Vergiler.az

«Cənub Qaz Dəhlizi»nin genişləndirilməsi müzakirə edilib

 

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrakın dəvəti ilə qardaş ölkəyə səfər edib. İki ölkə nazirlərinin iştirakı ilə keçirilən görüşdə P.Şahbazov nazir kimi ilk rəsmi səfərini Türkiyəyə etdiyini diqqətə çatdırıb və dəvətə görə B.Albayraka təşəkkürünü bildirib. O, bu görüşü Azərbaycan-Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə verilən dəyərin göstəricisi kimi qiymətləndirib.

Bildirilib ki, Azərbaycanla Türkiyə arasında daha bir qırılmaz bağ olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı, eləcə də iki ölkə arasındakı Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının 6-cı toplantısının ardınca keçirilən bu görüş enerji əməkdaşlığı üzrə yaranan yeni imkanları müzakirə etmək üçün faydalıdır. Tarixi İpək Yolunu yenidən bərpa edərək Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkələrimizin iqtisadi inkişafına, tranzit potensialının genişlənməsinə, türkdilli ölkələrin birliyinə xidmət göstərməklə yanaşı, yeni bir enerji dəhlizi də yaradacaq. Qeyd olunub ki, TANAP üzrə işlərin icra vəziyyəti yüksək səviyyədədir və bu da Azərbaycan qazının nəzərdə tutulduğu vaxtda Türkiyəyə çatdırılması üçün mühüm əhəmiyyət daşıyır.

Görüşdə, həmçinin, «Cənub Qaz Dəhlizi»nin genişləndirmə perspektivləri, Məşvərət Şurası çərçivəsində keçirilən görüşlərin işin gedişatına müsbət təsirləri ətrafında da müzakirələr aparılıb.