Vergiler.az

ÜDM-in həcmində artım gözlənilir

 

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ğmumi daxili məhsul (ĞDM) istehsalı 50,1 milyard manat olmuşdur. Adambaşına dğşən ĞDM-in həcmi 5149.4 manat təşkil etmişdir və burada neft-qaz sektorunun xğsusi zəkisi 37,4%-dir.

2017-ci ilin yanvar-sentyabr aylarında ÜDM-in qeyri-neft sektoru real ifadədə 2,5% artmışdır (2016-cı ilin yanvar-sentyabr aylarında 6,1% azalmışdı). Qeyd edək ki, 2016-cı ilin müvafiq dövrünə nisbətən 2017-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sənayesi 3,7%, rabitə sahəsi 6,2%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi 3,2%, ticarət sahəsi 2,1%, kənd təsərrüfatı 2,8%, tikinti 1,5%, nəqliyyat və anbar təsərrüfatı 5,8% artmışdır. Qeyd olunan dövr ərzində ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 11 milyard 090.8 milyon manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 40,5%-ni daxili investisiyalar, 59,5%-ni isə xarici investisiyalar təşkil etmişdir. Bu ilin doqquz ayında əsas kapitala yönəldilmiş ümumi investisiyaların 4 milyard 623 milyon manatı (41,7%-i) qeyri-neft bölməsinin, 6 milyard 467,8 milyon manatı isə (58,3%-i) neft bölməsinin inkişafında istifadə edilmişdir.

Cari ilin yanvar-iyun ayları ərzində iqtisadiyyatın qeyri-neft sektorunda 18 milyard 986 milyon manatlıq əlavə dəyər yaradılmış və ümumilikdə onun 56,2%-i sosial və digər xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinin payına düşmüşdür. Həmin dövrdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunda yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7% artmışdır. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 60,3% təşkil etmişdir. Qeyri-neft sektorunun alt sahələri üzrə ÜDM-ə ən çox müsbət töhfə verən sahələr nəqliyyat və anbar təsərrüfatı, eləcə də qeyri-neft sənayesi olmuşdur.

«Moody’s Investors Service» bank qrupunun direktoru Yaroslav Sovqiranın sözlərinə görə, 2017-2018-ci illərdə Azərbaycanda adambaşına ÜDM-in həcmi 4 min dollardan çox təşkil edəcək. Təşkilatın qiymətləndirməsinə əsasən, analoji dövrdə Rusiyada ÜDM-in həcmi 10 min dollardan, Qazaxıstanda 8 min dollardan, Belarusda 6 min dollardan, Ukraynada isə 2 min dollardan artıq olacaq.

İqtisadçı ekspert Vüqar Bayramov: «Nəzərə alsaq ki, 2018-ci ildə Azərbaycanda 1,5% iqtisadi artım proqnozlaşdırılıb və bu artım yalnız Azərbaycan hökuməti tərəfindən deyil, eyni zamanda Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən də qəbul olunub, deməli, ölkənin 2018-ci ildən iqtisadi artım fazasına qədəm qoyacağı gözlənilir. Bu konteksdən yanaşılsa, 2017-ci il sabitlik ili oldu. Təbii ki, iqtisadi artım ÜDM-in, o cümlədən adambaşına düşən ÜDM-in həcminə də təsir göstərir. 2015-ci ildə Azərbaycanda baş verən devalvasiyadan sonra adambaşına düşən ÜDM-in həcmində dollar ifadəsinə münasibətdə iki dəfəyədək azalmalar müşahidə olundu. Hazırda yaranmış iqtisadi sabitlikdən sonra iqtisadi artımın bərpa edilməsi, adambaşına düşən ÜDM-in həcminin artması mümkündür».

Ekspertin rəyinə əsasən, burada manatın dollara nisbətdə məzənnəsi çox önəmlidir: «Mərkəzi Bank tərəfindən manatın məzənnəsi orta və uzunmüddətli dövrdə saxlanılarsa və bu, həmçinin iqtisadi artımla təmin olunarsa, növbəti illərdə adambaşına düşən ÜDM-in artacağını görə bilərik. Hazırda Azərbaycanın ÜDM həcminə görə rəqabət apardığı ölkələr Qazaxıstan və Belarusdur. Növbəti dövrlərdə də makroiqtisadi sabitliyin qorunması və iqtisadi artımın bərpası Azərbaycanın MDB-də ilk üçlüyə daxil olmasına imkan yarada bilər. Növbəti illərdə də iqtisadi artım proqnozlaşdırıldığına görə, makroiqtisadi sabitlik fonunda Azərbaycan yenidən adambaşına düşən ÜDM həcmində artımları bərpa edəcək».

İqtisadçı Pərviz Heydərovun fikrincə, son iki ildə ölkəmizdə ÜDM istehsalının azalmasının səbəbi həm neftin dünya bazarında ucuzlaşması, həm də ölkəmizdə neft hasilatının obyektiv səbəblərdən azalması ilə bağlıdır: «Hazırda Azərbaycanda qeyri-neft sektoru yüksəlişdədir və ÜDM-də onun payı getdikcə artır. Ancaq bu, uzunmüddətli prosesdir, konkret nəticələr isə hələ qarşıdadır. Odur ki, ÜDM-in adambaşına düşən həcmində də bugünkü vəziyyət qənaətbəxş sayıla bilməz. Bu yaxınlarda Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı açıqladığı proqnoz maraqla qarşılandı: proqnozda regionun, demək olar, bütün ölkələrində əvvəlki proqnozdan daha yaxşı iqtisadi inkişaf müşahidə edildiyi göstərilib. Bunun başlıca səbəbi isə son aylarda istehsalın və ixracın artmasıdır. İxracın orta həcminin qlobal orta göstəricidən çox olduğu nəzərə alınmaqla, Rusiya ilə Belarusun resessiyadan çıxdığı qeyd edilib».

P.Heydərovun mülahizəsinə görə, ümumiyyətlə, regionun iqtisadi artımı ilə bağlı proqnozun yüksəlməsi işsizliyin azalması, inflyasiyanın normal həddə düşməsi, büdcə kəsirinin azalması ilə əlaqələndirilir: «Dünya Bankının hesabatında qeyd edilib ki, bu ilin ilk yarısında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 1,3% azalıb. Bunun əsas səbəbi isə neft hasilatının azalması göstərilir. Dünya Bankının proqnoz açıqlamasında, ümumiyyətlə, ölkənin bank sektorunda böhranın davam etməsinə baxmayaraq, 1,7% artımın olduğu ayrıca nəzərə çatdırılıb. Burada kənd təsərrüfatı ilə emal sektorunun rolu xüsusi vurğulanıb. Hesabata görə, cari ilin birinci yarısında ixracın artması və idxalın azalması tədiyyə balansında ÜDM-in 4,4%-nə bərabər müsbət saldonun yaranmasına şərait yaradıb. Neft hasilatının kəskin azalmasına baxmayaraq, rəsmi statistikaya əsasən, neft ixracının həcmi 42%, qeyri-neft məhsullarının ixracı isə 11% artıb».

Fəxriyyə İKRAMQIZI