Vergiler.az

Sahibkarların investisiya layihələri maliyyələşdirilir

 

Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditləri hesabına ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi həyata keçirilir. Bununla da xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı üçün əlverişli şərait yaranır.

Fondun vəsaitlərindən güzəştli kreditlər hesabına aqroparkların, iri fermer təsərrüfatlarının, ətlik və südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq komplekslərinin, logistika və «yaşıl market» mərkəzlərinin, müasir tələblərə cavab verən meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin, qarışıq yem istehsalı müəssisələrinin, müasir istixana komplekslərinin, intensiv bağçılıq və ya tingçilik təsərrüfatlarının, müasir çörək istehsalı müəssisələrinin və digər sahələrdə müəssisələrin yaradılması kiçik sahibkarlığın inkişafı məqsədləri üçün istifadə edilir.

SKMF verilmiş güzəştli kreditlərin təyinatı üzrə və səmərəli istifadəsinə, habelə geri qaytarılmasına daim nəzarət edir. Müvəkkil kredit təşkilatları fond tərəfindən müəyyən edilmiş qaydalara əsasən, ildə iki dəfədən az olmayaraq, fondun vəsaitlərinin hər bir sahibkarlıq subyekti tərəfindən investisiya layihəsi üzrə istifadə edilməsinin monitorinqini aparır və bu barədə hesabat verirlər. Vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində də müstəqil monitorinqlər apara bilər. Monitorinqlər zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edilərsə, sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, 10 bank günü ərzində bütövlükdə fondun hesabına köçürülməlidir.

Güzəştli kreditləri əldə etmək etmək istəyən sahibkar ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət etməlidir. Müraciət araşdırıldıqdan sonra müsbət qiymətləndirilən layihələrə dair məlumatlar və sənədlər fonda təqdim edilir. Fond tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatlarına rəsmi məlumat təqdim olunur.

Güzəştli krediti əldə etməyin daha bir yolu isə elektron müraciətdir. SKMF tərəfindən investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar istifadəyə verdiyi «Elektron idarəetmə sistemi» sahibkarların elektron müraciətlərinə müvəkkil kredit təşkilatları tərəfindən baxılaraq daha tez münasibət bildirmələrini və rəsmi cavab vermələrini təmin edir, sahibkarların investisiya tələbatının müəyyənləşdirilməsinə, layihələrin maliyyələşdirilməsi prosesinin daha da optimallaşdırılmasına və onların güzəştli kreditlərə çıxış imkanlarının daha da asanlaşdırılmasına şərait yaradılır. Bunlardan əlavə, layihələrin maliyyələşdirilməsi prosesinə operativ nəzarət imkanı artır, sənəd dövriyyəsinin daha sürətli və təhlükəsiz həyata keçirilməsi təmin edilir.

Hər il olduğu kimi, bu il ərzində də fond tərəfindən sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi sahəsində konkret sahələrin təşviqi, regionlarda və Bakı şəhərinin qəsəbələrində sahibkarlığın inkişafına həsr olunmuş işgüzar forumların keçirilməsi, sahibkarlara maarifləndirici treninqlərin təşkil edilməsi və s. istiqamətdə tədbirlər davam etdirilir. Bu ilin ilk 9 ayı ərzində 1270 layihəyə 96,5 milyon manat vəsait ayrılmışdır ki, bu da 3881 yeni iş yerinin yaranması deməkdir. Kreditlərin 81%-i və ya 78,5 milyon manatı 25 böyük layihə üzrə, 18 milyon manatı və ya 19%-i 1245 kiçik və orta həcmli layihə üzrə verilib. Maliyyələşdirilən layihələrin böyük hissəsi kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır: layihələrin 1221-i və ya 96%-i bu sahə üzrə olub. Müxtəlif sənaye məhsullarının istehsalı və emalı üzrə 36, kənd təsərrüfatı məhsullarının emalı üzrə 5, turizmin inkişafı üzrə 5, xidmət sahəsinin inkişafı üzrə isə 3 layihə maliyyələşdirilib. 

A.NƏBİYEVA