Vergiler.az

Sahibkarların rəy və təklifləri dinlənilir

 

Ötən həftə Vergilər Nazirliyinin və Azərbaycan Res­pub­li­kası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Kon­fe­de­rasiyasının birgə təşkilatçılığı ilə kiçik və orta sahibkarlarla və ictimai birliklərin nümayəndələri ilə görüş keçirilmişdir.

Konfederasiyanın prezidenti Məmməd Musayev tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, ötən ilin sonunda dövlət başçısının fərmanına uyğun olaraq  hazırlanmış 12 Strateji Yol Xəritəsi sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına mühüm töhfə verməkdədir.

Bu sənəddən irəli gələn vəzifələr çərçivəsində Vergilər Nazirliyi tərəfindən kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə qəbul edilən qərarların səmərəliliyinin və şəffaflığın təmin edilməsi üçün silsilə tədbirlər keçirilir, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi ilə bağlı iş adamlarının qarşılaşdıqları problemlər və təkliflər öyrənilir, onların həlli istiqamətində məqsədyönlü işlər görülür.

Vergilər Nazirliyinin sahibkarlarla keçirdiyi görüşlərin ölkədə kiçik və orta sahibkarlığın inkişafındakı əhəmiyyətini vurğulayan Məmməd Musayev bu görüşlərdə səsləndirilən hər bir təklifə ciddi şəkildə, fərdi yanaşıldığını, Vergi Məcəlləsinə gələcəkdə ediləcək dəyişikliklər zamanı əhəmiyyətli hesab olunan təkliflərin nəzərə alındığını vurğulamışdır.

Görüşdə çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov qeyd etmişdir ki, Azərbaycanda son illərdə qeydə alınan sürətli iqtisadi inkişafda qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Ölkəmiz güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanaraq, bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilmişdir. Qeyri-neft sektorunun inkişafında onun əsas sütunlarından biri kimi sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın fəaliyyətinə hərtərəfli dəstək verilməsi vacibdir.

Qeyd olunmuşdur ki, öz fəaliyyətini daim şəffaf qurmağa çalışan Vergilər Nazirliyi ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq üçün vergi inzibatçılığı və vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində vergi ödəyicilərinin təkliflərini hər zaman dinləməyə hazırdır: «Vergilər Nazirliyi «Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi», «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviy­yəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi» və «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»ndə müvafiq hədəflər üzrə əsas icraçı dövlət qurumlarından biridir. Nazirlik müəyyən edilmiş vəzifələrin icrası prosesində bununla bağlı layihələr hazırlayarkən sahibkarlıq subyektlərinin təkliflərini əsas götürür və onlardan normativ sənədlərin hazırlanmasında istifadə edir».

Büdcə gəlirlərinin formalaşmasında hər bir vergi ödəyicisinin öz rolunun olduğunu bildirən Sahib Ələkbərov qeyd etmişdir ki, şəffaf fəaliyyət göstərən və vergi orqanları ilə partnyorluq edən, gəlir və xərclərinin uçotunu düzgün və vaxtlı-vaxtında aparan, qanunvericiliyin tələblərinə əməl edən vergi ödəyicilərinin fəaliyyətinin təhlili göstərir ki, şəffaflıq daha əlverişli biznes mühitinin formalaşdırılmasının - həm vergi ödəyicilərinin, həm də vergi orqanlarının fəaliyyətinin daha səmərəli olmasının əsas şərtlərindəndir.

 

Sonra vergi ödəyicilərinin təklifləri dinlənilib:

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva: «Ölkədə gəlirlər və xərclərin şəffaflığının təmin edilməsində  «Nağdsız hesablaşmalar haqqında» Qanunun böyük rolu var. Qanunun səmərəliliyini daha da artırmaq üçün assosiasiyaya üzv təşkilatlarla müzakirələr aparmışıq. Əslində, qanun çox gözəl yazılıb, amma hesab edirik ki, qanunun şərhində müəyyən çətinliklər mövcuddur. Təklif edərdik ki, qanunun daha səmərəli tətbiqi üçün müvafiq izahlar verilsin».

«SM Consulting» MMC-nin rəhbəri Emin Səttarov: «Bizim təkliflərimizdən biri budur ki, bank hesablarına dondurulması haqqında sərəncam qoyulan zaman vergi ödəyicisi tərəfindən «İnzibati icraat haqqında» Qanuna əsasən şikayət edilməsinin vaxtı da nəzərə alınsın. Vergi Məcəlləsinin 65-ci maddəsində bank hesabının yalnız məhkəməyə şikayət zamanı dondurulması nəzərdə tutulub. Hesab edirik ki, bank hesabı təkcə məhkəmə qaydasında 30 gün yox, eyni zamanda «İnzibati icraat haqqında» Qanuna əsasən şikayət verilən anda da dondurulsa, vergi ödəyicisi əlavə maliyyə itkilərinə məruz qalmaz. Daha bir təklif isə budur ki, yeni fəaliyyətə başlayan, yerli məhsulların istehsalını həyata keçirəcək müəssisələr ilk 3 il müddətinə əmlak və torpaq vergilərindən azad edilsin. Əgər müəssisə 3 ildən tez ləğv edilərsə, müflisləşmə istisna olmaqla, müəssisə fəaliyyətini dayandırıb başqa şəxs tərəfindən fəaliyyət göstərdiyi halda, vergilər yenidən hesablansın. İxracın stimullaşdırılması məqsədilə bağlı təklif edərdik ki, yerli istehsalçılar tərəfindən istehsal edilən məhsulların ixracı ilə məşğul olan və bu fəaliyyət sahəsi üzrə işçilərinin sayı illik 25-dən çox olan hüquqi şəxslərin divident vergiləri 50 faiz azaldılsın. Bundan başqa, ictimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri üçün mövsümi və ya daimi xarakter daşımayan işçilərə görə sabit məbləğin ödənilməsi ilə bağlı qəbz regionlar üzrə əmsal nəzərə alınmaqla tətbiq olunsun. Sonuncu təklifimiz isə məcburi dövlət sosial sığorta haqqı ilə bağlıdır. Hesab edirik ki, işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqqı hesablanan zaman işçinin aylıq gəlirindən ölkə üzrə yaşayış minimumunun 1 misli qədər məbləğ çıxılsa, daha yaxşı nəticə verər.  Bu təklifin reallaşması ölkə üzrə əməkhaqqı məbləğinin artmasına və qeyri-qanuni şəkildə bağlanmış xidmət müqavilələrinin sayının azalmasına şərait yarada bilər».

«Mətanət-A» şirkətinin baş mühasibi Şakir Amanov: «İqtisadiyyatın ən önəmli məsələlərindən biri nağdsız hesablaşmaların həcminin artırılmasıdır. Çünki iqtisadiyyatın birbaşa inkişafı bu yoldan keçir. Çətin də olsa, kəsə inkişaf yolu budur. Hesab edirəm ki, nağdsız ödənişlərin artırılmasında stimullaşdırma tədbirləri artırılmalıdır. Belə olarsa, qanunun effektivliyi daha da yüksələr. Təklif edərdik ki,  nağdsız hesablaşmaların dövriyyəsinin artırılması üçün nağdsız alış-veriş əməliyyatları zamanı ödənilən pul vəsaitinin müəyyən hissəsi alıcı tərəfə güzəşt kimi tanınsın. Satıcı tərəf isə həmin güzəşt məbləğini ilin sonunda gəlir və xərclərin uçotunda nəzərə alsın. Fikrimcə, bu, effektiv variantdır».

Milli  Mühasiblər Forumunun Təşkilat Komitəsinin üzvü Kəmaləddin Quliyev: «Müasir ödəniş metodlarından biri faktorinq əməliyyatdır. Faktorinq satıcının alıcıdan  borc tələbetmə hüququnun satınalınması üsuludur. Təklif edərdik ki, faktor və layihə podratçısı qeyri-rezident olduqda ödəmə mənbəyindən tutulan vergi üçün vergi tutulan əməliyyatın aparıldığı vaxt Vergi Məcəlləsində dəqiq müəyyən edilsin. Bununla yanaşı, avans ödənişi zamanı Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən ƏDV üçün vergi tutulan əməliyyatın aparıldığı vaxt, yəni faktorinq əməliyyatının baş verdiyi vaxt, yaxud iş və xidməti alan rezident müəssisə tərəfindən müvafiq borc faktora ödənilən vaxt da Vergi Məcəlləsində dəqiq müəyyən edilsin. Faktorinq əmə­liyyatları nağdsız hesablaşma üsulu olduğu üçün Vergi Məcəlləsinin 175-ci maddəsində nəzərə alınsın və beləliklə, ƏDV-nin əvəzləşdirilməsini məhdudlaşdırmasın».

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev: «Vergilər Nazirliyi ilə konfederasiyanın birgə təşkilatçılığı ilə keçirilən bu tədbiri yüksək qiymətləndiririk. Bu, ölkəmizdə həyata keçirilən vergi islahatları ilə bağlı sahibkarların, iş adamlarının öz fikirlərini təqdim etmək üçün gözəl platformadır və ümumilikdə cəmiyyətimizin, dövlətimizin inkişafına xidmət edir. Təklifimiz isə ictimai iştirakçılıqla bağlıdır. «İctimai iştirakçılıq haqqında» Qanuna görə, dövlət qurumlarının tərkibində İctimai şuralar yaradılmalıdır. Hesab edirik ki, bu sektorda fəaliyyət göstərən təşkilatlar, ictimai birliklər, ekspertlər ictimai birliyə cəlb olunarsa, qanunvericiliyə dəyişikliklər edilən zaman onlar da öz təkliflərini irəli sürə bilərlər».

«Professional mühasib» jurnalının baş redaktoru, audit üzrə müstəqil ekspert Mehdi Babayev: «Əvvəlcə vergi ödəyicilərinə təkliflərini səsləndirməyə imkan yaradıldığı üçün təşkilatçılara təşəkkürümü bildirirəm. Təklifimiz isə ondan ibarətdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsində nəzərdə tutulan 30 gün müddəti ləğv edilsin və malların, iş və xidmətlərin  təqdim olunma vaxtı ƏDV tutulan əməliyyatın vaxtı kimi qəbul edilsin. Çünki təcrübələr və təhlillər onu deməyə əsas verir ki, vergi ödəyiciləri vergi tutulan vaxtın müəyyənləşdirilməsində ciddi texniki səhvlərə yol verir, vergi uçotunun aparılmasını çətinləşdirir, həddindən artıq vergi itkisinə məruz qalır və bu məsələyə marağını artıra bilmir. VÖEN təqdim etməyən və vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərlə bağlı bütün yüngülləşdirici müddəalar (məsələn, maddə 73, 150.1.7 və s.) Vergi Məcəlləsindən çıxarılsın və həmin şəxslərlə müqavilə bağlayan vergi ödəyicilərinə sanksiyalar nəzərdə tutulsun. Çünki bu maddələr sahibkarlara vergi orqanında qeydiyyatdan keçməyən şəxslərlə müqavilə bağlamağa imkan verir. Halbuki bu, Mülki Məcəllədəki qanunsuz sahibkarlıqla bağlı müddəalara ziddir. Sahibkar da bilməlidir ki, VÖEN-i olmayan şəxslərlə müqavilə bağlamaq qadağandır. Məcəllənin 220.10-cu maddəsi üzrə nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən vergi ödəyiciləri ilə sadələşdirilmiş münasibətlərə uyğun icbari sosial sığorta sahəsində də münasibətlərin həyata keçirilməsi barədə DSMF-yə tövsiyələr verilsin».  

Sonda qeyd edilmişdir ki, sahibkarlarla görüşlər davamlı olacaq və vergi ödəyiciləri tərəfindən qaldırılan məsələlərin hər biri araşdırılacaq, verilmiş təkliflər ümumiləşdirilərək müvafiq instansiyaya təqdim ediləcəkdir.

Aytən NƏBİYEVA