Vergiler.az

Azərbaycan Litvanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir

 

Oktyabrın 27-də Litvanın pay­taxtı Vilnüs şəhərində Azər­bay­can Respublikası Hökuməti və Litva Respub­li­kası Hökuməti ara­sında İkitərəfli Əməkdaşlıq üzrə Hö­ku­mət­lərarası Komissi­ya­nın 5-ci iclası keçirilib.

Tədbirdə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, Hökumətlərarası Komissiyanın Litva tərəfdən həmsədri, xarici işlər naziri Linas Linkyaviçyusun başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə, habelə Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas iştirak ediblər.

Litva Respublikasının xarici işlər naziri L.Linkyaviçyus iclas iştirakçılarını salamlayaraq Hökumətlərarası Komissiyanın fəaliyyətini yüksək qiymətləndirib, son iclasdan keçən müddət ərzində görülən işlər barədə məlumat verərək, Komissiyanın fəaliyyətinin Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın genişlənməsində xüsusi rola malik olduğunu qeyd edib və ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Litvanın ən mühüm iqtisadi tərəfdaşıdır. Litva-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün çox böyük potensial var. Xüsusilə yüksək texnologiyalar, neft-kimya, nəqliyyat, yeyinti sənayesi, toxuculuq sənayesi kimi sahələrdə əlaqələri inkişaf etdirmək vacibdir.

L.Linkyaviçyus vurğulayıb ki, Litva Azərbaycan-Avropa İttifaqı münasibətlərinin daha da inkişaf etdirilməsinə öz töhfəsini verə bilər. «Şərq tərəfdaşlığı» proqramının iştirakçısı olan hər bir ölkənin bu proqrama böyük ümid bəslədiyini qeyd edən Komissiyanın həmsədri onu da diqqətə çatdırıb ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu bütün dünyada məlumdur, yeni «Əsrin müqaviləsi»nin imzalanması isə Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb. XİN rəhbəri Litvanın ali məktəblərində iki yüzdən çox azərbaycanlı tələbənin təhsil aldığını xüsusi qeyd edib və gələcək mütəxəssislər kimi onların hər iki ölkənin elçiləri olduğunu bəyan edib.

İkitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov səmimi qəbul üçün Litva tərəfinə dərin təşəkkürünü bildirib və 2010-cu ildən fəaliyyət göstərən Komissiyanın ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə sanballı töhfə verdiyini, siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində bir çox layihələrin reallaşdırılmasına dəstək göstərdiyini bildirib. Komissiyanın həmsədri ölkələrimizin dövlət və hökumət qurumlarının, bələdiyyələrin, işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə çoxsaylı qarşılıqlı səfərləri xatırladaraq, bunlarla yanaşı, Azərbaycan və Litva  arasında əməkdaşlığın inkişafı üçün kifayət qədər böyük potensialın olduğunu vurğulayıb. Qeyd edilib ki, son üç il ölkələrimizin regionları arasında əlaqələrin inkişafı baxımından daha səmərəli olub. 2014-cü ildə «Azərbaycanın Şəmkir və Litvanın Şyaulyay şəhərləri arasında qardaşlaşma münasibətləri yaradılması haqqında» Niyyət Protokolunun imzalanması qarşılıqlı münasibətlərdə yeni mərhələ açıb. Bu baxımdan, Litvada istirahət mərkəzləri və müalicəvi kurortları ilə məşhur olan Druskininkay şəhəri ilə Azərbaycanın məşhur müalicəvi mərkəzləri - Naftalan şəhəri və Naxçıvandakı «Duzdağ» kompleksi arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları xüsusi qeyd edilməlidir.

F.Məmmədov Azərbaycanın iqtisadi imkanları və logistik potensialı barədə məlumat verərək, bu sahədə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini diqqətə çatdırıb. O, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın müstəsna rolunu vurğulayıb, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən neft-qaz layihələri barədə görüş iştirakçılarına ətraflı məlumat verib. İki ölkənin ali məktəbləri arasında əməkdaşlığı, Litva universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayının artmasının perspektivini qeyd edən F.Məmmədov Avropanın ən qədim universitetlərindən olan Vilnüs Pedaqoji Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan auditoriya açılmasının Azərbaycanda böyk məmnunluq hissi yaratdığını bildirib.

Vergilər naziri Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi prosesində, o cümlədən Azərbaycan ilə Aİ arasında hərtərəfli saziş imzalanmasında Litvanın böyük dəstəyini xüsusi qeyd edib. Onu da vurğulayıb ki, bununla bərabər, ikitərəfli əməkdaşlığın miqyası ölkələrimizin iqtisadi potensialına tam cavab vermir və bu potensialın tam səfərbər edilməsi Hökumətlərarası Komissiyanın işinin mühüm istiqamətlərindən biridir.

İclasda hər iki ölkənin hazırkı iqtisadi durumu, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, müqavilə-hüquq bazasının inkişafı, energetika, kənd təsərrüfatı və ekologiya, gənclər və idman, mədəniyyət və turizm, təhsil və elm, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, gömrük, səhiyyə sahələrində, eləcə də Azərbaycan və Litvanın regionları arasında əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün mövcud imkanların səfərbər edilməsi, qarşılıqlı ticarətin həcminin artırılması və diversifikasiyası üçün səy göstərilməsinin vacibliyi, informasiya texnologiyaları, maliyyə, tikinti, enerji, elektronika, nəqliyyat və logistika sektorlarında biznes əlaqələrinin qurulması üçün geniş imkanlar olduğu qeyd edilib.

İclasın sonunda Azərbaycan ilə Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Litva Respublikasının xarici işlər naziri Linas Linkyaviçyus imzalayıblar.

Protokola əsasən, tərəflər əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraqları nəzərə alaraq, bir sıra məsələlər barədə razılığa gəliblər. Bunlara keçiriləcək sərgilər, konfranslar, biznes-forumlar barədə işgüzar dairələr üçün mütəmadi informasiya mübadiləsi, kimya və neft-kimya sənayesi, aqrokimya, əczaçılıq və tibbi avadanlıq üzrə ixtisaslaşmış Litva şirkətlərinin Azərbaycanda yaradılmış sənaye parklarında, o cümlədən Sumqayıt kimya-sənaye parkında investorlar qismində iştirakının təşviq edilməsi daxildir. Tərəflər ticari-iqtisadi əməkdaşlığın tənzimlənməsi, ikitərəfli əməkdaşlığın müqavilə-hüquqi bazasının, energetika, kənd təsərrüfatı və ətraf mühit, nəqliyyat, rabitə və informasiya texnologiyaları, səhiyyə, təhsil və elm, mədəniyyət və turizm, gənclər və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılaşma əldə ediblər.

Azərbaycan tərəfi Litvadan Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən Dağlıq Qarabağ regionunda və ona bitişik rayonlarda istehsal edilmiş məhsulun idxalına, ixracına, satışına və reallaşdırılmasına icazə verməməyi xahiş edib.

İclas zamanı «Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında xidməti pasport sahiblərinin vizadan azad edilməsi haqqında Saziş» imzalanıb. Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Litvanın xarici işlər naziri Linas Linkyaviçyus imzalayıblar.

Bundan başqa, «Azərbaycan Respublikası Vergilər Nazirliyi və Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumu» imzalanıb.

Azərbaycanın vergilər naziri Fazil Məmmədov Litvaya səfəri çərçivəsində bir sıra mühüm görüşlər də keçirib. Litva Seyminin sədri Viktoras Pranskietis ilə görüş zamanı Azərbaycan-Litva parlamentləri arasında əlaqələrin inkişafı müzakirə edilib. F.Məmmədov parlamentlər­arası əlaqələrin inkişafından danışarkən iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı səfərlərinin vacibliyini qeyd edib. Litva Seyminin sədri V.Pranskietis isə Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupunun Seymdə ən böyük qruplardan biri olduğunu xatırladıb və Litvanın Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlı olduğunu, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiriləcəyinə ümid etdiyini vurğulayıb.

Sonra vergilər naziri Fazil Məmmədovun Litva Respublikasının xarici işlər naziri Linas Linkyaviçyus ilə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, hər iki ölkənin dövlət başçılarının məhsuldar əməyi nəticəsində dövlətlərarası münasibətlər artıq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub, qarşılıqlı əlaqələr intensiv şəkildə inkişaf edir, praktiki olaraq bütün sahələrdə ikitərəfli münasibətlər genişlənir. Litva Respublikasının Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi və hərtərəfli əməkdaşlıq Sazişinin imzalanmasına hazırlıq prosesinə mühüm töhfə verdiyi qeyd edilib.

Fazil Məmmədov səfər çərçivəsində, həmçinin,  Şərqi Avropanın qədim ali təhsil ocaqlarından Vilnüs Pedaqoji Universitetində açılmış Nizami Gəncəvi adına Azərbaycan auditoriyasına da baş çəkib, universitetdə oxuyan azərbaycanlı tələbələrlə görüşüb.