Vergiler.az

İnvestorlar ölkəmizdə əmlak sahibi olmağa maraqlıdırlar

 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ötən ilin avqust ayında istifadəyə verilmiş «Özəlləşdirmə» portalının fəaliyyəti öz müsbət nəticəsini verməkdədir. Portalın fəaliyyət göstərməsində məqsəd ölkədə özəlləşdirmə sahəsində həyata keçirilən işlərin işıqlandırılması, bu sahədə əlçatanlığın və operativliyin təmin edilməsi, əmlaklara  investorların cəlb olunmasıdır. Yarandığı vaxtdan 1 milyondan artıq baxış keçirilən portala təkcə bu il ərzində 665 minə yaxın ziyarətçi daxil olub. Bir ayda 86 minə yaxın, gün ərzində isə 3 mindən çox investor və vətəndaş portala baxış keçirib. Bu göstərici ölkəmizdə investorların əmlak sahibi olmaq istəyinin digər illərlə müqayisədə artdığını sübut edir. Alınan əmlakın biznes obyektinə çevrilməsi üçün şərait genişləndirilir. Bu göstəricilərin yüksək olmasının əsas səbəbi özəlləşdirmənin sürətlənməsi istiqamətində görülən innovativ tədbirlərdir. Yeni yanaşmalar tətbiq edilməklə həyata keçirilən özəlləşdirmə prosesi artıq öz nəticəsini verir, prosesə investor marağı artır, dövlət müəssisələri iri sərmayəçilər tərəfindən özəlləşdirilir.

Vətəndaşların iştirakında məhdudiyyətin və maneənin olmaması da hərraca marağın artmasına gətirib çıxarıb. Ölkə vətəndaşları ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Almaniya, Gürcüstan, Polşadan portalı izləyənlərin sayı kifayət qədərdir. Əcnəbi investorların portala marağının artması isə Azərbaycanda investisiya mühitinin daha da sağlamlaşmasına, xarici bazarlara çıxış imkanlarının artmasına, ixrac potensialının yüksəlməsinə şərait yaradır. Eyni zamanda, bu, ölkəmizdə yeni iqtisadi sahələrin formalaşmasına  gətirib çıxarır.

Ziyarətçilər portaldan istifadə edərkən özəlləşdirməyə açıq elan olunan müəssisələr haqqında ətraflı məlumat əldə edə bilirlər. Hərraca çıxarılan müəssisənin adı, ünvanı, nizamnamə kapitalı, ilkin start qiyməti kimi informasiyalar portalda əks olunub. Prosesdə isə səhmdar cəmiyyəti, kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsi kimi əmlaklar özəlləşdirilir. Portalda «Onlayn məsləhət pəncərəsi» də fəaliyyət göstərir. Vətəndaşlar tərəfindən müvafiq bölməyə daxil olan suallar isə operativ qaydada onlayn cavablandırılır.  «Onlayn məsləhət pəncərəsi» vasitəsilə hərracların vaxtı, çıxarılan əmlaklar, nəticələr və s. barədə suallar cavablandırılır.

Hərracların əhatə dairəsi paytaxt Bakı ilə məhdudlaşmır, respublikanın müxtəlif şəhər və rayonlarında da müxtəlif növ dövlət əmlakları özəlləşdirilir və prosesin gedişatını onlayn izləmək olur. Özəlləşdirilən əmlaklar biznes və gəlir  məqsədləri üçün istifadə edilir, bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaratmaqla, həmin bölgənin əhalisinin yaşayış səviyyəsinə müsbət təsir göstərir.

AYTƏN