Vergiler.az

Qeyri-neft sektorunun inkişafı ilə bağlı vəzifələr uğurla icra edilir

 

Azərbaycan Respublikasında həyata keçirilən sistemli iqtisadi islahatlar nəticəsində qeyri-neft sektoru üzrə ixrac davamlı olaraq artmaqdadır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mər­kə­zinin (İİTKM) oktyabr ayı üçün  təqdim edilmiş «İxrac icmalı»nda göstərilir ki, 2017-ci ilin 9 ayı ərzində ölkənin qeyri-neft sektoru üzrə ixrac

1 mlrd. 69 mln. dollar həcmində olub və bu əmə­liy­yat­larda 1582 subyekt iştirak edib. 2016-cı ilin mü­vafiq dövrü ilə müqayisədə 2017-ci ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac 25 faiz həcmdə artmışdır.

Cari ilin 9 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya Federasiyası liderliyini qoruyub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə bu ölkəyə 366 mln. dollar dəyərində ixrac olub. Növbəti yerləri isə Türkiyə (223 mln. dollar), Gürcüstan (99 mln. dollar), İsveçrə (98 mln. dollar) və Türkmənistan (44 mln. dollar) bölüşür.

 İİTKM-nin analitiki Nicat Hacızadənin sözlərinə görə, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinciliyini qoruyub (128,8 mln. dollar). Bu siyahıda ikinci yeri qızıl (81,4 mln. dollar), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (62 mln. dollar) tutub. Ümumiyyətlə isə 9 ay ərzində meyvə-tərəvəz ixracı 307 mln., alüminium və ondan hazırlanan məmulatların ixracı 87 mln., plastmas və ondan hazırlanan məmulatların ixracı 78 mln., qara metal və ondan hazırla­nan məmulatların ixracı 61 mln., kimya sənayesi məhsullarının ixracı 58 mln. dollar təşkil edib. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayı ərzində pambıq lifi ixracı 8,5 dəfə, elektrik enerjisi ixracı 2,8 dəfə, çay ixracı 62%, meyvə-tərəvəz ixracı 41%, spirtli və spirtsiz içkilərin ixracı 28%, kimya sənayesi məhsulları ixracı 25%, alüminium və ondan hazırlanan məmulatların ixracı 22%, bitki və heyvan mənşəli piylərin və yağların ixracı 17%, plastmas və ondan hazırlanan məmulatların ixracı 10% artıb.

 N.Hacızadə bildirib ki, bu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə 395 subyekt tərəfindən 106 mln. dollar dəyərində ixrac əməliyyatları həyata keçirilib: «Sentyabr ayı üzrə ixrac olunan əsas mallar qabığı təmizlənmiş meşə fındığı, qızıl, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, alma, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr, ağ şəkər, soğan, xiyar və kornişonlar, mis filizləri və konsentratları, gavalı və göyəm, doymamış propen (propilen), şaftalı və s. olmuşdur. Sentyabr ayında qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 23,5 mln. dollar təşkil edib. Ötən ayda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya yenidən birinciliyə yüksəlib. Sonrakı yerlərdə isə Türkiyə, İsveçrə, İtaliya, Gürcüstan və digər ölkələr qərarlaşıb».

N.Hacızadə 2017-ci ilin 9 ayı ərzində «Azexport» portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verərək vurğulayıb ki, ilin 9 ayı ərzində dünyanın 60 ölkəsindən 355,8 mln. dollar məbləğində ixrac sifarişləri daxil olub. Portala 2017-ci ilin sentyabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri 47,4 mln. dollar təşkil edib. İxrac sifarişlərinin ilk beşliyində Rusiya (18,2%) ilə yanaşı Türkiyənin (6,7%), Ukraynanın (6,3%), Hindistanın (4,9%) və ABŞ-ın (4,6%) adı var. Sentyabr ayında diqqət çəkən məqamlardan biri Hindistandan daxil olan ixrac sifarişlərinin artmasıdır. Ötən ayda daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olur ki, sentyabr ayında ən çox ixrac sifarişi fındıq ləpəsinə, almaya, xiyara, kartofa, sarımsağa, şəraba və s. mallara daxil olub. Qırğızıstan Respublikasından pambıq yağına daxil olan sifarişin həcmi böyük olduğu üçün yerli şirkətlər onu ancaq pambıq yığımı tam başa çatandan sonra qarşılaya biləcəklərini bildiriblər. Digər sifarişlər də «Azexport»un komandası tərəfindən müvafiq yerli istehsalçılara yönəldilib.

F.İKRAMQIZI