Vergiler.az

«Doing Business 2018» hesabatında Azərbaycanın mövqeyi yaxşılaşıb

 

«Vergilərin ödənişi» indeksi üzrə irəliləyiş qeydə alınıb

 Dünya Bankı 190 ölkə­nin biz­nes mühitini qiy­mət­lən­dirən «Doing Bu­si­ness 2018» he­sa­ba­tını açıq­la­yıb. Hesa­ba­ta əsa­sən, Azər­baycan 8 pil­lə irə­li­lə­yərək 57-ci mövqe­yə yük­səlib.

«Doing Business 2018» hesabatında respublikamız əksər indekslər üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Məsələn, «Kiçik investorların maraqlarının qorunması» göstəricisi üzrə ölkəmiz 22 pillə irəliləyib və 10-cu yerdə qərarlaşıb, «Əmlakın qeydiyyatı» göstəricisi üzrə 1 pillə irəliləyərək 21-ci, «Vergilərin ödənişi» göstəricisi üzrə 5 pillə irəliləyərək 35-ci, «Müqavilələrin icrasının təmin edilməsi» göstəricisi üzrə 6 pillə irəliləyərək 38-ci, «Müəssisənin bağlanması» göstəricisi üzrə 39 pillə irəliləyərək 47-ci  yerə yüksəlib. Ümumilikdə, Azərbaycan Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri kimi qiymətləndirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)  departament rəhbəri Ayaz Çaparlı sənədi şərh edərkən bildirib ki, hesabatda respublikamızın bir sıra göstəricilər üzrə yaxşı nəticələr əldə etməsində biznes mühitinin yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində aparılan islahatların xüsusi rolu var. Ölkəmizdə bizneslə bağlı yeni qanunların qəbul olunması və qüvvəyə minməsi, qanunvericiliyin təkmilləşdirilməsi, iqtisadi islahatların davam etdirilməsi Azərbaycanın həmin indekslər üzrə irəliləyişlərə nail olmasını gerçəkləşdirib. Xüsusilə də «Kiçik investorların maraqlarının qorunması» göstəricisi üzrə Mülki Məcəlləyə və «Müflisləşmənin həlli» göstəricisi üzrə «Müflisləşmə və iflas haqqında» Qanuna edilmiş dəyişikliklər, «Kreditin əldə edilməsi» göstəricisi üzrə «Kredit büroları haqqında» Qanunun qəbul olunması, «Müqavilələrin bağlanması» göstəricisi üzrə məhkəmə ödənişlərinin «Hökumət Ödəniş Portalı» vasitəsilə elektron qaydada həyata keçirilməsinin tətbiqi «Doing Business 2018» hesabatında təqdir edilib.

Hesabatdakı indekslərin 2-si -  «Biznesə başlama»  (Starting business) və  «Vergilərin ödənişi» (Paying taxes) birbaşa vergi məsələlərinə aiddir. Azərbaycan hesabatda hər iki indeks üzrə reytinqdə ilk 50 ölkə sırasında yer alıb: müvafiq olaraq 18-ci və 35-ci yer. Qeyd edək ki, «Biznesə başlama» reytinqi sahibkarın (sənaye və kommersiya) biznesə başlaması üçün təcrübədə tələb olunan inzibati prosedurların sayı, sərf olunan vaxt və xərclərin dəyəri, həmçinin ödənilmiş minimum kapitalın həcmini ifadə edir. Bu reytinqin müəyyən edilməsi məqsədləri üçün inzibati prosedur - lazımi lisenziya, icazə sənədlərinin müvafiq orqanlardan alınmasından ibarət olub, kommunal xidmətlər istisna olmaqla, xarici tərəflə münasibəti əks etdirir, prosedurun sonu yekun sənədin alınması ilə tamamlanır. Vaxt - inzibati prosedurun davam etdiyi müddət gedişinin təqvim günü ilə hesablanan ifadəsidir. Xərclər - rəsmi ödəmə, hüquq və peşəkar xidmətlərin dəyərinin adambaşına düşən gəlirdəki xüsusi çəkisini ifadə edir. Hesabata əsasən, bu reytinq göstəricisi üzrə kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün yerinə yetirilməli olan prosedurların sayı 4 gün, sərf edilən müddət 4,5 gün, tələb olunan məbləğ isə 33 manatdır. Burada prosedurlar onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə 1 günə, onlayn qeydiyyatdan keçmə üzrə isə (VÖEN və ƏDV qeydiyyatı da daxil olmaqla) 2 günə bərabərdir.

«Biznesə başlama» göstəricisi xarici investisiya və yeni texnologiyaların axını üçün stimullaşdırıcı təsir göstərən amil kimi dəyərləndirilir. Bu göstərici Azərbaycan üçün əlverişli sərmayə mühitinin olmasının bir təkanverici faktoru sayıla bilər. Xarici sərmayəçilər biznesin qeydiyyatında və fəaliyyətə başlamada vaxt amilinə mühüm önəm verirlər.

Hesabatda digər göstərici - «Vergilərin ödənişi» reytinqi üzrə ölkəmiz ötənilki hesabatla müqayisədə 5 pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Respublikamız vergilərin ödənilməsinin asanlığına görə MDB məkanında ilk yerlərdən birini tutur. Bu metodologiyaya əsasən, orta ölçülü şirkətin il ərzində ödəməli olduğu vergi və ödəmələr, həmçinin onların inzibatçılıq yükü müəyyən edilir. Vergi və ödəmələrə müxtəlif mənbələrdən olan mənfəət və gəlirlərə görə vergilər, o cümlədən əmlak icarəsindən vergilər, dividend və kapital vergiləri, maliyyə köçürmələrindən əldə edilən gəlirdən vergilər, işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil və yol vergiləri və s. aid edilir.

«Vergilərin ödənişi» üzrə reytinq göstəricisi müəyyənləşdirilərkən ölkədə sosial müdafiə ayırmaları üzrə hesabatların və ödənişlərin elektron formada aparılması  və digər sahələrdə əldə edilmiş nailiyyətlər nəzərə alınır. İndiyədək ölkəmizdə məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, nəticədə həmin hesabatların hazırlanıb ödənilməsinə sərf olunan vaxt 81 saat qiymətləndirilib. Ümümilikdə isə digər vergilər - sosial müdafiə ayırmaları, mən­fəət və əlavə dəyər vergisi üzrə 195 saat müəyyənləşdirilib. Ödənişlərin sayı 6, ümumi vergi dərəcəsi isə 39,8% qeyd olunub.

«Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Qanunun 2017-ci il yanvarın 1-dən qüvvəyə minməsi vergi sisteminin normativ-hüquqi bazasının yeni şəraitə uyğunlaşdırılmasına, vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə, vergi yükünün optimallaşdırılmasına şərait yaradıb. Həmin sənədin icrası «Vergilərin ödənişi» indeksi üzrə hazırkı nəticənin əldə olunmasında mühüm rol oynayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, dünyanın ən mötəbər reytinqlərində Azərbaycanın mövqeyinin irəliləməsi ölkədə həyata keçirilən kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir: «Azərbaycanın mövqeyinin ötən illə nisbətdə daha da yaxşılaşmasına bir sıra mühüm amillər, o cümlədən  2016-cı və 2017-ci illərdə aparılan islahatlar öz müsbət təsirini göstərib. Biznes sektorunda sənədləşmə işlərinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, sahibkarların mənafeyinə xidmət edən yeni qaydaların qüvvəyə minməsi, xarici ticarətlə bağlı prosedurların asanlaşdırılması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, vergi sistemində kiçik və orta sahibkarlığın inkişafını stimullaşdıran mühüm addımların atılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, xidmət səviyyəsinin yaxşılaşdırılması və həyata keçirilən digər tədbirlərin nəticəsi hesab oluna bilər».

Dünya Bankı (DB) Qrupunun tərəfdaşı olan «PricewaterhouseCoopers» («PwC») şirkətinin vergi eksperti Arif Quliyev hesab edir ki, Son illər Azərbaycanın vergi sistemində həyata keçirilən islahatlar - ƏDV depozit hesabının tətbiqi, bəyannamələrin elektron formada təqdim edilməsi, fiziki və hüquqi şəxslərin qeydiyyatının real vaxt rejimində aparılması və digər yeniliklər yüksək reytinqin əldə olunmasında mühüm rol oynayıb. Elektron vergi bəyannamələrinin tətbiqinin genişlənməsi və vergi ödənişləri infrastrukturunun inkişafı, vergitutma sahəsində xərc tələb edən prosedurlar, vergi qanunvericiliyinin tələblərinə riayət edilməsinə sərf olunan vaxt və vergi ödənişlərinin sayının azaldılması ölkəmizin vergi sahəsində kompleks islahatlar apardığını təsdiqləyir. Hazırda vergi sistemini əhəmiyyətli dərəcədə təkmilləşdirərək kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli vergi mühitinin, eləcə də xarici investisiyaların cəlb edilməsi məqsədilə rəqabətədavamlı vergi rejiminin yaradılması istiqamətində islahatlar davam etdirilir. Bu amillər Azərbaycanın növbəti beynəlxalq reytinqlərdə vergi üzrə indeksinin daha da yaxşılaşmasına zəmin hazırlayır. 

Elbrus CƏFƏRLİ