmış 2018-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasına və proqnoz göstəricilərinə əsasən gələn il respublikamızda ümumi daxili məhsulun (ÜDM) real ifadədə artımı 1,5 faiz olmaqla 69,4 milyard manat təşkil edəcək. Qeyri-neft sektorunda ÜDM-in həcminin real ifadədə  2,9 faiz artaraq 47,6 milyard manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 83 faiz həcmində nəzərdə tutulur.

Növbəti ildə ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və ortamüddətli makroiqtisadi proqnozlarına, həmçinin Azərbaycan Respublikasının milli iqtisadiyyat və iqtisadiyyatın başlıca sektorları üzrə stra­teji yol xəritələrinə uyğun olaraq effektiv fiskal siyasətin təmin edilməsi, kiçik və orta sahibkarlıq sahəsində stimullaşdırıcı vergi isla­hatlarının davam etdirilməsinə üstünlük veriləcək. Azərbaycan Respublikasının 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir ki, gələn ilin büdcə-vergi siyasətinin əsas prioritet istiqamətindən biri qeyri-neft sektorundan daxilolmaların ÜDM-də və büdcə gəlirlərində xüsusi çəkisinin artırılmasıdır. Layihədə qeyd edilib ki, büdcə-vergi siyasəti müəyyən edilərkən milli, regional prioritetlər, o cümlədən fiskal siyasətdən optimal nəticə əldə etmək vacib məsələ kimi nəzərə alınmışdır.

2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29 faizi həcmindədir. Bu göstərici 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və yaxud 20 faiz, 2016-cı illə müqayisədə isə 2 mlrd. 621,2 milyon manat və ya 15 faiz çoxdur. 2018-ci ildə dövlət büdcəsi gəlirlərinin 7,907 mlrd. manatı  və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşür ki, bu da ÜDM-in 11,4 faizi həcmindədir. Bu göstərici cari ilin proqnozundan 262 milyon manat və ya 3,4 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 891,4 milyon manat və ya 12,7 faiz çoxdur. Vergilər Nazirliyinin xətti ilə 2018-ci il üzrə proqnozlaşdırılan daxilolmaların 76,2 faizi və ya 6,027 mlrd. manatı qeyri-neft sektorunun, 23,8 faizi və ya 1,880 mlrd. manatı neft sektorunun payına düşür. Ümumilikdə, qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsində gəlirlərində xüsusi çəkisi 44,9 faiz və ya 9,031 mlrd. manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 205 milyon manat və ya 2,3 faiz çoxdur.

Büdcə daxilolmalarının 9,216 mlrd. manatı və ya 45,8 faizi Dövlət Neft Fondundan transfertlərin, 2,430 mlrd. manatı və ya 12,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2,8 faizi isə digər gəlirlərin payına düşür. Neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 55,1 faiz və ya 11,096 mlrd. manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,156 mlrd. manat və ya 39,7 faiz çoxdur. Neft sektoru üzrə büdcə gəlirlərinin 83,1 faizini Dövlət Neft Fondundan transfertlər, 16,9 faizini və ya 1,880 mlrd. manatını vergi orqanları xətti ilə neft sektotundan daxilolmalar təşkil edir. Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Dövlət Neft Şirkəti üzrə büdcə ödənişləri 1,380 mlrd. manat və Azərbaycan Beynəlxalq Əməkdaşlıq Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisi 500 milyon manat nəzərdə tutulur ki, bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxil­olmaların müvafiq olaraq 73,4 və 26,6 faizini təşkil etməklə cari ilin proqnozu ilə müqayisədə ARDNŞ üzrə 15 milyon manat, ABƏŞ üzrə isə 25 milyon manat çoxdur .

Yeri gəlmişkən qeyd edək ki, beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barelinin 50 ABŞ dolları ətrafında proqnozlaşdırılmasını nəzərə alaraq, Azərbaycan hökuməti 2018-ci ilin dövlət büdcəsində neft gəlirlərinin hesablanması üzrə ixrac qiymətini 45 ABŞ dolları səviyyəsində müəyyənləşdirmişdir. Ortamüddətli dövrdə neftin qiyməti ilə bağlı qeyri-müəyyənliklər qalmaqda davam etsə də, qlobal artım və ticarət meyillərinin güclənməsi bir tərəfdən neftin qiymətinin kəskin azalması ehtimalını istisna edir, digər tərəfdən isə ölkə iqtisadiyyatının diversifikasiyasına və qeyri-neft ixracının artmasına şərait yaradır.    

Rəşad SADIQOV