Vergiler.az

Əmək münasibətlərinin rəsmiləşdirilməməsi sosial-iqtisadi problemlərə yol azır

 

Bu gün ölkəmizdə özəl sektoru təmsil edən bir çox işə­gö­türən­lər tərəfindən əmək münasibətlərinin rəsmiləşdiril­mə­məsi ciddi iqtisadi və sosial xarakterli problem olaraq qal­maq­dadır. Qeyri-rəsmi məşğulluq əmək resursları, əmək bazarı barəsində aydın məlumatlar əldə etməyə imkan vermir ki, bu da iqtisadi proqnozların hazırlanıb həyata keçirilməsində, əmək resursların­dan səmərəli istifadə edilməsində böyük çətinliklər yaradır.

Bundan əlavə, əmək münasibətlərinin rəsmiləşdirilməməsi sayəsində əməkhaqqı ilə bağlı göstəricilər uçotdan kənarda qalır və nəticədə makroiqtisadi göstəricilərin səviyyəsi olduğundan aşağı görünür. Yəni qeyri-rəsmi məşğulluq gizli iqtisadiyyata aparan birbaşa yola çevrilir.  Əmək münasibətləri rəsmiləşdirilmədikdə yaradılan milli gəlir dəqiq qeydə alınmır və vergidən yayındırılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu gün Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon nəfərdən çoxdur, bunun təxminən 1,5 milyon nəfəri muzdlu işçilərdir. Kənd təsərrüfatı sahəsində isə 2,5 milyon nəfər çalışır. Ancaq bu real vəziyyəti əks etdirmir. Bəzi işəgötürənlər mühasibat uçotu sahəsində olan boşluqlardan faydalanaraq «qara mühasibat»dan geniş istifadə edirlər və nəticədə həm hüquqi şəxs, həm də işçi vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmış olur. Bu gün vergidən, məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınan insanlar bilərəkdən və ya bilməyərəkdən gələcəkdə özlərini normal pensiya almaq hüququndan məhrum edirlər. Bundan əlavə, onlar vergi ödəməkdən yayınaraq qanunvericiliyin tələblərini də kobud şəkildə pozmuş olurlar. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi işçini qanuni yolla məzuniyyətdən istifadə etmək, xəstələndikdə haqqı ödənilən müalicə almaq hüququndan məhrum edir. Bir sözlə, belə işçilər sosial hüquqlarının qorunmasında ciddi problemlərlə üzləşirlər.

Təhlillər göstərir ki, bu tip qanun pozuntuları tikinti sektorunda daha geniş vüsət alıb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin («ASAN xidmət») Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən «Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı» tikinti şirkətlərində səyyar monitorinqlər keçirilib. Dövlət agentliyindən verilən məlumata görə, Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 12 sifarişçi, 9 podratçı, 17 subpodratçı olmaqla, cəmi 38 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 12 səyyar monitorinq aparılıb. Yoxlanılmış 386 işçidən 250-nin müqavilə ilə, 136-nın isə müqaviləsiz işlədiyi aşkar olunub. Ümumilikdə yoxlanılan işçilərin 35 faizində əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə halları aşkar edilib.

Araşdırmalar göstərir ki, bəzi hüquqi şəxslərin  aylıq dövriyyəsi milyon manatlarla ölçülsə də, onların rəsmi qeydiyyatdan keçmiş cəmi bir neçə işçisi var. Hətta elə təşkilatlar var ki, böyük maliyyə dövriyyəsinin mövcud olmasına baxmayaraq, ümumiyyətlə, işçisi yoxdur.

Qanunvericilikdə əmək münasibətlərinin rəsmiləşdirilməməsinə görə kifayət qədər sərt sanksiyalar nəzərdə tutulub. Nəticə etibarilə hüquqi və fiziki şəxslərin buraxdığı qanun pozuntularını onların özləri deyil, hüquq-mühafizə orqanları aradan qaldırmalı olur. «ASAN xidmət» Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən aparılan araşdırmaların nəticəsi də müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Baş Prokurorluğa yönləndirilib.

Yeri gəlmişkən qeyd edək ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manatadək cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Gələcəkdə bu cəzaların daha da sərtləşdirilməsi ilə bağlı hökumətdə ciddi müzakirələr aparılır.  

Rəşad SADIQOV