Vergiler.az

Bakı-Tbilsi-Qars iqtisadi əməkdaşlığı, sərmayələri və ticarəti irəli aparacaq

 

«Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin ünəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq».

Prezident İlham Əliyev

 

Yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti dünyanın diqqət mərkəzindədir. BTQ-nin açılış mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyənin ən nəhəng tranzit qovşağı olan «Mərmərə» dəmir yolu xəttinə inteqrasiyası nəzərdə tutulur. Bunun nəticəsində regionda çoxşəbəkəli iqtisadi mübadilə və logistika mühiti genişlənəcək. BTQ vasitəsilə ilk mərhələdə ildə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, daha sonrakı mərhələdə isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Təkcə Çinin bu layihəyə qoşulması ilə il ərzində ən azı 25-30 milyon yükün daşınması gözlənilir. Hazırda Çindən Avropaya gedən yükün həcmi 240 milyon tondan çoxdur. Ölkələrimizdən keçən «Orta dəhliz»lə bu yükün 10 faizi daşınacağı halda, bu, 24 milyon ton əlavə yük daşınması deməkdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, yeni dəmir yolu dəhlizi sərmayələrin artmasına, logistikanın əlaqələndirilməsinə, iqtisadi münasibətlərin daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin canlanmasına təkan verəcək.

 

İxracatçılar üçün ən sərfəli yol

İqtisadçı Aqil Əsədovun sözlərinə görə, BTQ dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Hazırda dünya ölkələri beynəlxalq bazarlara çıxış üçün rahatlığa, təhlükəsizliyə, vaxt itkisinin azlığına və maliyyə şərtlərinin sərfəli olmasına üstünlük verirlər. Sürətli qatar xətlərinin tam istifadəyə verilməsindən sonra Çindən gələn yüklər «Orta dəhliz» adlandırılan BTQ vasitəsilə 12-15 günə Avropa İttifaqı ölkələrinə çatacaq. Çinin Lyanyunqan limanından mallar Qazaxıstan, Azərbaycan, Gürcüstan ərazisindən keçməklə 2 dəfə az müddət ərzində daşınacaq. Gözlənilir ki, Çinlə yanaşı, Orta Asiya ölkələri də «bir kəmər - bir yol» ideyasına uyğun olaraq, öz mallarını Türkiyə və Avropaya ixrac etmək üçün BTQ-yə üstünlük verəcəklər. Artıq Qazaxısan hökuməti öz nəqliyyat-logistika infrastrukturunun bu dəhlizə inteqrasiya edilməsi istiqamətində müəyyən işlər görüb: Çinə məxsus konteynerlər Qazaxıstanın  Kurık limanından Bakının Ələt limanına çatdırılıb. Yüklər buradan Türkiyə ərazisinə yola salınacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti «Əsrin müqaviləsi» qədər əhəmiyyətli layihədir və bir çox ölkələrin iqtisadi marağına uyğundur. BTQ iqtisadi baxımdan münasib olduğuna görə, bu yolla daşımaların ilbəil artacağı şübhə doğurmur. Yaxın gələcəkdə Azərbaycan bu xətt ilə tranzit daşımalarından ildə 1 milyard dollara yaxın qazanc əldə edə bilər.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə isə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmi heç də Azərbaycanın neft və qaz boru kəmərlərinin əhəmiyyətindən az olmayacaq. Dəmir yolu yerin üstündə olduğu üçün bütün yaşayış məntəqələri bunun faydasını görəcək. Sərnişinlər, istehsalçılar, yükdaşıyanlar, hətta stansiyalardakı xırda ticarətçilər də bundan faydalanacaqlar.

 

BTQ qeyri-neft ixracının

artmasına yol açacaq

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın ixracının coğrafiyasını da genişləndirəcək. İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi, ölkə üzərindən yükdaşımaların həcminin artırılması istiqamətində BTQ ən mühüm layihələrdəndir. Xarici ölkələrin, beynəlxalq yükdaşıma şirkətlərinin, beynəlxalq investorların Azərbaycan üzərindən dünya bazarlarına çıxması asanlaşacaq. Azərbaycan tranzit ölkə olmaqla yanaşı, tədarükçü ölkə kimi də qeyri-neft məhsullarının dünya bazarlarına çıxarılmasında fəal rol oynayacaq. Ölkəmizin son illərdə qeyri-neft məhsullarının istehsalı və ixracının artmasi müşahidə edilməkdədir, yaxın 5 ildə qeyri-neft ixracının 2 dəfəyə yaxın artacağı proqnozlaşdırılır. «Made in Azerbaijan» brendi ilə dünya bazarlarına çıxarılan yerli məhsulların ixracına əlavə imkanlar yaranacaq. 2018-2025-ci illərdə Azərbaycanın sənaye potensialının əhəmiyyətli dərəcədə artması gözlənilir və həmin məhsulların Asiya və Avropa regionu ölkələrinə ixracı nəzərdə tutulur. Azərbaycan hökuməti xarici rezidentlərlə sənaye mallarının ticarətinə dair danışıqlar aparır və sənaye ixracında Asiya regionu əsas bazarlardan hesab edilir. Respublikamız istehsal etdiyi məhsulları dəmir yolu vasitəsilə Türkiyə və digər ölkələrin bazarlarına, xüsusilə də yeni bazarlara çıxara biləcək.

Turizmin inkişafı üçün

yeni fürsət yaranıb

İqtisadçı Orxan Məmmədov hesab edir ki, BTQ layihəsi qlobal ticarət zəncirinin yaranmasına səbəb olmaqla, tarixi İpək Yolunun bütövləşməsini, regionun iqtisadi inteqrasiyasını dərinləşdirəcək, Orta Asiya respublikalarının Qərbə inteqrasiyasını sürətləndirəcək. BTQ-nin keçdiyi 3 ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə regionda ən cəlbedici turizm landşaftına və potensialına malikdir. Son illər bu regiona Qərb və Orta Şərqdən turistlərin böyük axını müşayiət olunur. BTQ ilə sərnişin qatarlarının hərəkətinin təmin edilməsi turistlər üçün həm vaxt, həm də qiymət baxımından xeyli sərfəli olacaq, nəticədə Asiyadan Qərbə və əks istiqamətə turist marşrutlarının böyük bir hissəsi bu dəhlizə cəlb ediləcək. Artıq Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi azərbaycanlı həmkarları ilə BTQ dəmir yolu xətti üzrə turist mübadiləsinin təşkili barədə müzakirələrə başlayıb. 

E.CƏFƏRLİ