Vergiler.az

Digital Marketinq Mərkəzi yaradılıb

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaradılmış Digital Marketinq Mərkəzinin (DMM) əsas missiyası müasir bazar araşdırması və ixrac sahəsində yaranan yeni imkanları innovativ üsullarla qiymətləndirməkdir. Mərkəzin dəstəyi ilə qeyri-neft ixracını həyata keçirən şirkətlər vaxt və maliyyə xərclərinə qənaət etməklə xarici bazarların operativ, etibarlı və spesifik araşdırmalarını həyata keçirəcək, eləcə də brend və məhsulların təbliğatını aparacaq, potensial müştərilərə informasiya çatdıracaq. Mərkəz Azərbaycanın rəqəmsal marketinq bazarı barədə dövri hesabatlar hazırlayaraq, yerli ixracatçılar üçün digital informasiya bazası formalaşdıracaq.

Təlim mərkəzi kimi də fəaliyyət göstərən DMM xarici ekspertlərin onlayn vebinarlarını, o cümlədən ölkənin tanınmış ekspertlərinin təlim və seminarlarını təşkil edəcək, sosial media vasitəsilə marketinq sahəsində mütəxəssis hazırlığını həyata keçirəcək. Geniş istifadəçi auditoriyasına malik olan «Facebook», «Youtube», «LinkedIn», «Twitter», «Instagram» kimi sosial şəbəkələrin idarə edilməsi və effektiv reklamçılıq fəaliyyətləri öyrədiləcək. Mərkəz UNEC startaplarına rəqəmsal marketinq dəstəyi göstərməklə yanaşı, bu sahə üzrə mütəxəssislərin görüşlərini də təşkil edəcək. «Google AdWords» və «Google AdSense» rəqəmsal marketinq üzrə onlayn sertifikat imtahanları qəbul ediləcək.

Qlobal Rəqəmsal Marketinq Assosasiyası və Rəqəmsal Marketinq İnstitutu ilə əməkdaşlığı nəzərdə tutan DMM ildə bir dəfə araşdırma sahələri üzrə perspektivləri qiymətləndirmək üçün Digital Marketing Forumu təşkil edəcək.