Vergiler.az

Özüməşğulluq proqramının əhatəsi genişlənir

 

Əhalinin həssas qruplarının həyat şəraitinin yaxşılaşdırılması üçün öz potensialları müqabilində onların gəlir imkanlarını artırmaq ən optimal vasitə sayılır. Buna görə də ölkənin sosial siyasətində aztəminatlı ailələrin sosial yardım sistemindən asılılığının  aradan qaldırılmasına xüsusi əhəmiyyət verilir və onların kiçik ailə biznesinə keçidi üçün təsirli tədbirlər görülür. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilmişdir ki, nazirlik tərəfindən özüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran vətəndaşlara biznes planlarına uyğun ailə təsərrüfatlarını qurmaları üçün  aktivlər təqdim olunur və artıq həmin aktivlər hesabına yaradılan ailə təsərrüfatlarının sayı 1150-yə çatıb. Özüməşğulluq proqramına cəlb olunanlar üçün ilk növbədə iki aylıq təlim kursları təşkil olunur. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən aparılan kurslarda onlara təsərrüfatın idarə olunması və inkişaf etdirilməsi ilə bağlı zəruri bilik və bacarıqlar öyrədilir. Yeni yaradılan fərdi təsərrüfatlar yalnız həmin insanların özlərinin deyil, onların əmək qabiliyyətli ailə üzvlərinin də məşğulluğuna, beləliklə də öz zəhmətləri ilə ailə gəlirlərini artırmalarına şərait yaradır. Vətəndaşların proqram çərçivəsində qurduqları təsərrüfatların idarə olunması və gələcəkdə inkişaf etdirilərək genişləndirilməsi üçün zəruri məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulub.

Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların 84%-i kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s.), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. Özüməşğulluq proqramı çərçivəsində ayrı-ayrı iqtisadi fəaliyyət növləri ilə yanaşı, xalçaçılıq, misgərlik və s. üzrə də ailə  təsərrüfatları yaradılıb.

Proqram çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqla yanaşı, həm də ölkədə qeyri-neft sektorunun inkişafına əlavə dəstək verir, məhsul istehsalının artımını stimullaşdırır.

Növbəti ildən özüməşğulluq proqramına cəlb olunan ailələrin sayı dəfələrlə artırılacaq. 2018-ci ilin əvvəlindən «İşsizlikdən sığorta haqqında» Qanunun tətbiqi ilə formalaşan maliyyə resurslarının əhəmiyyətli hissəsi məhz aztəminatlı ailələrin özüməşğulluq proqramına cəlb olunması prosesinin əhəmiyyətli şəkildə genişləndirilməsinə yönəldiləcək.

AYTƏN