Vergiler.az

Sahibkarlar daha bir elektron xidmətdən istifadə edə biləcəklər

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin «Az­export.az»  portalının nəzdində fəaliyyət göstərən «Bir pəncərə» İxraca Dəstək Mərkəzi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verir.

Bu günlərdə «Azexport.az» portalı sahibkarlara yeni xidmət növünü təqdim edib. «Aze­xport.az» dövlət və özəl satınalmaları portallarından on minlərlə elanlar arasında ən uyğununu seçərək onları Azərbaycan sahibkarlarına təqdim edir. Sahibkarlar artıq aydın şəkildə müxtəlif ölkələrdə elan olunmuş tenderlər və sifarişlər barədə məlumatlar əldə edə və onlardan yararlana bilərlər. Eyni zamanda, portal bu cür tenderlərdə iştirakla bağlı sahibkarlara müvafiq dəstək verəcəkdir.

«Azexport.az» portalının rəhbəri Zaur Qardaşov bildirmişdir ki, belə bir bölümün yaradılmasında məqsəd Azərbaycanın məhsul və xidmətlərinin xarici ölkələrdəki böyük dövlət və özəl satınalmalarına çıxışını təmin etməkdir. Hazırda bir çox ölkələrdə satınalmalar tamamilə elektron qaydada həyata keçirildiyi üçün bu cür inteqrasiya mümkün olmuşdur. Bir çox hallarda tenderlərdə iştirak haqqı tələb olunmasa da, portallarda qeydiyyat üçün elektron imza, zəmanət sənədləri, illik ödəniş və digər tələblər vardır ki, bu prosedurların bir hissəsini dövlət öz üzərinə götürərək sahibkara əlavə dəstək ola bilər. Hesablamalar göstərir ki, Azərbaycan sahibkarları məhsullarını birbaşa tenderlər vasitəsilə satmaqla 30-40% əlavə gəlir və davamlı müştərilər əldə edə bilərlər. Eyni zamanda, bu cür platformalara çıxış bir sıra ənənəvi və yeni sahələrin (məsələn, maşınqayırma, İT xidmətləri, tikinti xidmətləri və s.) ixrac imkanlarını xeyli artıra bilər.

FƏXRİYYƏ