Vergiler.az

Yeni tvinninq layihəsinin təqdimat mərasimi keçirilib

 

Oktyabrın 25-də «Azərbaycan Respublikası Vergilər Na­zir­liyində resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəs­tək» tvinninq layihəsinin təqdimat mərasimi keçirilib. Təd­bir­də Avropa İttifaqının və aidiyyəti ölkələrin səfirləri, Azər­baycan Respublikasının İqtisadiyyat və Vergilər nazir­lik­lərinin, İspaniya Vergi Agentliyinin nümayəndələri, la­yi­hə rəhbərləri, ölkəmizdə həyata keçirilən digər tvinninq layihələrinin rezident tvinninq müşavirləri və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri, benefisiar ölkə üzrə layihə rəhbəri Elçin Məmmədov Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilən bu mühüm layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Avropa İttifaqının yerli nümayəndəliyinə minnətdarlığını bildirib. Qeyd olunub ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir, bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəni öyrənərək tətbiq etməyə çalışır. Vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi yükünün azaldılması, çevik vergi inzibatçılığının tətbiq olunması, vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi  və elektron xidmətlərin genişləndirilməsi kimi məqsədlərə xidmət edir. Əsas istiqamətlər sırasında vergi xidmətlərinin və könüllü vergi ödəmələrinin səviyyəsinin artırılması mühüm yer tutur. Vergi ödəyicilərinə göstərilən xidmətlərin ildən-ilə təkmilləşdirilməsi, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının ən son yeniliklərinin tətbiqi Vergilər Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindəndir.

Bu ilin mart ayından tvinninq yardım aləti vasitəsilə həyata keçirilən «Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək» tvinninq layihəsində İspaniya Krallığının və Fransa Respublikasının vergi administrasiyaları partnyor ölkələr qismində çıxış edirlər. Layihə Azərbaycan ilə Avropa İttifaqı arasında səmərəli əməkdaşlığın real nəticəsi olmaqla yanaşı, vergi ödəyiciləri ilə münasibətlərin qurulmasında və çevik vergi inzibatçılığının həyata keçirilməsində irəliyə doğru növbəti mühüm addımdır. Layihənin icra müddəti 27 ay, büdcəsi 1,3 milyon avrodur.

E.Məmmədov bildirib ki, layihənin həyata keçirilməsində başlıca məqsəd Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə, ümumilikdə əhaliyə göstərilən xidmətlərin səmərəliliyinin artırılması, eləcə də xidmətlərə olan tələbatın müəyyən edilməsi, idarə olunması, davamlı inkişafın həyata keçirilməsi üçün Avropa İttifaqının qabaqcıl təcrübələrinin tətbiq edilməsidir. Vergilər Nazirliyi layihənin icra olunduğu 27 ay ərzində vergi orqanlarında çalışan 600-dən çox əməkdaş Avropanın tətbiq etdiyi yeni xidmət kanalları barədə məlumatlandırılacaq, təlimlərə cəlb olunacaq.

Layihənin icrasından 4 komponent üzrə 5 mütləq nəticənin əldə olunması gözlənilir.

Birinci komponent vergi ödəyicilərinə xidmət prosesləri üzrə davamlı inkişaf proqramının reallaşdırılmasıdır. Proqram çərçivəsində vergi ödəyicilərinə xidmətin təşkilinin optimallaşdırılması məqsədilə metodoloji yanaşmanı, müvafiq alətləri və idarəetmə mexanizmlərini əhatə edən davamlı inkişaf üzrə metodologiyaya və müvafiq mexanizmlərə uyğun pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur. Həmin hədəflərə çatmaq üçün davamlı inkişaf metodologiyası və ödəyicilərə göstərilən xidmətlərin inkişaf konsepsiyası hazırlanaraq həyata keçiriləcək. Bununla yanaşı, biznes təkmilləşdirilməsi üzrə qrupun yaradılması, pilot layihənin həyata keçirilməsi planlaşdırılır. Pilot layihənin tətbiqindən sonra təkmilləşdirmə üzrə tədbirlərin nəticələrini və layihənin icrasına uyğun olaraq əldə edilən təcrübənin qiymətləndirilməsi gerçəkləşəcək.

İkinci komponent xidmətlərə tələbatın müəyyənləşdirilməsi və idarə olunmasıdır. Bu komponent üzrə resursların bölgüsünün optimallaşdırılması, yüksək səviyyədə xidmətlərin göstərilməsi və əməletmə xərclərinin azaldılmasına dair vergi ödəyicilərinin gözləntilərinin təmin edilməsi məqsədilə xidmətlə bağlı tələbatın idarə olunması üzrə çərçivənin yaradılması nəzərdə tutulur. Hesab edilir ki, həmin istiqamət üzrə xidmətlərə olan tələbatın müəyyənləşdirilməsi metodologiyasının və daha az resurslarla vergi ödəyicilərinə xidmət kanalları üzrə keyfiyyətli xidmətlərin göstərilməsi üçün strategiyanın hazırlanması və onun tətbiqi üçün vergi ödəyicilərinə xidmət üzrə Strateji və Operativ komitələr yaradılacaq.

Üçüncü komponent vergi ödəyicilərinə göstərilən xidmətlərin əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsini və təkmilləşdirilməsini nəzərdə tutur. Bu komponent üzrə bütün xidmət kanallarının  (xidmət mərkəzləri, çağrı mərkəzi, internet səhifəsi, mobil vasitələr, sosial media və s.) səmərəliliyinə nəzarət etmək, təhlili aparılmaqla onların fəaliyyəti haqqında hesabat hazırlamaq, eləcə də xidmət kanallarından istifadə səviyyəsini qiymətləndirməyə imkan verən vergi ödəyicilərinə xidmətlər üzrə göstəricilər toplusunun işlənib hazırlanması nəzərdə tutulur. Nəticədə mövcud əsas fəaliyyət göstəricilərinin təhlil edilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin səmərəliliyinə nail olmaq üçün yeni vahid göstəricilərin və onlayn xidmətlərin keyfiyyətinin ölçülməsi üzrə metodologiyanın hazırlanması mümkün olacaq.

Layihənin dördüncü komponenti qabaqcıl metodologiyalara əsaslanaraq bütün xidmət kanalları üzrə səmərəliliyin artırılması üçün məlumatların təhlili mexanizmlərinin yaradılmasından ibarətdir. Həmin istiqamət üzrə xidmətin nəticəsinin vergi ödəyicilərinin könüllü əməletmə səviyyəsinə təsirinə nəzarət etmək məqsədilə mövcud məlumat bazaları və informasiya sistemlərindən istifadə ediləcək məlumatların təhlili üzrə yardımçı mexanizmlər yaradılacaq, texniki tələblər hazırlanacaq.

Beləliklə, bütün komponentlərin icrası vergi ödəyicilərinə göstərilən xidmətlərin ən müasir texnologiyalar və mexanizmlərlə aparılmasına imkan verəcək.

Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas qeyd edib ki, Aİ Azərbaycanla Avropa Qonşuluq Siyasəti çərçivəsində sıx əməkdaşlıq edir, iqtisadiyyatın bir çox sahələri üzrə hüquqi, texniki, iqtisadi, institusional islahatlara dəstək verir, qabaqcıl dünya təcrübəsinin tətbiqinə müxtəlif alətlər çərçivəsində yardım göstərir. Aİ ilə Azərbaycan Respublikası arasında vergi sahəsində qurulmuş səmərəli əməkdaşlıq öz mühüm töhfəsini verib. İndiyədək Aİ və Vergilər Nazirliyi Tvinninq yardım aləti çərçivəsində birgə «Kompüter əsaslı audit sistemi sahəsində Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» və «Vergilər Nazirliyinin insan resurslarının davamlı inkişafının təmin edilməsinə dəstək» layihələrini uğurla icra edib. Hər iki layihə Azərbaycanda vergi inzibatçılığının müasir informasiya texnologiyalarının nailiyyətlərinə əsaslanmaqla təkmilləşməsinə, insan resurslarının inkişafında müasir modellərin tətbiqinə imkan verib. K.Yankauskas əmin olduğunu bildirib ki, vergi sistemində həyata keçirilən yeni layihə Azərbaycan və Aİ arasında əməkdaşlıqda əlavə imkanlar yaradacaq, vergi ödəyicilərinə göstərilən xidmətlərin ən müasir texnoloji səviyyədə həyata keçirilməsinə səbəb olacaq.

 

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Aurelia Bouchez bildirib ki, indiyədək Fransa hökuməti Azərbaycanla birgə bir çox uğurlu layihələr həyata keçirib. Vergilər Nazirliyi ilə əməkdaşlıq isə neçə illərdir davam edir. Hazırkı layihədən əvvəl tərəflər elektron auditlə bağlı çox səmərəli əməkdaşlıq qurub. Yeni layihənin başlanması isə indiyə qədər görülmüş işlərin, həyata keçirilmiş tədbirlərin uğurlu olmasının nəticəsidir. Yeni layihə Azərbaycanın vergi xidməti ilə Fransa vergi administrasiyaları arasında yeni əməkdaşlıq üçün imkanlar açacaq. 

 

İspaniya tərəfdən layihə rəhbəri Joze Muniz qeyd edib ki, həyata keçirilən layihə vergi ödəyiciləri ilə səmərəli əməkdaşlığın qurulmasında və çevik vergi inzibatçılığının həyata keçirilməsində irəliyə doğru növbəti mühüm addımdır. Layihə çərçivəsində İspaniya və Fransanın vergi administrasiyalarının mütəxəssisləri, eləcə də Aİ ekspertləri Vergilər Nazirliyinin əməkdaşları ilə öz ölkələrinin, eləcə də Aİ-yə üzv olan digər ölkələrin mütərəqqi təcrübələrini bölüşürlər. Layihə çərçivəsində artıq bir sıra seminarlar və təlimlər təşkil olunub. Bütün bunlar vergi sistemində xidmətlərin təkmilləşdirilməsinə, xidmət standartlarının qabaqcıl Avropa meyarlarına uyğunlaşdırılmasına, bütün kanallarda xidmətlərin göstərilməsinə və keyfiyyətinin yüksəldilməsinə mühüm təsir göstərəcək.

 

Fransa tərəfdən layihə rəhbəri Paul Katail bəyan edib ki, Azərbaycanın vergi orqanları tərəfindən çağrı və xidmət mərkəzlərinin fəaliyyəti ilə əlaqədar vergi ödəyicilərinə xidmətlərin vahid standartlarının tətbiq edilməsi ilə mühüm nailiyyətlər əldə olunub. Bununla yanaşı, xidmətlərin təkmilləşdirilməsinə, yeni xidmət standartlarının hazırlanması və tətbiqinə, bütün xidmət kanallarında xidmətlərin təminatının keyfiyyətinin artırılmasına ehtiyac var. Bu baxımdan, layihə Azərbaycanın vergi sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülmüş mühüm işlərdəndir. Layihə vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı strategiyasının və fəaliyyət planının işlənib hazırlanmasına öz töhfəsini verəcək.

 

Fransanın Dövlət Maliyyə Baş Direktorluğunun beynəlxalq əməkdaşlıq departamentinin nümayəndəsi Noel Klaudon vurğulayıb ki, Azərbaycanın hazırda Tvinninq və TAIEX alətləri çərçivəsində Aİ ilə ikitərəfli əməkdaşlıq etməsi vergi orqanlarında müasir idarəetmə və elektron alətlərdən istifadənin genişlənməsi, xidmətin təşkili, tədris və təlimin səviyyəsinin artırılması, şəffaflıq və məlumat mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

İspaniya tərəfdən əsas ekspert Enrire Rodriges isə bildirib ki, layihənin icra müddəti ərzində İspaniya və Fransanın vergi administrasiyalarının mütəxəssisləri, eləcə də Aİ-nin ekspertləri qısamüddətli missiyalar çərçivəsində Vergilər Nazirliyinin əməkdaşları ilə birgə çalışacaqlar. Azərbaycanın vergi orqanı həmin ölkələrin  vergi administrasiyalarının ən yaxşı təcrübələrini ətraflı şəkildə öyrənəcək, yenilikləri tətbiq edəcək. Layihəyə əsasən, Vergilər Nazirliyinin və layihədə iştirak edən digər qurumların işçi heyətinin Aİ ölkələrinə təlim səfərlərinin təşkili, treninqlər, seminarlar, tədris, təlim kursları, təcrübə mübadiləsi nəzərdə tutulur.

 

İspaniyanın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili  İqnasio Sançes Taboda və İspaniyanın Vergi Agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru İqnasio del Rio tvinninq layihələrinin əhəmiyyətinə toxunaraq bunun iqtisadi, fiskal, vergi sahələrində qanunvericiliyin və inzibatçılığın təkmiləşdirilməsinə və ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasına səbəb olduğunu vurğulayıblar.

 

İnzibatçılıq və Təhlükəsizlik Siyasəti üzrə Beynəlxalq Fondun (FIIAPP) nümayəndəsi Alexandro Bueno beynəlxalq iqtisadi əlaqələrin inkişafında və rəqəmsal iqtisadiyyatın genişlənməsində logistika xidmətlərinin əhəmiyyətini qeyd edərək, İspaniyanın müəllifi olduğu FIIAPP layihəsinin bu sahədə çoxtərəfli ticarət sistemlərinin formalaşmasına töhfə verdiyini diqqətə çatdırıb.

Elbrus CƏFƏRLİ